Brüssel görüşündən öncə Ermənistan baş naziri Moskvaya dəvət edilsə də Nikol Paşinyan bu səfəri təxirə salaraq öncə Avropanın paytaxtı variantını daha məqbul hesab etmişdi. Lakin Brüsseldə Azərbaycanla Ermənistan arasında sülh istiqamətində önəmli razılıqlar əldə olunduqdan sonra Rusiya üçün Paşinyanla görüşün əhəmiyyəti birə-beş artdı.
Moskva anladı ki, tez bir zamanda bölgədəki vəziyyəti nəzarətə almaq üçün önəmli həmlələr etməzsə, Qərb qısa zamanda sülh missiyasının öhdəsindən uğurla gələrək Rusiyanı oyundan sıxışdırıb kənarlaşdıra bilər. Odur ki, Paşinyanın ötən gün Kreml rəhbərinin dəvəti ilə Rusiyaya iki günlük rəsmi səfəri regionda gələcək proseslərin axarına necə təsir edəcəyi baxımından istər Azərbaycan, istər Ermənistan və Rusiya, istərsə də Qərb üçün olduqca böyük əhəmiyyət kəsb edirdi.
Düzü, bu səfərin öncəkilərdən fərqli olacağının siqnalları qabaqcadan gəlməkdə idi. Belə ki, Nikol Paşinyan Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşdən bir gün əvvəl İrəvanda Qarabağ separatçılarının lideri Araik Arutyunyanla və separatçıların "Təhlükəsizlik Şurasının sədri" Vitaliy Balasanyanla görüş keçirdi. Amma N.Paşinyan adətən belə səfərlərdən sonra Qarabağ separatçılarının "lideriylə" görüşüb onların mövqeyini nəzərə aldığını söyləyərdi ki, bu dəfə (Bu dəfə Paşinyan səfərdən əvvəl separatçıların lideri ilə görüşüb - red) eyni ssenarinin təkrarlanmaması reallığın sürətlə dəyişdiyinə növbəti işarə idi.
Son zamanlar N.Paşinyanla A.Arutyunyanın Qarabağla bağlı aralarında fikir ayrılığını nəzərə alsaq, əslində erməni baş nazirin nədən belə qərar qəbul etdiyi anlaşılandır. Paşinyan bununla sülh yolunda önəmli addım olan Brüssel görüşünün moderatoru Avropa ittifaqı Şurasının prezidenti Şarl Mişelə mesaj verir ki, "sizin dediyiniz kimi, Qarabağ məsələsi birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək". Çünki Brüssel Paşinyana 6 apreldə "Azərbaycanın ərazi bütövlüyünü tanı, Qarabağla bağlı "status" tələbindən əl çək" mesajını vermişdi.
Bu məqamda ən çox gözlənilən isə Moskvanın da Paşinyana eynisini deyib deməyəcəyi məsələsi idi. Çünki Moskva erməni baş nazirin qarşısına Brüsselin tələbini qoyaraq Azərbaycanla Ermənistan arasında uzunmüddətli davamlı sülhə nail olmaq istəyəcəkdisə, məsələni birmənalı olaraq həll edilmiş hesab etmək olardı.
Lakin səfərdən öncə bir məqam xüsusilə diqqət çəkdi: Şarl Mişelin İrəvana zəngi Aİ-nin Paşinyanın Brüssel razılaşmasına qarşı sadiq qalacağı və Moskvada bu razılaşmanın əleyhinə olacağı ilə bağlı qərar verəcəyinə inamsızlığı idi. Əslində görüşün yekununda gəlinən nəticələr Qərbin bu narahatlığının əsassız olmadığını nümayiş etdirdi.
Aİ-ni narahat etdiyi kimi Rusiya mövcud situasiyada ən vacib istəyi istəyi olan bölgədə əsas vasitəçilik missiyasını saxlamaq məqsədilə Ermənsitana istədiyi şəkildə təzyiq edərək növbəti dəfə Paşinyanı onun diqtəsi ilə barışmaq məcburiyyətində qoydu. Aydındır ki, Ukrayna ilə müharibənin ikinci mərhələsinin hələ yeni başladığını nəzərə alsaq, Qərblə qarşıdurma fonunda Cənubi Qafqazdakı mövqelərini qorumaq məqsədilə Ermənistanı öz orbitində saxlamaq Rusiya üçün olduqca önəmli bir məsələdir. Çünki Moskvanın regiondakı bir çox məsələlərə təzyiq və təsir məsələsində erməni amilindən məhartətlə istifadə etdiyini ən azından geridə qalan 30 il ərzində şahidi olmuşuq.
Elə bu dəfə də Moskva Ermənistanı ayağına bağlamağı bacardı. Bunu Rusiyanın istədiyi müddəaları ikitərəfli sənədə daxil etməsi məsələsindən də aydın sezmək mümkündür. Dünənki görüşdən belə nəticə çıxır ki, Rusiya yenidən Qərbin Bakı ilə İrəvanın münasibətlərini normallaşdırmaq istiqamətindəki addımını arxa plana ataraq iki dövlət arasına girməyə çalışır. Paşinyan-Putin görüşü haqda rəsmi məlumatda 10 noyabr bəyanatının icrası ilə bağlı sadəcə "razılaşmanın ardıcıl həyata keçirilməsinin tərəfdarıyıq" qeydi vurğulanır ki, geridə qalan il yarıma diqqət yetirsək görərik ki, bu da 10 noyabr, 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatlarında göstərilən müddəların icrası prosesi ilə bağlı hər hansı bir əhəmiyyətli irəliləyişlə diqqət çəkmədi. Ermənistan və Rusiya dövlət başçılarının bu görüşündən çıxan növbəti və ən əsas nəticə isə budur ki, Kreml yenidən təşəbbüsü ələ almaq, moderatorluğu əlində cəmləməyə çalışır.
Məsələn, görüşlə bağlı məlumatda "Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşlərinin keçirilməsi" məsələsinin vurğulanması o deməkdir ki, Rusiya Ermənistan-Azərbaycan münasibətinin tənzimlənməsi məsələsinə özünün qütb savaşı nəzərindən yanaşır, sülhün təmin edilməsindən çox hansı yolla maraqlarının təmin edilməsi barədə düşünür.
Vladimir Putinin Nikol Paşinyanla dünənki görüşündə səsləndirdiyi "Qarabağda hələ çox problem var" cümləsi deməyə əsas verir ki, Kreml bölgədəki bütün proseslərdən detallarına qədər xəbərdardır və oradakı proseslər (təxribat, atəşkəsin pozulması - red) bilavasitə Moskvanın istəyi ilə gerçəkləşir. Bu isə öz növbəsində o deməkdir ki, Qarabağ separatçıları keçmişdə Ermənistana bağlı idilərdisə, müharibədən sonra Kremlin nəzarətinə keçiblər və onlar sifarişi məhz şimaldan alırlar.
Dünən səslənən bəyanatlar içərisində ən təzadlısı isə Putinin Paşinyanla Qarabağın təhlükəsizliyi məsələsini müzakirə edəcəyi ilə bağlı işlətdiyi fikirlərdir. Belə anlaşılır ki, Kreml sahibi bu cümləsiylə Qarabağın Ermənistana dəxli olmadığı reallığını qəbul etmək istəmir. Bir şey ki, Rusiya dövlət başçısı Azərbaycana aid Qarabağ mövzusunu Ermənistanın baş naziri ilə müzakirə edirsə, burada hansısa ədalətdən, sülhə töhfədən söhbət gedə bilməz. Kreml bu bəyanatla bir növ Azərbaycana mesaj verir ki, biz istənilən an öz imzamıza, vədimizə naxələf çıxa bilərik. Rusiyanın bu cür bəyanatlarıAzərbaycana təzyiq elementi kimi də başa düşülə bilər, amma istənilən bu, halda Moskvanın niyyətindən, məqsədindən xəbər verir.
Bununla Kreml həm Bakıya, həm İrəvana mesaj vermiş olur ki, "sizin taleyiniz bizim əlimizdədir". Belə görünür ki, Qərblə Rusiyanın siyasi döyüş meydanına çevrilməkdə olan Cənubi Qafqazda gələcək aylarda mübarizə daha da sərt xarakter ala bilər. Bu isə heç şübhəsiz ki, Brüsseldə əldə olunan razılıqları pozmaq məqsədilə Ermənistan-Azərbaycan sərhəddində növbəti təxribatlarla müşahidə edilə bilər. Ancaq İrəvan bir məsələni başa düşməlidir ki, onun üçün çıxış yolu Azərbaycan və Türkiyə ilə yeni münasibətlər qurmaqdan keçir. Əks halda Ermənistan dövlətçiliyi zərbə altında qala bilər. Bunu Azərbaycan Prezidenti Brüssel görüşündən öncə və sonra da açıq şəkildə bildirdi.
Gücü olan söz verər və verilən sözü tutar. Azərbaycanın həm verəcək sözü var, həm də o sözü tutacaq gücü. Necə ki, bunu 44 günlkük müharibə ilə nəyinki Ermənistana, bütün dünyaya nümayiş etdirdi.
Oxu24.com
ŞƏRHLƏR