Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71835
az

Bakıda qorxulu muzeydən REPORTAJ

15:0007 İyul, 2022
272
ÖZƏL BÖLÜM
  • A

Dövlət Sər­həd Xidmətinin (DSX) inzibati binasında 2019-cu ildən “Siyasi repressiya qurbanları mu­zeyi” fəaliyyət göstərir. Muzeyin burada yaradılması 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanlarının fəa­liy­yət göstərməsi ilə əlaqə­dardır.


Oxu24.com  Azvision.az-a  istinadən xəbər verir  ki, Bina­nın zirzəmisində həbs olu­nan­ların saxla­nılma kameraları, istintaq otaq­ları, ölüm hökmü çıxarı­lanların güllələnməsi yer­ləri mövcud olub. Muzeyin yaradılmasında əsas məqsədlərdən biri də repres­siya qurban­larının xatirəsinə ehtiram və yaxın keçmişi­mizin qanlı səhi­fələri haqqın­da gənc nəslin nüma­yən­dələrinin düzgün məlu­matlan­dırılmasıdır.

Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Pre­zi­dentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Milli Arxiv İdarəsinin Döv­lət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizlik Xidmətinin arxi­vində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların ha­zır­ladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxiv­lərindən əldə olunmuş, Qazaxıstan “ALJİR” siyasi repressiya müzeyi tərə­­findən təqdim olunmuşdur. Muzeyin ekspozisiyasının hazırlanma­sına Mədəniyyət Nazirliyi və A.Ba­kı­xanov adına Tarix İnstitutu tərə­fin­dən də köməklik göstərilib.

 

Müzeyin əsas zalında “Danışan sənəd­lər” adlanan lövhədə rep­res­si­yanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edil­miş sənədlərin surətləri veril­ib. Azərbaycanda repressiyanı “qa­nun­laş­dıran” ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 26 may 1920-ci il əmri daha çox diqqəti cəlb edir. Əmrdə əks olunmuş “Hansı evdən güllə atılsa, həmin ev top atəşinə tutula­caq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər” müddəası xal­qımıza qarşı xüsusi amansızlığı açıq-aydın nümayiş etdirir. Diqqəti çəkən daha bir sənəd SSRİ Mərkəzi İcraiyyə Ko­mi­təsinin 1 dekabr 1934-cü il tarixli qərardır. Bu qərara görə terror aktlarına görə cinayət iş­lərinin istintaqı və baxılması on gün­dən artıq olmayan müddətdə başa çatdırılmalı, dindirmələr tərəflərin işti­rakı olmadan aparılmalı idi. Bu işlər üz­rə hökmlərdən kassasiya şikayəti, həmçinin əfv haqqında vəsatət­lərə yol verilmirdi, ölüm cə­zası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilirdi.

 

Əsas zalda yerləşdirilən lövhələrdən biri rerpessiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar – Həbib bəy Səlimov, Firudin bəy Vəzirov, Süleyman bəy Sulkeviç, İb­rahim ağa Usubov və digərləri, həm də sovet Azərbay­canının hərbiçiləri – generallar Cəmşid Naxçıvanski və Qambay Vəzirov, pol­kovniklər Qalib Vəkilov, Məmməd Veysov, Seyfulla Mehtiyev və baş­­qaları haqqın­da məlumat və fotoşəkillər verilib.

 

Növbəti lövhə 1920-ci ilin yanvarında təhsil almağa və təhsillərini davam etdirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avro­paya göndərilən gənclərin təhsillərini başa vurub Vətənə qayıdandan sonra məruz qaldıqları repressiyalara həsr edilib. Belə ki, Vətənə dön­müş 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib və ya sürgün edil­ib.

Siyasi repressiya qurbanı olan qadınlara həsr olunmuş lövhədə güllə­lənmiş beş qadın – Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova, həmçinin güllələnmiş “xalq düşmənlərinin” islah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşları haqqında məlumatlar verilib. Lövhədə qadınların həbsi və cəzası ilə bağlı sənədlərin surətləri yerləşdirilib. Tanınmış şair Əh­­məd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd azyaşlı uşaq olmasına baxmayaraq, sürgün edil­­məsi haqqında sə­nədin surəti də lövhədə yer alıb. Qadınların repressiyasına həsr olunmuş daha bir lövhədə Vətən Xainləri Qadınlarının Akmola Düşər­­gə­sində (АЛЖИР – Ак­мо­линский Лагерь Жен Изменников Родины) cəza çəkmiş 44 azər­baycanlı qa­dın haqqında məlumat verilib.

 

Növ­bəti löv­hədə Azər­bay­can ziyalıların məruz qaldıqları repressiyalar­dan bəhs edi­lir. Bu­­rada şair Mikayıl Müşviq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mir­zə Şərifzadə və digərlənin güllələnməsi barədə akt­ların və arayışların surətləri nü­mayiş olunur.

1920-ci ildən başlayan siyasi repressiyaların ilk qurbanları Azər­bay­can Xalq Cümhuriyyətinin tanınmış simaları - parlament və höku­mət üzvləri olmuşlar. Bir çox musavatçaların və ittihadçıların güllələnməsi və sürgün edilməsi barədə sənədlərin surətləri bolşeviklərin öz siyasi rəqib­lərinə nə qədər amansız olduğundan xəbər verir. Həmin illərdə Azər­bay­ca­nın qabaqcıl ziyalılarının məruz qaldıqları siyasi repressiyaların təşki­lində Azərbaycanın repressiv orqanlarında o dövrdə məsul vəzifələr tutmuş milliyyətcə erməni olan şəxslərin böyük rolunun olması da qeyd olunub.

 

Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla davranması ba­rədə ziyarətçilərdə təsəvvür yaratmaq məqsədi ilə muzeydə saxlama kameraları, karserlər, dindirilmə otağı, güllələnmə otağı tarixi rekon­st­ruk­siya üsulu ilə bərpa edilib.

 

Muzeyin dəhlizlərində qanunsuz həb­sə etirazı, azadlığa can atmanı simvolizə edən kompozisiyalar quraş­dırıl­­ıb. “Repressiya burulğanı”, “Ümid işığında” adlı kompozisi­yalar­da zindan həyatını yaşamış və Vətənindən didərgin edilmiş soydaş­la­rı­mı­zın keçirdikləri iztirab və əziyyətlər əks olunub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Brüsselə arvadını da aparıb - daha kimlər var? - SİYAHI
SON DƏQİQƏ! Azərbaycanda pensiya ilə bağlı bu qərar dəyişdi
Naxçıvanski adına Hərbi Liseydə milyonlarla mənimsəmə aşkar edilibmiş...

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ