Oxu24.com modern.az-a istinadən Quba şəhər Valideyn Himayəsindən Məhrum olmuş Uşaqlar üçün tam orta İnternat Məktəbin müəllimi Yaşar Qədirovun yazısını təqdim edir
Aprel döyüşlərindən bir neçə ay keçmişdi. Növbəti sinif təşkilat saatını Aprel döyüşlərinə həsr etmişdim. Aprel şəhidlərindən əfsanəvi kəşfiyyatçı Raquf Orucovu şəxsən tanıdığımdan onun qəhrəmanlıqları, şəxsi keyfiyyətləri haqqında böyük qürur və iftixar hissi ilə xeyli danışdıqdan sonra şagirdlərin ilk sualı belə oldu:
- Müəllim, bəs niyə Raquf Orucov Azərbaycanın Milli Qəhrəmanı deyil?
Heç düşünmədən:
- Raquf Orucov mənim üçün 20 ildir Azərbaycanın Milli Qəhrəmanıdır,-dedim.
1997-ci ilin yayı idi. Batareya komandirinin əmri ilə xidmət etdiyim mövqedən düşüb batareyanın qərargahına gedirdim. Qərargahımız kəşfiyyat bölüyünün qərargahı ilə yanaşı idi. Şəhərciyə yoldan bir neçə cığır qalxırdı. Cığırlardan biri kəşfiyyat bölüyünün ərazisindən keçirdi.
Komandir əlində dəsmal həyətin ortasında dayanmışdı. Bu 3-4 aydan sonra onunla ikinci görüşümüz olacaqdı. İlk tanışlığımız isə 3-4 ay qabaq, aprelin əvvəllərində olmusdu.
Üç aylıq karantin müddətini başa vuraraq taborlara bölünməyimizə bir neçə gün qalmışdı. Tabora xəbər yayıldı ki, öz bölüyünə əsgər seçmək üçün bir zabit gəlib. Adı Raqufdur.
Doğrusu, karantindən sonra hansı taborda xidmət edəcəyimiz hamımızı maraqlandırırdı. Ona görə də gələn zabitin kimliyini və hansı bölüyün komandiri olduğunu müharibə iştirakçısı olan, 1993-1994-cü ildən Murovdağ istiqamətində döyüşən çavuşlarımız Kamal və Aqşindən (Hər ikisinin soyadı Həsənov idi) soruşduq. Çavuşlarımızın söylədiklərindən öyrəndik ki, bu gənc zabit hərbi hissənin ən hörmətli zabitlərindən biri, məşhur kəşfiyyatçı Raquf Orucovdur.
Öz bölüyünə əsgər seçmək üçün gələn bu orta boylu, arıq bədənli, xoş simalı, mavi (bəlkə də yaşıl) gözlü gənc zabit bizi başına yığaraq xeyli söhbətləşmiş, bizə müxtəlif suallar vermiş və nümayiş etdirdiyimiz idman hərəkətlərinə tamaşa etmişdi. Bəzi əsgərlərlə ayrıca söhbətləşmiş, adlarımızı öyrənmişdi. İki-üç gün sonra Raquf bir də gəldikdə mənimlə belə bir dialoqu olmuşdu:
- Yaşar, gəl keçirim səni "razvetkaya". Mən əsgərlərimə yaxşı baxıram. Bir aya kökəldəcəm səni.
Mən doğrudan da çox arıqlamışdım və özümü heç də yaxşı hiss etmirdim. Ona görə də kəşfiyyat bölüyü kimi ciddi və məsuliyyətli bir yerdə xidmətə can atmırdım. Odur ki Raqufa:
- Fikirləşərəm, komandir,-dedim.
Raquf isə:
- Nəyi fikirləşəcəksən? Fikirləşməyə vaxt yoxdur. Siz artıq bölünürsünüz,-demişdi.
O vaxt həm mənə, həm də digər əsgərlərə Raqufun adımızla müraciət etməsi xeyli qəribə gəlmişdi. Çünki 2-3 gün öncə adını soruşduğu 10-15 əsgərin hamısının adını əzbərləmişdi.
Əlində dəsmal həyətin ortasında dayanan komandirə yaxınlaşdım:
- Salam komandir, necəsiniz?
Əlimi sıxaraq düşüncəli baxışlarla üzümə baxdı. Xatırlamağa çalışdı. Köməklik üçün:
- Yaşar...Vüqargillə (Vüqar, Rüfət, Azər- mənim karantin yoldaşlarım, Raqufun sevimli əsgərləri) karantində bir yerdə olmuşuq.
Dərhal hər şeyi xatırladı:
- Sən hələ kökəlməmisən?
Harada xidmət etdiyimi soruşdu.
- Cəbinin əsgəriyəm,- dedim. (Siyəzənli Cəbi - Raqufun ən yaxın dostu, hərbi hissədəki ən hörmətli zabitlərdən biri)
Cəbini soruşdu.
Sonra çoxdan görüşmədiyim karantin yoldaşlarım- Azər, Vüqar və Rüfətlə görüşüb hal-əhval tutduq. Sağollaşıb ayrılanda Raquf zarafatla:
- Yaşar, o vaxt sənə dedim ki, gəl götürüm səni "razvetkaya". Bizi bəyənmədin. İndi bax, Cəbi sənə çörək vermir.
Sonralar tez-tez görüşsək də, özümü onun əsgəri olmaq xoşbəxtliyindən məhrum etdiyim üçün təəssüflənərdim. Ancaq Raquf bizim blindajda hər gün xatırlanardı. Çünki mən Cəbinin əsgəri idim. Cəbi isə Raqufun ən yaxın dostu idi. Raqufun xətrini dünyalar qədər istəyirdi. Raquf haqqında həmişə böyük həvəslə, iftixarla, fəxrlə danışırdı.
Hər dəfə qərargaha çağırılanda və ya yolumuz oralara düşəndə özümü Raqufla görüşmək şərəfindən məhrum etməzdim.
Onu tanıyanların hamısı ona böyük hörmət bəsləyirdi. O, 25 yaşında hərbi hissədəki ən nüfuzlu zabitlərdən biri idi. Raquf bir çox uğurlarına da biz hərbi xidmətdə olarkən imza atıb. Biz onun bir çox uğurlarının və təltiflərinin də şahidiyik. Amma nədənsə Raquf mənim yaddaşımda daha çox səmimiyyəti, yüksək təmkini, gülər üzü, xoş siması, dürüstlüyü və əsgərlərinə olduqca qayğıkeş münasibəti ilə qalıb. O,əsgərlərinə şəxsiyyət kimi yanaşmağı bacaran zabitlərin birincisi idi. Raquf hamının etibarini və inamını qazana bilmişdi. Onu tanıyan əsgərlər problemlərini asanlıqla ona deyə bilirdilər. O, Murova gəldiyindən az sonra hamının doğmasına çevrilə bilmişdi.
Yaxşı yadımdadır, 1998-ci ilin yayı idi. Batareyamız təlimə getməyə hazırlaşırdı. Qərargahda toplanmışdıq. Kifayət qədər uzağa gedəcəkdik. Nə üçünsə bizə pul lazım olmuşdu. Heç tərəddüd etmədən borc üçün Raqufun üstünə getmişdik. Təbii ki, o, bizi əliboş qaytarmamışdı.
Aprel döyüşlərinin növbəti ildönümündə əfsanəvi kəşfiyyatçı, onu tanıyanların qəlbində (Artıq bütün xalqımızın qəlbində) taxt quran, 1997-1999-cu illərdə hərbi xidmətdən tanıdığım Raquf Orucov haqqında bəzi xatirələrimi bölüşməyi özümə borc bildim.
VƏTƏN, TORPAQ "Murov qartalı" Raquf Orucovun amalı idi. O bu amalla yaşadı və bu amal uğrunda da bir gün ŞƏHİD oldu. Onun şəhadətiylə Azərbaycan Ordusu əfsanəvi kəşfiyyiatçısını itirdi. Əsgərləri sevimli komandirlərini, yaxınları ən əziz adamlarını itirdi. Ancaq Azərbaycan hərb tarixi şərəfli bir səhifə qazandı.
VƏTƏN EŞQİ məktəbi Raquf Orucovun adını ustadlar cərgəsinə yazdı. VƏTƏN TORPAĞI qəlbi vətən eşqi ilə, TORPAQ SEVGİSİ ilə döyünən bir vücudu bağrına basdı!
P.S. Əziz komandirim, səni layiq olduğun ən yüksək fəxri ada təqdim etməkdə tərəddüd edənlər haradan bilsinlər ki, sən 25 yaşında adı dillərdə dolaşan bir əfsanə idin. Onlar haradan bilsinlər ki, sən hələ o zaman bizim üçün AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI idin!
Oxu24.com
ŞƏRHLƏR