Mədə turşusunun patoloji şəkildə mədədən qida borusuna doğru geri qayıtması qastro-ezofageal reflyuks xəstəliyi adlanır. Və bu problemdən yaxa qurtarmaq imkanınız var. Elə insanlar var ki, gəncliyindən başlayaraq qastro-ezofageal reflyuks xəstəliyindən əziyyət çəkir. Çıxış yolu kimi mədə turşusunu azaldan, turşunun fəaliyyətini durğunlaşdıran dərmanlar qəbul edirlər. Amma bu, müalicə deyil…
Qastro-ezofageal reflyuks xəstəliyi varsa, mədə ilə qida borusu arasındakı sfinkter (qapaqcıq) öz vəzifəsini yerinə yetirə bilmir, nəticədə, mədə turşusu qida borusuna daxil olur. Bəs bunun əsl səbəbi nədir?
Səbəb odur ki, mədə turşusu lazımi qədər deyil. Hətta mədə turşusu o qədər azdır ki, mədə ilə qida borusu arasındakı sfinkterin tamamilə qapanması üçün gərəkli mexanizmi hərəkətə keçirə bilmir. Açıq qapıdan keçən mədə şirəsi qida borusunda yuxarıya doğru yüksəlir. Bu vəziyyət tibbdə hipoxlorhidriya adlanır. Yəni mədə şirəsində xlorid turşusu çatışmazlığı var.
Xlorhidrat adlandırılan başqa bir vəziyyət isə mədədə, ümumiyyətlə, turşuluğun azalmasıdır. Əksər hallarda, yaşla əlaqəli meydana çıxır. Qastro-ezofageal reflyuks xəstəliyinin yaşlılar arasında geniş yayılmış olması bundan qaynaqlanır. Statistika göstərir ki, yaşı 60-ı keçmiş insanların 30%-i bu problemi yaşamaqdadır. Bəli, ciddi rəqəmlərdir.
Bunun öhdəsindən gəlmək üçün nə etməliyik?
Antiturşu dərmanlar çarə deyil. Bu dərmanların əks təsirləri qorxunc nəticələrə gətirib çıxara bilir. Prosesin tamamilə əksini etməliyik… Əvvəlcə, mədənin pH-ı yoxlanmalıdır. Normal pH 1-3 arasında olmalıdır. Bu, mədədəki turşuluğun yetərli olmasını göstərir. Tutaq ki, Ph ölçüldü və qarşınıza 7 rəqəmi çıxdı. Neytral səviyyədir. Rəqəmlər yüksəlirsə, məsələn; 8,9,10-dursa, demək, mühit qələvidir.
Göstərici 7-dən aşağı düşdükcə turşuluq o qədər artır. Başqa sözlə, 5 pH 6 pH-dan daha çox turşu miqdarını göstərir. 1-3 arasındakı turşuluq dərəcəsi o deməkdir ki, B12 və C vitaminləri, fol turşuları, minerallar mədədə rahatca həzm olunacaq. Bu turşuluq dərəcəsi, həmçinin, ona görə, mütləqdir ki, bu cür turşu mühitdə mikroblar, göbələk sporları, zərərli bakteriyalar ölürlər və onların incə bağırsağa düşərək, orda böyümək riski olmur.
Mədədə xlorid turşusunun ifrazını stimullaşdıran kimyəvi maddənin adı qastrin`dir. Qastrin lazımi miqdardadırsa, sfinkter qapanmalıdır, lazımi miqdarda deyilsə, qapaq yarıaçıq qalır. Bu proses parasimpatik sinir sisteminin nəzarətindədir. Parasimpatik sinir sistemi orqanizmin həzm prosesini və dincəlməyi tənzimləyir. Yəni “savaş, ya da qaç!” deyən simpatik sinir sisteminin əksidir.
Bu da o deməkdir ki, nə qədər stress altındasınızsa, qastro-ezofageal reflyuks xəstəliyinə tutulma riskiniz o qədər çoxdur. Çünki simpatik sinir sistemi aktiv qaldıqca parasimpatik sinir sistemi o qədər ətalətə sürüklənir. “Stress mədənin evini yıxır” sadə cümləsini həmişə ciddiyə alın.
Mədədəki turşuluğun normal olmasının başqa avantajları da vardır. Xlorid turşusundan bəhs edirəm. Bu turşu öd kisəsinin öd suyu ifraz etməsinə də kömək edir. Omega-3 yağ turşularının qidalardan seçilib ayrılması, yağların parçalanması da xlorid turşusunun dəstəyilə baş tutur. Xlorid turşusu mədəaltı vəzi hərəkətə keçirir ki, həzmə kömək edən fermentləri ifraz etsin. Xlorid turşusu çatışmazlığı zamanı problemlər bir-birinin ardınca peyda olur:
-öd suyu əksikliyi yaranır;
-həzm normal getmir;
-qidalar lazımi qədər həzm olunmadığından orqanizm daim ehtiyac çəkir;
-qidalanmayan orqanlar yavaş-yavaş iflasa üz tutur;
-incə bağırsaqda zərərli mikrobların və bakteriyaların miqdarı çoxalır;
-hər yeməkdən sonra köp və qaz yaranır;
-orqanizmdə önəmli dərəcədə sink çatışmazlığı olur;
Xlorid turşusu ilə bağlı bir məsələ də var. Adətən, orqanizmdəki Helicobacter pylori bakteriyası zərər vurmadan yaşaya bilir. Elə ki, xlorid turşusu azalır, Helicobacter pylori bakteriyası aktivləşir və problemlər başlayır.
Mədə turşusunun əmələ gəlməsi üçün orqanizmdə yetərli miqdarda sink, duz, natrium xlorid, kalium lazımdır. Mədə turşusunun yetərli qədər olmamasının kökündə bu elementlərdən hər hansı birinin çatışmazlığı dayanır.
Həkimlərin bir çoxunun bilmədiyi bir məqamsa qastro-ezofageal reflyuks xəstəliyi ilə kalsium arasındakı əlaqədir. Təəccüblü olsa da, bu əlaqə mövcuddur. Bəzən həkimlər insanlara kalsium qəbulunu tövsiyə edirlər. Bol miqdarda alınan kalsium orqanizmdə kalsium artıqlığı yaradır. Nəticədə, qastro-ezofageal reflyuks xəstəliyi riski çoxalır. Çünki kalsium antiturşudur. Problem ondadır ki, kalsium əlavəsi tövsiyə edən həkimlər xəstələrin mədə problemləri olub-olmadığından bixəbərdirlər. Əgər hansısa həkim sizə kalsium qəbul etmək məsləhət görürsə, əvvəlcə, mədə müayinəsindən keçin, sonra kalsiuma pul xərcləyin.
Oxu24.com
ŞƏRHLƏR