Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103397
az

Mövlam Şıxəliyev Nərimanov Məhkəməsinə 3 müraciət göndərdi – SENSASİON TƏFƏRRÜAT

19:2725 Fevral, 2024
644
ÖZƏL BÖLÜM
  • A

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - red.) İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyevin ailə üzvləri – oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyeva və həyat yoldaşı Aybəniz Şıxəliyeva Nərimanov rayon Məhkəməsinə “müvəqqəti təminat tədbiri” qərarının verilməsi üçün müraciət ediblər. Məhkəmə Mövlam Şıxəliyevin ailə üzvlərinin müraciətlərini rədd edib. Hesab edib ki, müraciətlərin qanuni əsası yoxdur.

 

Oxu24.com  xəbər  verir  ki, bu haqda Musavat.com-a Mövlam Şıxəliyevin cinayət işi üzrə 36 zərərçəkəndən biri Hüseyn Səfərov məlumat verib.

O deyib ki, Mövlam Şıxəliyev öz cinayətlərinə ailə üzvlərini də alət edir:

“Mövlam Şıxəliyev cinayət yolu ilə əldə etdiyi əmlakları əlində saxlamaq üçün hər vasitəyə əl atır. Həmin əmlakların bir qismini oğlu Elgünün, qızı Samirənin, arvadı Aybənizin adına rəsmiləşdirib.

Əslində Mövlam Şıxəliyevin ailə üzvləri də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak ediblər. Bu məsələni biz məhkəmə dövründə vəsatətlə qaldırmışdıq. O zaman məhkəmə bu məsələni araşdırdı, əmlakların xüsusi müsadirəyə götürülməsi təmin edildi. Bizə də tövsiyə olundu ki, Mövlam Şıxəliyevin ailə üzvlərinin barəsində Baş Prokurorluğa müraciət edək. Ötən gün baş prokuror Kamran Əliyevə Mövlam Şıxəliyevin ailə üzvlərinin cinayət yolu ilə əldə olunmuş əmlaklarının leqallaşmasında iştirak etdiklərinə görə barələrində cinayət işi başlanması üçün də müraciət etmişik. Digər tərəfdən də Bakı Hərbi Məhkəməsinin hökmü ilə təsdiqlənib ki, Mövlam Şıxəliyevin xüsusi müsadirəyə götürülmüş varidatını o, biz zərərçəkənlərə qarşı vəzifəsindən sui-istifadə etməklə, mütəşəkkil cinayətkar qrup yaratmaqla əldə edib. Buna görə də məhkəmə Mövlam Şıxəliyevin 12 il azadlıqdan məhrum edilməsi hökmü ilə yanaşı, biz zərərçəkənlərin mülki iddialarını da təmin etdi.

Hökm 2021-ci ilin sentyabrında çıxsa da, hələ də mülki iddialar üzrə bizə vurulmuş ziyanın ödənilməsi mümkün olmayıb. Çünki Mövlam Şıxəliyev süni şəkildə məhkəmə proseslərini uzatmaqla məşğuldur. Nərimanov rayon Məhkəməsinə ailə üzvləri adından verdirdiyi “müvəqqəti təminat tədbiri” qərarının verilməsi üçün müraciət də buna hesablanmışdı. Məhkəmə qərarının icrasını süni şəkildə uzatmaq niyyəti daşıyırdı. Sağ olsun, Nərimanov rayon Məhkəməsinin hakimləri, onlar Mövlam Şıxəliyevin qanunsuz müraciətini rədd ediblər. Bundan başqa, Ali Məhkəmədə keçirilən proses 1 ilə yaxındır ki, Mövlam Şıxəliyevin oyunbazlığı üzündən uzanır. Gah Ali Məhkəməyə sifariş göndərir ki, onu İstintaq Təcridxanasına köçürməsinlər, birbaşa 9 saylı Cəzaçəkmə Müəssisəsindən prosesdə iştirakı təmin edilsin. Gah da onunla bərabər məhkum olunan qrup üzvlərinə heç bir qanuni əsası olmayan vəsatətlər verdirir. Başqa bir prosesə isə vəkilini göndərmir və bu minvalla Ali Məhkəmədə 1 dəfə də olsun proses baş tutmayıb.

Mövlam Şıxəliyev hüquqdan sui-istifadə edir. Onun bu oyunbazlığından Məhkəmə-Hüquq Şurasına da müraciət ünvanlamışıq. Şura sədri İnam Kərimovdan xahiş etmişik ki, Mövlam Şıxəliyevin hüquqdan sui-istifadə etməsinin qarşısının alınması üçün müvafiq tədbirlər görülsün. Mövlam Şıxəliyev istintaq rəisi olduğu müddətdə qanundan necə öz manafeyinin təmini üçün istifadə edirdisə, bu gün məhbus olaraq həmin qaydada qanundan sui-istifafə edir”.

Hüseyn Səfərov bildirib ki, Mövlam Şıxəliyevin ailə üzvləri leqallaşma cinayətində iştirak etdikləri üçün barələrində cinayət işi başlanmalıdır.

Qeyd edək ki, ötən il Ali Məhkəmənin cinayət kollegiyasına Mövlam Şıxəliyev və onunla birgə məhkum olunmuş MTN-in İstintaq İdarəsinin şöbə rəisləri – Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərovun barələrindəki Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayətləri daxil olub. Şikayət hakim Nazim Mövsümovun icraatına verilib. Hər 4 şəxs kassasiya şikayətlərində barələrindəki hökmün ləğv olunmasını, onlara bəraət verilməsini, müsadirəyə götürülmüş əmlaklarının geri qaytarılmasını tələb ediblər. Bakı Apellyasiya Məhkəməsinin qərarından prokuror və iş üzrə zərərçəkənlər də narazıdır.

Prokuror Mövlam Şıxəliyevin xüsusi müsadirəyə götürülmüş, yaxınlarının adına olan və aşağı məhkəmə instansiyalarında geri qaytarılan əmlaklarını da tam olaraq müsadirə edilməsi barədə qərar çıxarılmasını tələb edir. Zərərçəkənlər də protestin təmin edilməsi ilə yanaşı kassasiya şikayətlərində yazırlar ki, Mövlam Şıxəliyev və digər 3 məhkuma onlara qarşı törədilən cinayətlərə münasibətdə daha yüngül cəzalar təyin olunub. Onlar məhkəmədən xahiş edirlər ki, Mövlam Şıxəliyev və digər 3 məhkuma daha ağır cəzalar təyin olunması barədə qərar çıxarsın. Ali Məhkəmədə keçirilən ilk iclasa məhkumlardan yalnız Sahib Ələkbərov qatılıb. Mövlam Şıxəliyev məhkəməyə məktubla müraciət edib. O, iclasda iştirakı üçün şərt irəli sürüb. Saxlanıldığı 9 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülmədən, birbaşa Cəzaçəkmə Müəssisəsindən məhkəməyə gətiriləcəyi halda iştirak edə biləcəyini ifadə edib. Hakim şərtin qəbuledilməz olduğunu, belə bir prosedur qayda müəyyən edilmədiyini elan edib.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi 2023-cü ilin aprelində Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar vermişdi. Qərara əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunmuşdu. Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti təqdim edən Mövlam Şıxəliyevlə suç ortaqları bəraət istəyirdilər. Bundan başqa, Mövlam Şıxəliyevin ailə üzvləri də, prokuror da, iş üzrə zərərçəkənlər də apellyasiya instansiyasına şikayətlərini təqdim etmişdilər. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm 21 sentyabr 2022-ci ildə, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Həmin hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınması üçün dövlət başçısına təqdimat göndərilib. 2023-cü ilin aprelində isə Mövlam Şıxəliyev general-mayor, digərləri polkovnik rütbələrindən məhrum edilməklə əsgər rütbəsinə endiriliblər. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər.

İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində çıxarılan hökmlə Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus əmlaklar geri qaytarılıb. Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlaklar arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam da məhz budur. Onlar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasından narazıdırlar. Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərin iddiasını təmin edib. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb