Gəncə şəhərində ağır cinayətlər törətməkdə ittiham olunan Arzu Tağıyev, Sahib Tağıyev və Brilyant Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 19-na təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Brilyant Tağıyeva qohumları – Arzu və Sahiblə birlikdə cinayət əlaqəsinə girərək, rus əsilli qadını Gəncə şəhərinə gətiriblər. Onlar həmin şəxsi məcburi əməyə cəlb etməklə insan alveri cinayəti törədiblər.
Bundan başqa, Sahib və Arzu həmin qadınla zorla cinsi əlaqədə olublar, ona qarşı seksual xarakterli hərəkətlər ediblər. Bu hal qadına qarşı bir neçə dəfə təkrarlanıb.
Seksual xarakterli hərəkətlərə məruz qalan qadın sonda intihar edib.
Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Məlumat əsasında hər üç şəxsin barəsində cinayət işi açılıb və onlar axtarışa veriliblər.
Bu ilin yanvarın 22-də Gəncənin Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hər üç şəxs həbs edilib.
İstintaq orqanı tərəfindən Arzu Tağıyev, Sahib Tağıyev və Brilyant Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 144-2.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən məcburi əmək törətmək), 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək), 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə ittiham elan edilib.
Arzu Tağıyev və Sahib Tağıyev barəsində əlavə olaraq Cinayət Məcəlləsinin 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə də ittiham verilib.
{banner_reklam1}
Oxu24.com
ŞƏRHLƏR