"Mərkəzi Bank uçot dərəcəsinin 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.5%-dən 8.25%-ə endirib və faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlayıb. Qərar sabahdan qüvvəyə minəcək".
Oxu24.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, uçot dərəcəsinin endirilməsi inflyasiya səviyyəsinin azalması və bu meyillərin hədəf diapazonu daxilində formalaşması və təbii ki, makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır.
"2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsini azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında da əlavə 0.5 faizlik azalmaya getmişdi. 2024-cü ildə də eyni yanaşma davam etdirilir. Mərkəzi Bankın uçot dərəcəsini endirməsi gözlənilən idi. Çünki makro-iqtisadi stabillik və istehlak bazarındakı mövcud qiymət səviyyəsi buna zəmin yaradır. Bununla yanaşı, baş bank hələlik faiz dəhlizi ilə bağlı konservativ siyasətini davam etdirir. Bu baxımdan da azalmalar mərhələli həyata keçirilir. Mərkəzi Bankın son açıqlamasında sözügedən qərarın əsas səbəbi də məhz inflyasiya gözləntilərinin stabilləşməsi, profisitli tədiyə balansı və digər pul siyasəti alətləri ilə əlaqələndirilir".
Deputat bildirib ki, faiz dəhlizinin aşağı həddini dəyişdirilməməklə Mərkəzi Bank öz notlarının optimal gəlirliyini qoruyub saxlamağa çalışır:
"Bununla baş bank qiymətli kağızlar bazarındakı mövqeyini gücləndirməyə və sektor iştirakçılarından daha çox vəsait cəlb etməyə çalışır. Öncə də qeyd etdiyimiz kimi, bu ondan xəbər verir ki, Mərkəz Bank öz notlarının son faiz dərəcələri üzrə kəskin azalmalara getməyi hədəfləmir. Mərkəzi Bank uçot dərəcəsini dəyişdirən zaman ən çox verilən sual bu qərarın kredit faizlərinə necə təsir etməsi ilə bağlıdır. Yəni, uçot dərəcəsinin endirilməsi kredit faizlərini də azaldacaqmı? Kreditlərin ucuzlaşa bilməsi mümkünlüyünə gəldikdə isə, hələlik uçot dərəcəsinin bu faizlərə ciddi təsiri yoxdur. Əvvəlki açıqlamamızda qeyd etdiyimiz kimi, bu təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Bununla yanaşı, Mərkəzi Bankın belə qərarlarını gəlirlik əyirisi ilə yanaşı kredit və depozit bazarına da təsir göstərməsi olduqca vacibdir".
V.Bayramov əlavə edib ki, son aylar depozit faizlərində də artımlar müşahidə olunur:
"Artıq sistem əhəmiyyətli banklar illik manat depozitlərini 9.0 faizlə qəbul edirlər. Bir müddət öncə orta hesabla 6.0 faiz təklif olunurdu. Depozit faizlərindəki artımlara Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşməyib. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsi ilə cəlb edə bilib və bu da banklarda əlavə vəsaitlərə tələb yaradıb. Amma bankların daha bahalı borclanmasının kredit faizlərini artıracağı istisna deyil. Bu baxımdan, uçot dərəcəsi daxil olmaqla digər alətlər vasitəsi ilə kredit faizlərində optimallığın qorunması çox vacibdir".
Oxu24.com
ŞƏRHLƏR