Avropol nadir və əntiq əsərlərin kütləvi oğurluğu cinayətinin üstünü açıb.
OXU24.COM xəbər verir ki, Gürcüstanda və bir sıra Avropa ölkələrində doqquz Gürcüstan vətəndaşı bütün Avropa kitabxanalarından təxminən 2,7 milyon dollar dəyərində əntiq kitab oğurladıqlarına görə saxlanılıb.
Oğurlanmış kitablar arasında, məsələn, Varşava Universitetində olan rus klassikləri A.S.Puşkin və N.V.Qoqolun əsərlərinin ilk nəşrləri də var. Oğurlanan nadir əsərlərin bəziləri Sankt-Peterburq və Moskvadakı hərrac evləri vasitəsilə satılıb və nəticə etibarilə, demək olar ki, itirilib. Ümumilikdə, cinayətkar qrupun Almaniya, Çexiya, Estoniya, Finlandiya, Latviya, Litva, Polşa və İsveçrənin milli və tarixi kitabxanalarından ən azı 170 kitabın oğurlanmasında əli olduğu güman edilir.
Dörd şübhəli şəxs aprelin 24-də Gürcüstanda, daha üçü isə Estoniya, Fransa və Litvada həbs olunub. Bundan əlavə, ötən ilin noyabrında Brüsseldə saxlanılan və Fransada məhkəmə nəzarəti altında olan daha iki nəfər saxlanılıb.
Oğurluq, Fransa hakimiyyət orqanları tərəfindən Avropola bir neçə kitabxanadan qiymətli əsərlərin itməsi barədə məlumat verildikdən sonra ortaya çıxıb. Avropolun Gürcüstan hakimiyyəti ilə birgə apardığı istintaqda 100-ə yaxın şəxs iştirak edib.
Cinayətin törədilməsində şübhəli bilinən şəxslərin qiymətli kitabları əldə etmək üçün kitabxanalarda özlərini alim kimi təqdim etdikləri bildirilir. Kitabın əslini ölçən və fotoşəklini çəkən qarətçilər sonra yenidən kitabxanalara qayıdaraq, onun surətini əsli ilə dəyişdiriblər.
Oxu24.com
ŞƏRHLƏR