Qəsdən sağlamlığa ağır zərər vurmaqda və xuliqanlıqda təqsirləndirilən müğənni İzzət Bağırovun sürücüsü Elçin Cavadzadə, Tural Cahangirov və Rəsul Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Rəsul Ələkbərov və Elçin Cavadzadə barəsində islah işləri təyin edilib.
Digər təqsirləndirilən Tural Cahangirovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.
İttihama görə, hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsi 9 ünvanında yerləşən "Neolit" şadlıq evində baş verib. Paytaxt sakini Novruz Aslanlının restoranda təşkil etdiyi şənlik zamanı qonaqlardan biri ilə müğənni İzzət Bağırov arasında mübahisə yaranıb.
Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Müğənni buna etiraz əlaməti olaraq mərasimi yarımçıq tərk edib. Bu isə mərasimin təşkilatçısının narazılığına səbəb olub.
Novruz Aslanlı və qohumları ilə İzzət Bağırovun sürücüsü, habelə restoranın əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib.
Dava zamanı Novruz Aslanlının başına küt alətlə zərbə endirilib.
Oxu24.com
ŞƏRHLƏR