Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89477
az

Beş il əvvəlki tarixi nailiyyət - xüsusi təyinatlılar Günnüt yüksəkliyini necə azad edib?

10:4620 May, 2023
552
ÖZƏL BÖLÜM
  • A

"2016-cı il Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, 2018-ci il Günnüt əməliyyatı zamanı azad olunan strateji yüksəklik və ərazilər ordumuzun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi".

Bunu "Report"un Naxçıvana ezam olunan əməkdaşına açıqlamasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti Kamran İbrahimov deyib.


Əməliyyatla bağlı danışan K.İbrahimov bildirib ki, 2018-ci ilin yazında Əlahiddə Ümumqoşun Ordusu tərəfindən xüsusi təyinatlılara Şərur rayonunun Günnüt kəndinin ərazi bütövlüyünün bərpa edilməsi barədə tapşırıq verilib:

"Tapşırıqdan dərhal sonra xüsusi təyinatlı qüvvələr olaraq Günnüt kəndinin ətrafına gəldik və kiçik qruplar şəklində bölündük. Kəndin ərazi relyefi sıx və yüksək dağlıq olduğu üçün konkret tapşırıqlar qoyuldu. Biz qruplar şəklində gecə vaxtı həmin strateji yüksəklikləri ələ keçirdik. Səhər hava işıqlandığından düşmən gördü ki, mühüm strateji postlar artıq Azərbaycan xüsusi təyinatlıları tərəfindən azad edilib".

Onun sözlərinə görə, əməliyyat nəticəsində ümumilikdə 8 önəmli mövqe düşməndən təmizlənib. Bu mövqelərdən 5-i Günnüt kəndinin, 3-ü isə Qızılqaya dağının ərazisinə düşür.

"Ermənilər bundan sonra bizi iriçaplı silahlardan, pulemyotlardan, hətta minaatanlardan atəşə tutdu. Təəssüflər olsun ki, bu zaman xüsusi təyinatlıların mənsubu Adil Tatarov şəhid oldu. Onun şəhid olması bizdə qisas hissini daha da artırdı və düşməni geri çəkilməyə məcbur etdik. Onlar xeyli itki verdi. Günnüt əməliyyatının yeganə şəhidinin şərəfinə azad etdiyimiz postlardan birinə Adil Tatarovun adını verdik", - K.İbrahimov deyib.


Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti Rəşad Məmmədov da Günnüt əməliyyatında iştirak edib. O söyləyib ki, 2018-ci il mayın əvvəllərində Günnüt kəndi istiqamətində qruplar tərkibində yerdəyişmələr olub, bir neçə gün ərazinin kəşfiyyatı aparılıb:

"Mayın 17-dən 18-nə keçən gecə baş leytenant Orxan Hümbətovun qrupu ilə Günnüt kəndinin şimal-qərbindəki 1850 yüksəkliyinə hərəkətə başladıq. Həmin an səs və işıq maskalanmasına ciddi riayət etməli idik. Səhər saat beş radələrində mühəndis işlərini tam bitirdik və fərdi mövqelər hazırladıq. Artıq saat altıda düşmənin aktivliyi tam müşahidə edildi. Saat onda isə ermənilər mənim mövqeləndiyim postu 73 mm-lik SPQ-9 tank əleyhinə qumbaraatanlardan atəşə tutdular. Şəxsi heyət düşmənin atışı altında əlaqə səngərləri və mühəndis işləri görürdü.

Xüsusilə qeyd etmək istəyirəm ki, erməni xüsusi təyinatlılarından ayrılmış snayperlər şəxsi heyətimizi atəş altında saxlayırdılar. Hesab edirəm ki, ən böyük uğurum isə mövqeləndiyim yerdə itki verməməyimiz oldu. Əsgərlərim yorulmaq bilmədən düşmən hücumuna qarşı adekvat cavab tədbirləri görürdülər".

O vurğulayıb ki, Günnüt əməliyyatında topladıqları döyüş təcrübəsini Vətən müharibəsində də tətbiq ediblər.

"Mən Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərin iştirakçısı olmuşam. Noyabrın 25-də Kəlbəcər rayonunun təhvil alınmasında iştirak etmişəm. Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunmuşam", - R.Məmmədov bildirib.


Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti Renat Şıxnəbiyev də uğurlu Günnüt əməliyyatını qürur hissi ilə xatırlayır. O deyib ki, həmin əməliyyat 3 mərhələdən ibarət olub.

R.Şıxnəbiyev qeyd edib ki, əvvəlcə düşmənin Günnütdəki fəaliyyəti ilə bağlı kəşfiyyat aparmalı, mayın 20-dən etibarən isə onların bölmələrinin daxilinə və hakim yüksəkliklərə sızma əməliyyatı həyata keçirməli, daha sonra isə orada tərtiblənməli idilər.

Zabit qeyd edib ki, bütün bu fəaliyyətlər uğurla həyata keçirilib:

"Düşmənin postlara gəlib-getmək yollarını bizim bölmələrimiz tərəfindən aşkar görünməsini təmin etdik. Ən önəmli postlar olan Ağbulaq yüksəkliyi, Qızıl qaya massivindəki Qara qaya yüksəkliyinin ələ keçirməyimiz uğurlu əməliyyatın bariz nümunəsidir. Bu əməliyyatda ən böyük uğurumuz Gorus-Laçın-Xankəndi marşrutuna nəzarəti ələ keçirməyimiz oldu. Təbii ki, bu amil də Vətən müharibəsi zamanı düşmən bölmələrinin hərəkətini optik cihazlarla müşahidə edərək məlumatları əvvəlcədən yuxarı komandanlığa ötürürməyə imkan verdi".

Onun fikrincə, Günnüt əməliyyatını Qarabağ zəfərinə gedən yolun bir mərhələsi də adlandırmaq olar:

“Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm və cənab Prezident İlham Əliyev tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına, eyni zamanda "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişəm".


Xatırladaq ki, 2018-cı il mayın 20-dən 27-dək Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı düşməndən azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində ümumilikdə 11 min hektarlıq ərazi ermənilərdən təmizlənib. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Adil Tatarov şəhid olub. Azad edilən ümumilikdə 11 min hektara yaxın ərazinin 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Həmin ərazilərdə həm taxılçılıq, üzümçülük, həm də maldarlıq, qoyunçuluq və arıçılığın inkişaf etdirilməsi üçün münbit şərait var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH
Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı