Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ankara Universitetində Azərbaycanın Türkiyədəki Səfirliyi və Ankara Universtetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Türk dünyası” adlı anım tədbiri təşkil olunub.
OXU24.COM xəbər verir ki, Azərbaycan və Türkiyənin Dövlət himnləri ilə başlayan tədbirdə Ümummilli Liderin həyat yolunu əks etdirən qısa film nümayiş olunub.
Ankara Universitetinin rektoru Nəcdət Ünüvar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər, onun Azərbaycan və bütün Türk dünyası qarşısındakı əvəzsiz xidmətləri barədə danışıblar.
Ulu Öndəri Gülhanə Hərbi Tibb Akademiyasında müalicə etmiş professor Hayati Bilgiç Heydər Əliyevi şəxsən tanımaqdan qürur duyduğunu ifadə edib, Ümummilli Liderin insani və liderlik xüsusiyyətləri barədə fikirlərini bölüşüb.
Mərasimdə habelə digər şəxslər çıxış edərək, Ümummilli Liderin Azərbaycanın dövlət quruculuğundakı misilsiz rolu barədə geniş məlumat veriblər.
Anım tədbiri Ümummilli Liderin xatirəsinə həsr olunmuş musiqi proqramı ilə başa çatıb.
ŞƏRHLƏR