Yunanıstan-Ermənistan-Hindistan hərbi-strateji blokunun formalaşması başa çatmaq üzrədir
Yunanıstan və Hindistan Hərbi Hava Qüvvələri Aralıq dənizi üzərində on gün-aprelin 18-dən 28-dək davam edəcək genişmiqyaslı birgə təlimlərə başlayır. Military.com qəzetin yazdığına görə, Hindistan Hərbi Hava Qüvvələrinin Yunanıstanla birgə təlimlərdə iştirakı Yeni Dehli və Afina arasında 2020-ci ildə imzalanmış hərbi əməkdaşlıq haqqında ikitərəfli sazişin nəticəsidir. Bu, Qarabağda gedən 44 günlük müharibə zamanı Türkiyə-Pakistan-Azərbaycan strateji oxunun güclənməsinə “simmetrik” cavab kimi qiymətləndirilir.
Yunanıstan isə Ermənistana hərbi dəstəyini artırır. Hindistan və Ermənistan arasında 2023-cü il üçün təsdiq edilmiş hərbi əməkdaşlıq proqramına Yunanıstanda erməni xüsusi təyinatlılarının təlimi də daxildir. Afina ənənəvi olaraq Rusiyadan sonra Ermənistanın ikinci hərbi tərəfdaşı hesab olunur. 2020-ci ilin payızında Qarabağ müharibəsindən sonra İrəvan və Afina hərbi əməkdaşlığı gücləndirmək üçün yeni saziş imzalayıb. Yunanıstanla yanaşı, Ermənistanla hərbi əməkdaşlığı bu gün İrəvan üçün əsas silah tədarükçüsünə çevrilmiş Hindistan inkişaf etdirir. Müdafiə Nazirliyinə yaxın mənbələrə istinadən verilən məlumata görə, Dığ kəndi yaxınlığında döyüş əməliyyatları zamanı Ermənistan ilk olaraq Hindistanın ATAGS 155 millimetrlik yedəkli haubitsalarından istifadə edib. Xatırladaq ki, Hindistan 2022-ci ildə Ermənistana öz istehsalı olan artilleriya sistemlərini ixrac edib. Müqavilənin məbləği 150 milyon dollar təşkil edib.
Bütün yuxarıda deyilənlər onu deməyə əsas verir ki, Azərbaycan-Türkiyə-Pakistan regional birliyinin fəaliyyətini cilovlamağa yönəlmiş Yunanıstan-Ermənistan-Hindistan hərbi-strateji blokunun formalaşması başa çatmaq üzrədir.
Sabiq maliyyə naziri Fikrət Yusifov hesab edir ki, böyük regionda böyük hərbi-siyasi oyunların olması təbiidir. Onun fikrincə, Azərbaycan-Türkiyə-Pakistan birliyinə qarşı Yunanıstan-Ermənistan-Hindistan blokunun yaranması da bu sıradan olan bir məsələdir: “Qarşımızda belə hərbi-siyasi blokun yaranması Azərbaycan üçün müəyyən problemlər yaratsa da, biz öz kursumuzu davam etdirməli - Türkiyə, Pakistan və İsraillə hərbi-siyasi əməkdaşlığımızı daha yüksək səviyyəyə daşımalıyıq. Ermənistan hansı dövlətlə hərbi-siyasi ittifaq qurursa-qursun, hansı ölkədən hərbi texnika alırsa-alsın, bu bizi qorxutmamalıdır. Əgər diqqət etmisinizsə, Azərbaycan və ya Ermənistan Qərbə tərəf hər hansı bir addım atmaq istəyən kimi ya Azərbaycanla Ermənistan sərhədində, ya da ermənilərin yaşadığı Qarabağ torpaqlarımızda hərbi çatışma baş verir. Hər iki xalq bunun gerçəkdən belə olduğunu dərk etmədikcə, iki dövlət arasında real sülh heç vaxt olmayacaq. Bu gün Azərbaycan-Türkiyə-Pakistan hərbi-siyasi ittifaqına qarşı Ermənistan-Yunanıstan-Hindistan hərbi-siyasi ittifaqının yaranmasını təsadüfi hal kimi dəyərləndirmək olmaz. Bu ittifaqa daxil olan Yunanıstan və Hindistan Rusiyanın ən yaxın müttəfiqləridir və ona dost ölkə kimi tanınırlar. Yəni bu ittifaqın yaranmasında da "rus barmağı"nın izləri görünməkdədir.
Bu gün bizim ən böyük işimiz 5 ilin tamamında rus “sülhməramlılarının” Qarabağ torpaqlarımızdan getməsini təmin edə biləcək mümkün olan və hətta olmayan bütün addımları atmaqdır. Yox, əgər biz bunu edə bilməsək, o halda ruslar 5 ilin tamamlanmasına yaxın ermənilərin kompakt yaşadığı Qarabağ torpaqlarımızda ardıcıl fitnə-fəsadlar törədərək, öz “sülməramlı” missiyalarını yenidən 5 il uzatmağa çalışacaqlar. Əgər onlar buna nail ola bilsələr, bu, növbəti mərhələdə Qarabağın ermənilər yaşayan ərazilərinin Rusiyanın yuridiksiyasına keçməsi üçün rusların əlində tutarlı bir əsas olacaqdır".
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə çox diqqətçəkən ehtimal irəli sürdü: “Dövlətlərin öz milli maraqlarına uyğun koalisiyalar qurması təbiidir və bu baxımdan Azərbaycanın Türkiyə və Pakistanla birgə koalisiyasına qarşı Ermənistanın onların əzəli rəqibləri olan dövlətlərlə bir koalisiyaya daxil olması gözlənilən idi. Sadəcə, II Qarabağ müharibəsinədək Azərbaycanın Pakistan-Hindistan arasındakı münaqişəli məsələ olan Cammu və Kəşmir mövzusunda ehtiyatlı davranışı (Pakistanı küsdürməmək və Hindistanı qəzəbləndirməmək) Hindistanı tərəf seçməkdən yayındırır və Cənubi Qafqaz siyasətində neytral yanaşmasını təmin edirdi. Lakin Pakistanın Ermənistanı rəsmi olaraq dövlət olaraq tanımaması, 44 günlük müharibədə torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyi dəstəyin qarşılığı olaraq Pakistan nümayəndələri də ölkəmizdən Cammu və Kəşmir mövzusunda daha qəti fikir bildirməyi və mövqe ortaya qoymağımızı gözləyirdilər. Nəhayət, 2020-ci ildən sonra Prezident İlham Əliyev ikitərəfli görüşlər və çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində Azərbaycanın bu məsələdə Pakistanın haqlı mövqeyini dəstəklədiyini açıq şəkildə bəyan etməyə başladı ki, bu da birbaşa olaraq Hindistanın mövqeyini qətiləşdirməsinə təsir göstərdi. Burada xüsusilə 2021-ci ildə baş tutan "Üç Qardaş - 2021" Azərbaycan-Türkiyə-Pakistan xüsusi təyinatlı qüvvələrinin birgə beynəlxalq təlimi də mühüm amildir. Odur ki, proses artıq başlayıb. II Qarabağ müharibəsi Azərbaycanın xarici siyasət kursunun dəyişmə anı, dönüm nöqtəsidir. Bundan sonra artıq balanslı siyasət kursunun daha az şahidi olmaqdayıq. Bu, həm də İrana münasibətdə keçərlidir. Yeni tendensiya daha uğurlu koalisiyalarla işbirliyinin uğurlu nəticələr hasil etdiyini göstərir. Lakin Ermənistanın özünə uğur hasil etməsi üçün bənzər siyasi kursa keçid etdiyi amilini də unutmamaq lazımdır. Artıq Ermənistanın siyasi-hərbi ittifaqı da formalaşır. Ermənistanın müdafiə və təhlükəsizlik siyasəti yeni dövrdə tamamilə dəyişib və gələcək perspektivdə Hindistanın rolu gedərək artacaqdır. Azərbaycanın Şərq-Qərb dəhlizi çərçivəsində Çinlə artan əməkdaşlığı fonunda Ermənistan Şimal-Cənub dəhlizinin tərəfləri olan İran və Hindistanla əlaqələri həm də iqtisadi sferada artırmaqla özünün regional rolunu gücləndirməyə çalışacaq.
Odur ki, burada bir-birinə rəqib dövlətlər deyil, bir-birinə rəqib ideyalar, dəyərlər, qlobal əhəmiyyət daşıyan layihələr savaşır. Hindistanın beyin mərkəzlərindən olan Vivekananda Beynəlxalq Fondunun mövzu ilə bağlı məqaləsində Hindistanın Cənubi Qafqazda ən yaxın partnyorunun Ermənistan olduğu və gələcəkdə region ölkələri olan Gürcüstan və Ermənistanla münasibətləri daha da inkişaf etdirəcəyi vurğulanır. Bunun ilkin nəticəsi isə bir neçə gün öncə yaşanan sərhəd toqquşmasında Ermənistan tərəfinin İran və Hindistan silahlarından istifadə etməsi idi. Bu, sınaq sayıla bilər. Azərbaycanın ənənəvi balanslaşdırma siyasətindən yayınması Ermənistanla İran və Hindistanın hərbi əməkdaşlığını gedərək artırmasına yol açır. Artıq iranlı ekspertlər Ermənistanla İran arasında Şuşa Bəyannaməsinə bənzər bir hərbi ittifaqdan danışırlar. Yeni hərbi qiyafəli, yeni silahlarla silahlanmış Ermənistan Azərbaycan üçün gələcəkdə böyük təhlükələr deməkdir. Bunun qarşısını almaq üçün Azərbaycan İran və Hindistanla münasibətlərdəki hazırkı kursa dəyişiklik etməlidir. Digər seçim isə Çinlə iqtisadi-hərbi əməkdaşlığı dərinləşdirmək, yüksək texnologiyalar və elmi potensialını artırmaq və ölkəmizin bloklardakı iştirakını gücləndirməkdir. Görünən o ki, Azərbaycan ikinci seçimə üstünlük verir. Təsadüfi deyil ki, 2022-ci ilin sentyabrında Çinin rəhbərlik etdiyi Şanxay Əməkdaşlıq Təşkilatında ilk dəfə Azərbaycan qonaq qismində iştirak edib. Maraqlıdır ki, gedərək artan qlobal qütbləşmədə Azərbaycan və Türkiyə Çinin blokunda yer alacaq kimi görünür".
Oxu24.com
ŞƏRHLƏR