“Mən də bir–iki kəlmə söz demək istəyirəm. Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Mənim xahişim yoxdur. Mən ancaq danışa bilərəm. Ataların bir sözü var: Görünən dağa nə bələdçi”.
Oxu24.com xəbər verir ki, bu sözləri ötən gün Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı söyləyib:
“Azərbaycanımız çox gözəlləşib, çox böyük inkişaf var. Biz əvvəlki dövrləri də görmüşük, gələn turistləri də görmüşük. Hələ indiyə qədər Azərbaycana bu cür turist axını olmayıb. Hamı nəyə görə gəlir? Ancaq Azərbaycanımızın gözəlliyinə. Neçə prezidentlər görmüşəm. Mən bu sözü dəfələrlə demişəm, yenə də özümü xoşbəxt hesab edirəm ki, bu sözü həmişə təkrar edirəm. Elə prezidentlərimiz, elə başçılarımız olub ki, bizim kəndlərimizi, rayonlarımızı tanımırdılar.
Bizim əziz Prezidentimiz, bizim əzizimiz Mehriban xanım rayonları, kəndləri qarış-qarış gəzirlər. Mən onlara indi rayon deyə bilmərəm, mən onlara şəhər deyərəm. Mən bu qədər ölkə gəzmişəm, inanın, bəlkə də elə bir şəhər görməmişəm. Mən, misal üçün, keçmişdə konsertlər verirdim. Nə qədər konsertlər vermişəm. Ancaq maşınların kuzalarını birləşdirirdilər, üstünə xalçalar döşəyirdilər. Biz onun üstündə stadionlarda yorulmadan konsertlər verirdik. İndi, Maşallah, hər bir rayonda elə böyük mədəniyyət sarayları yaradılıb ki, sanki Heydər Əliyev Mərkəzidir. Gözəl otellər, mərkəzlər tikilib. Vallah, bunu görməmək korluqdur. Ancaq kor adamlar bunları görə bilməz.
Mən Prezidentimizə uzun ömür arzulayıram. Çünki o, Azərbaycanı bu qədər inkişaf etdirib, bu qədər gözəlləşdirib. Hər il mən xaricdə oluram. O qədər gözəl sözlər deyirlər. Fəxr edirəm ki, mənim Azərbaycanım belə inkişafdadır. Mən heç bir xahişdən ötrü gəlməmişəm. Xahiş edirəm, çıxış edənlər də bu gözəlliklərdən danışsınlar. Xahiş lazım olanda onsuz da elə bir adam yoxdur ki, Prezident onunla ayrıca görüşməsin, onu ayrıca eşitməsin. Xahiş edirəm, burada olanlardan, Azərbaycanımızın gözəlliklərindən, inkişafından danışaq.
Mən bunu dəfələrlə demişəm ki, ölməz Heydər müəllimimiz var. İnanın, mən onun yoxluğuna inanmıram. Mən elə bilirəm ki, Heydər müəllim hələ də yaşayır. Siz nə qədər yaşayırsınızsa, Heydər müəllim də həmişə yaşayacaq. Azərbaycan nə qədər varsa, həmişə Heydər müəllim var, Sizinlə birlikdə həmişə yaşayır.
{banner_reklam}
Mehriban xanım, Sizə, mənim əziz Prezidentim, Sizə cansağlığı arzulayıram. Bəlkə də mən natiq deyiləm. Mən 70 ildir səhnədəyəm, indiyədək fonoqramla oxumamışam, səslərini verirlər. Hətta Amerikada qollarımdan tutub deyiblər ki, görəsən, bu, canlı oxuyur, yoxsa fonoqram? Ömrüm nə qədər var, mən canlı oxuyacağam və fonoqram görməyəcəyəm. Yəni, bunu da demək istəyirəm. Danışmağa çox sözüm var. Əlbəttə, muğam olsa, mahnı olsa, mən burada çox oxuyaram, qolumdan tutub çıxarmasanız səhnədən. Ancaq inanın, ürəyimdə Azərbaycanımızın gözəlliyi haqqında o qədər sözlər var ki, yoldaşlardan xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın. Çox xahiş edirəm sizdən. Sağ olun”.
Oxu24.com
ŞƏRHLƏR