Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar Davosda keçirilən iqtisadi foruma səfərini yarımçıq qoyub və İranla münasibətlərin pisləşməsi fonunda vaxtından əvvəl Pakistana qayıdır.
Oxu24.com xəbər verir ki,The News International qəzeti yazır.
Baş nazir yanvarın 22-də vətənə qayıtmalı idi. Raket zərbəsindən xəbər tutandan sonra Kakar yanvarın 17-də Pakistana getmək niyyətində idi, lakin İsveçrəyə kommersiya reysi ilə getdiyi üçün uçuş cədvəlinə görə bunu edə bilməyib.
Yanvarın 18-nə keçən gecə Pakistan İranın cənub-şərqində, Pakistanla sərhəddə yerləşən Seravan bölgəsində “anti-Pakistan qrupları”na zərbələr endirib.
Bu, yanvarın 16-da İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəlucistan əyalətindəki “Ceyş əl-Ədl” terror qruplaşmasının bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə hücuma keçməsinə cavab idi. Bu, İranın Pakistan ərazisinə ilk raket hücumu idi.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib ki, İran ordusu “Pakistan ərazisində iranlı terrorçuları” hədəfə alıb.
Pakistan Xarici İşlər Nazirliyi İranın ölkə ərazisinə endirdiyi zərbələri kəskin şəkildə pisləyib. Hadisədən sonra Pakistan tərəfi öz səfirini İrandan geri çağırıb.
Bundan əvvəl ABŞ İranı husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar hazırlamaqda ittiham edib.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR