Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92887
az

Ürəyindən vurulan şəhid polkovnikin doğum günüdür

09:3921 İyul, 2023
1185
ÖZƏL BÖLÜM
  • A

İkinci Dünya Müharibəsinin sonlarına yaxın Soltan adlı döyüşçü böyüdüyü İrəvan elinə qayıdır.

Ancaq döyüşdən evlərinə buraxılan əsgər doğmaları ilə görüşmədən yenidən geriyə - döyüş meydanına dönür. Təbii ki, səbəb hər kəsi maraqlandıra bilər... Odun-alovun içindən sağ qalan igid döyüşçü axı niyə cəbhəyə - səngərə geri döndü?

Onun əmisi oğlu cəbhədən qayıtmamışdı. Buna görə də doğmalarının üzünə baxmağa vicdanı yol vermir və səngərə dönür. Az müddət sonra döyüşdə həlak olur. Elə əmisi oğlu kimi... Soltan Məmmədov da sonuncu döyüş tapşırığını şərəflə yerinə yetirir.

 

Hadisədən illər ötür. İkinci Dünya Müharibəsində həlak olan Soltan Məmmədovun nəticəsi kiçik Soltan dünyaya göz açır. Barəsində “kiçik” sözünü işlətdiyimiz Soltan sözün hər iki mənasında böyük Soltanın nəticəsi kimi böyüyür, sözün hər mənasında böyük Soltan, igid Soltan, qəhrəman Soltan olur. “Ot öz kökü üstə bitər” deyirlər...

Ot kükü üstündə bitər

Qəhrəmanımız da öz soy-kökünün davamçılarından olur. O, 1981-ci ildə Yevlax rayon Səmədabad kəndində ziyalı ailəsində doğulub. 1997-ci ilə qədər doğma kəndlərində orta təhsil aldıqdan sonra ömrünü hərbə bağlamağa qərar verir. 1997-ci ildə Soltan Akif oğlu Məmmədov C.Naxçıvanski adına hərbi liseyə qəbul olur. Liseyi əla qiymətlərlə bitirib 1999-cu ildə Ali Hərbi Məktəbin kursantı olur. 2003-cü ildə leytenant hərbi rütbəsi alaraq Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə taqım komandiri kimi xidmətə başlayır. Məsuliyyətli, savadlı, bacarıqlı zabit üst komandanlığın diqqətini cəlb edir. Bölük komandiri, tabor komandirinin müavini və tabor komandiri təyin edilir. 2013-cü ildə hərb peşəsi Soltanın yolunu Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna salır. 2019-cu ilə qədər orada tabor komandiri vəzifəsində xidmət edir. O, 2019-cu ildə Tərtər rayonuna göndərilir. Burada da tabor komandiri olan polkovnik-leytenant S.Məmmədov qısa zaman ərzində bütün şəxsi heyətin rəğbətini qazanır. Bütün xidmətini ön cəbhədə yerinə yetirən cəsur komandir elə son döyüş tapşırığını da ön xətdə - tarixi zəfər savaşında yerinə yetirir... Babası Soltan Məmmədov kimi şəhid olur...

“Oğlumla fəxr edirəm”

Şəhid komandirin atası Akif Məmmədov uzun müddət kənd məktəbinin direktoru işləyib. Ömür vəfa etməyib, Akif müəllim dünyasını dəyişib. Onun həyat yoldaşı, komandirin anası Sümayyə Məmmədova isə hələ də oğlunun da bir zamanlar təhsil aldığı məktəbdə ibtidai sinif müəllimi işləyir. O, gələcəyin əsl vətənpərvər nəslini tərbiyə edib, onlara “Ana” , “Vətən”, “Azərbaycan” yazmağı öyrədir. Təkcə yazmaq yox, həm də o müqəddəs məhfumları sevməyi körpələrə aşılayır: “Bu Vətəni sevmək hər bir azərbaycanlının birinci və ən müqəddəs borcudur. Mən öncə bunu öz övladıma öyrətdim. Onun haqqında çox danışmaq olar. Uşaqlıqdan nizam-intizamlı, qayğıkeş biri idi. Hərb sahəsini özü seçdi. Daim öz peşəsində yeniliklər axtarır, öz üzərində işləyirdi. Həmişə ön xətdə xidmət edirdi. Vətən müharibəsi başlayanda bildim ki, Soltan harada, hansı vəzifədə olmasından asılı olmayaraq, ən ön xəttə gedəcək. Çünki onun ürəyi daim qisas eşqi ilə yanırdı... Oğlumla fəxr edirəm”.

“Düşmən qışqıra-qışqıra qaçırdı”

Soltan Məmmədov Vətən müharibəsinə Tərtər cəbhəsində qatılıb. Talış və Suqovuşan istiqamətində yerləşən Pişik yalı, Ağ uçuq, Qaranlıq meşə adlanan adlanan yüksəkliklərin azad edilməsində böyük şücaət göstərib. Hətta azad edilən yüksəkliklərə düşmənin 022 saylı xüsusi təyinatlı hərbi hissəsinin bölmələrinin əks-həmləsinin qarşısını alıb. Özü də çox az sayda qüvvə ilə və dəfələrlə...

“Ağ uçuq götürüldükdən sonra yuxarı komandanlıqdan Qaranlıq meşə deyilən əraziyə getməyimiz barədə əmr aldıq. Həmlə taborunun bölmələri, digər zabit yoldaşımız Əfqan və Soltanla ora getdik. Ərazini düşməndən təmizlədikdən sonra mövqelənmə işlərinə başladıq. Çox çətin ərazi idi. Orada həm işıq az idi, həm də meşənin qalın olması müşahidəni zəiflədirdi. Təxminən iyirmi metrdən sonra heç nə görmək olmurdu. Biz əsgərləri səngərlərə yerləşdirdikdən sonra Soltanla Əfqan vurulmuş tankın, mən isə MTLB-nin yanında gizləndim. Və qəflətən ermənilərin xüsusi təyinatlı qüvvələri peyda oldu. Təxminən 15 metr məsafədə döyüş başladı. Həmin döyüş səhnəsini sözlə ifadə etmək mümkün deyildi. Tam şiddətlə 5 dəqiqə davam etdi. Ancaq həmin 5 dəqiqə bir neçə saat kimi gəlirdi. Əl qumbaraları və atıcı silahlarla düşmənə ağır itkilər verdirdik. Onlar döyüş meydanından qışqıra-qışqıra qaçırdı. Soltan döyüşdən həzz alırdı. Hələ düşmənin vahiməli səslə qışqırıb qaçmağı bizə başqa həzz yaşadırdı”, - deyir mayor B.Qafarov (Ad, soyad şərtidir-müəll.)

 

“Ən böyük arzusu general olmaq idi”

Qəhrəman Soltan evli idi, üç övladı var: “Soltan AHM-də oxuyanda tanış olmuşduq. 2004-cü ildə ailə həyatı qurduq. Onun bu yolda keçdiyi bütün çətinliklərin şahidiyəm. Heç vaxt peşəsindən bezmədi, yorulmadı... Hətta qarşılaşdığı çətinliklərin öhdəsindən gəldikcə, daha da güclənirdi... Bütün işi-gücü, dərdi Qarabağ, şəhidlərin qisası idi... Həmişə zəng edəndə uşaqların ən kiçiyi olan Sümayə (Onun 6 yaşı var-müəll.) ilə danışırdı. Uşaqların dərsi ilə ciddi maraqlanırdı. Sümayədən dərslərini necə oxuduğunu soruşanda, o, atasına “E” hərfini öyrənməyəcəyini dedi. Soltan təəccüblə səbəb soruşanda “Ata, “E” hərifi ilə erməni gəlir. Ona görə o hərifi xoşlamıram”, - dedi. Telefonda qəh-qəhə çəkib güldü. Sonuncu dəfə evdən gedəndə döyüşlərin başlamasına iki gün qalmışdı. Gəlib bizimlə görüşüb getdi. Sürücü çoldə gözləyirdi. Gözümün içinə baxıb “Narahat olma, hər şey yaxşı olacaq”,- dedi. Gözlərinin dərinliyində sevinc var idi sanki. O, həmişə düşmən təxribatının qarşısını alanda belə sevinirdi. Sonra yenə mənə tərəf dönüb “Sən güclü qadınsan, hər şeyə hazır ol. Sənə güvənirəm, uşaqlara yaxşı bax”, - deyib getdi. Ən böyük arzusu general olmaq idi. Bir də uşaqlarının xaricdə təhsil alıb layiqli vətəndaş olması... Hər dəfə xaricdə təhsildən söz düşəndə müharibənin olmasını arzu edirdi. Deyirdi ki, mən istəmirəm övladlarım xaricdə məğlub ölkənin vətəndaşı kimi utana-utana gəzsin”,- deyir şəhid zabitin həyat yoldaşı Tünzalə Məmmədova.

Ürəyindən vurulan şəhid

Şəhid polkovnik-leytenant Soltan Məmmədov anası Sümayə Məmmədova, xanımı Tünzalə Məmmədova, qızı 14 yaşlı Ləman, 9 yaşlı oğlu Əli və 6 yaşlı qızı Sümayəsi üçün geridə bir şey buraxdı: Uca və müqəddəs Şəhid adını... Özü isə zirvədə qərar tutub adını tarixə yazdı. O tarixə ki, həmişə zəfər səhifələri oxunanda onun da adı ön sətirlərdə çəkiləcək. Ürəyindən çıxara bilmədiyi doğma Qarabağın azad edilməsi uğrunda ürəyindən aldığı qəlpə yarasından şəhid oldu. Sonuncu döyüşü Suqovuşan istiqamətində yerləşən yüksəklik olub. Həmin yüksəklik azad edildikdən sonra düşmən əks -hücuma cəhd göstərib, bu zaman açıq döyüşə girib. Düşmən tankından atılan mərminin partlaması zamanı ürəyindən aldığı qəlpə yarası onun ölümünə yox, əbədi olaraq doğuluşuna səbəb olub. İndi həmin zirvədə də, onun ətrafındakı zirvələrdə də Azərbaycan bayrağı dalğalanır. İndi Tünzalə xanımın bir arzusu var, oğlu Əlinin atasının yarımçıq qalan arzusunu yerinə yetirməsi. Onun hərbi təhsil alaraq general ali hərbi rütbəsinə yüksəlməsi... Ot kökü üstündə bitəcək...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya hava məkanını niyə bağlamadı? - Qəzanın başvermə səbəbləri arasında KRİTİK DETALLAR...
Qəzaya uğrayan təyyarənin radar görüntüləri yayılıb
Meyiti tapılanda qolunda şpris qalıbmış - ŞOK DETAL

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Ölənlər və yaralı var