Amerikanın “The Washington Post” qəzeti yazır ki, Kreml Rusiya ordusunun Ukrayna əks-hücumunun qarşısını almaqda əldə etdiyi uğurlardan ruhlanır.
Oxu24.com xəbər verir ki, nəşr qeyd edib ki, həm Vaşinqtonda, həm də Brüsseldə Kiyevin maliyyələşdirilməsi məsələsi ilə bağlı çıxılmaz vəziyyət yarandığından, Ukrayna ordusu cəbhədə heç bir ciddi uğur əldə etmədiyindən Rusiya elitaları özlərini xeyli nikbin hiss etməyə başlayıblar.
Qəzet yazır ki, ABŞ-ın İsrailin Qəzzanı işğalına verdiyi dəstək, Moskvanın fikrincə, Vaşinqtona da dünyanın bir çox yerində ziyan vurub və onun qlobal mövqeyini sarsıdıb.
Moskva rəsmiləri həmçinin hesab edir ki, Rusiyanın dünyadakı qlobal mövqeyi Çinlə ticarətin artması, İranla hərbi əməkdaşlıq, ərəb dünyasında diplomatik təmaslar və BRİKS blokunun genişlənməsi hesabına yaxşılaşır, nəşrin müəllifləri qeyd edir.
Qəzet yazır ki, Rusiyanın iqtisadi və hərbi mövqeyinin Qərbin gözlədiyindən daha sabit olduğuna inam Rusiya lideri Vladimir Putinin martda keçiriləcək prezident seçkiləri ərəfəsində ölkə daxilindəki mövqelərini gücləndirib. Nəşr qeyd edir ki, bu, Ukraynadakı müharibəyə və qarşıdan gələn seçkilərə uzun müddət skeptisizm nümayiş etdirən, həmçinin Qərbin sanksiyalarının nəticələrindən narahat olan Rusiya elitasının bəzi üzvləri arasında xüsusilə nəzərə çarpır.
“Rusiya elitasında müəyyən konsolidasiya var. Gələcəkdə vəziyyətin Rusiyanın xeyrinə dəyişəcəyi gözləntiləri var”, – qəzet ölkənin diplomatik dairələrinə yaxın olan rusiyalı alimin sözlərini sitat gətirir.
Avropa təhlükəsizlik rəsmiləri Rusiyanın bir çox cəhətdən Çinin tərəfdaşı olması ilə razılaşırlar, lakin Çinin özünün Kremli dəstəkləməkdə nə dərəcədə maraqlı olduğunu qiymətləndirə bilmirlər. Avropa rəsmiləri hesab edirlər ki, Rusiya öz qlobal mövqeyindən Qərbin, o cümlədən Yaxın Şərqdəki mövqeyini sarsıtmaq üçün getdikcə daha çox istifadə etməyə başlayır.
Müəllif: Afət
Oxu24.com
ŞƏRHLƏR