Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100199
az

Vətəndaşların DİQQƏTİNƏ: Yanvarın 1-dən qüvvəyə minən qanunlar

13:5301 Yanvar, 2024
451
CƏMİYYƏT
  • A

Azərbaycanda Yeni ilin ilk günündən etibarən qüvvəyə minməsi nəzərdə tutulan qanun layihələrinin və mövcud qanunlara dəyişikliklərin bir çoxu artıq təsdiqlənib.

Sözügedən qanunların bəziləri 2024-cü ilin təsdiqlənən dövlət büdcəsi ilə əlaqədardır.


Belə ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

2023-cü ildə isə bu məbləğ ölkə üzrə 246 manat idi.

2023-cü ildə təsdiqlənən və 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilən yeniliklərdən biri də yaşı 10 ildən çox olan avtomobillərin ölkəyə buraxılmamasıdır. Cari ildə geniş müzakirələrə səbəb olan qərara əsasən, yanvarın 1-dən başlayaraq istehsal ili 2013-cü ilə qədər olan avtomobillərin ölkəyə idxalı qadağandır.

2024-cü ildən nəqliyyat sahəsində tətbiq ediləcək dəyişikliklərdən biri də sərnişindaşıma fəaliyyətinə tələblərin sərtləşdirilməsidir. Belə ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, qanuna taksometr, analoq taxoqraf, rəqəmsal taxoqraf, rəqəmsal taxoqraf kartı, sürücünün taxoqraf kartı, operatorun taxoqraf kartı, emalatxana taxoqraf kartı, nəzarətçi taxoqraf kartı, formulyar, taksi sifarişi operatoru, buraxılış vəsiqəsi, buraxılış kartı kimi yeni anlayışlar əlavə edilib.

Yanvarın 1-dən ölkədaxili sifarişli daşımalara taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aid edilib.

Qanunun tələblərinə riayət etməyən fiziki, vəzifəli və hüquqi şəxslər barəsində İnzibati Xətalar Məcəlləsində məsuliyyət müəyyən edilib. Bütün bunlar 2024-cü ilin ilk günündən artıq qüvvədə olacaq.

İlin ilk günündən Azərbaycanda hərbçilərin pensiya yaşı da dəyişir. Dəyişikliyə əsasən, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi 20 təqvim ilindən 25 təqvim ilinə qaldırılır.

Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq əlavəsi faizi də 50-dən 65-ə qaldırılacaq. Bundan başqa, layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu üç təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.

“Sosial sığorta haqqında” Qanuna da dəyişiklik edilib. Dəyişikliyə əsasən, sığortaolunanın seçim hüququ cari il ərzində yarandıqda məcburi dövlət sosial sığorta haqqının bu maddənin birinci hissəsinə uyğun olaraq hesablanması seçim hüququnun yarandığı gündən etibarən həyata keçirilir. Sığortaolunan seçim hüququnu itirdikdə isə məcburi dövlət sosial sığorta haqqının bu maddənin birinci hissəsinə uyğun olaraq hesablanması seçim hüququnun itirildiyi gündən etibarən dayandırılır.

Yeni hazırlanmış “Dövlət satınalmaları haqqında” Qanun isə 2023-cü ilin iyulun 14-də imzalansa da, yeni ilin ilk günü tətbiq olunacaq. Bu müddət ərzində iki əsas məqama diqqət yetirilib. Birinci məsələ kimi qanunamüvafiq olaraq normativ aktların hazırlanması vacib idi. Burada söhbət 20 ədəd normativ aktın qəbul edilməsindən gedir. İkinci məsələ isə bu müddət ərzində bazarın qanunun tətbiqinə hazırlanması idi. Bu qanunun əsasında BMT-nin və Avropa Birliyinin satınalmalar üzrə prinsipləri durur.

Yeni qanuna əsasən, Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edən yeni qanunda satınalmanın yalnız vahid internet portal (bundan sonra - portal) vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub.

Qanunda, habelə satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və komissiyanın məsuliyyəti, təchizatçıların uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o cümlədən satınalmanın dayandırılması şərtləri göstərilir.

Həmin qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir və qanun qüvvəyə mindiyi gündən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanunu ləğv edilir.

10 ildən çoxdur ki, müzakirə edilən Rəqabət Məcəlləsi də nəhayət Milli Məclis tərəfindən qəbul olunub, ölkə başçısı tərəfindən təsdiqlənib. Yanvarın 1-dən qüvvəyə minəcək məcəllənin bazar iqtisadiyyatına önəmli təsir edəcəyi və qiymətlərin ucuzlaşacağı proqnozlaşdırılır.

“Elektroenergetika haqqında” Qanuna isə yeni maddə əlavə edilib. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qadağandır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəsmi Bakıdan Qərb ölkələri səfirlərinin bəyanatına sərt REAKSİYA
"Qarabağ"ın veteran futbolçusu vəfat etdi
Sərnişinlər "28 May"da qatardan düşürüldü - Metroda nə baş verir? -YENİLƏNDİ

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib