Çox təəssüflər olsun ki, hələdə dünyanın bir nömrəli mövzusu böyük iqtisadi və fiziki zərərlərə səbəb olan COVID-19 qalmaqdadır.
Dövlətlərin, tibbi və bioloji mərkəzlərinin diqqəti virusla mübarizəyə yönəlsə də zərərin miqyası Çinin pandemiyaya görə beynəlxalq hüquqi məsuliyyət daşıyacağına və baş vermiş hadisədən zərər çəkmiş ölkələrə kompensasiya verməli olduğuna dair mübahisələr yaranır. Buna görə də pandemiyanın yaranmasında və yayılmasında səbəbkar olanların müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində ittiahamlar irəli sürülür.
Bütün iddiaların məqsədi COVID-19-un yaranmasında və yayılmasında Çinin yoluxucu xəstəliklərə dair beynəlxalq razılaşmalarla üzərinə götürdüyü öhdəliyi pozub-pozmamasının müəyyən edilməsidir.
Mövzu ilə bağlı Oxu24.com saytına açıqlama verən hüquqşünas Yalçın Hacızadə bildirib ki, İddiaçıların istinad etdiyi hüquqi bazalar və ittiahamçı tərəflər müxtəlifdir.
ABŞ-ın Florida, Texas, Nevada və Kaliforniya ştatının bir qrup fiziki və bir hüquqi şəxsləri 1976-cı il tarixli Xarici Dövlətlərin Toxunulmazlığı haqqında Amerika Qanunun 1605-ci maddəsinin “a” bəndinin 2-ci və 5-ci hissələrinə istinad edərək Çin Xalq Respublikasına və onun bir neçə dövlət orqanına (Milli Səhiyyə Komissiyası, Fövqəladə nazirliyi, Mülki İşlər Nazirliyi, Hubei əyalətinin hökuməti və Uhan şəhərinin xalq hökuməti), qlobal pandemiyanın yaranmasına və onun yayılmasına səbəb olduğu iddiası ilə eyni vəziyyətdə olan bütün şəxslərin adından ştat məhkəmələrində birgə iddia qaldırıblar. İddiaçılar hesab edirlər ki, cavabdehlərin hərəkətləri nəticəsində ABŞ və ştat sakinləri işgəncəyə məruz qalıblar ona görə də bu hal həmin qanunun yurudiksiyasına aid edilir.
Ümumiyyətlə iddiaçılar cavabdehləri aşağıdakı hallara görə təqsirli hesab edirlər;
- Çindəki şəxslər və qrumlar COVID-19-un təhlükəli olduğunu və vəba törətməyə qadir olduğunu bilirdilər, qarşısının alınması üçün yavaş-yavaş hərəkət ediblər və başlarını quma basıblar, öz iqtisadi maraqları üçün virusun təhlükələrini örtüblər;
- Təqsirləndirilən şəxslərin davranışları iddiaçılar və həmin şəxslərdə olanlara xəsarət və əvəzolunmaz ziyan vurub və bu cür zədə və zərər yaxın günlərdə və həftələrdə daha da çoxalacaqdır. Təqsirləndirilən şəxslərin davranışları digər xəsarətlər kimi şəxsi xəsarət və ölümlərə də səbəb olub və davam edəcək;
-Təqsirləndirilən şəxslərin davranışı cəmiyyətin gərginliyinə səbəb olmuş, geniş xəsarət və ziyan vurmaqla dünya miqyasında pandemiyanın hücumunu başlatmışdır;
- İddiaçılar cavabdehlərin bu hallara görə müəyyən edilmiş iqtisadi və iqtisadi olmayan zərərə görə qanunla icazə verildiyi tam həcmdə, ən yüksək kompensasiya və digər zərərlərin ödənilməsini; mövcud qanunlarla nəzərdə tutulan bütün zərərlərin əvəzinin ödənilməsini; təqdim edilmiş hər hansı bir məbləğ üzrə məhkəmə qərarı və mühakimədən sonrakı faizlər; bu məhkəmə çəkişmələrində xərclər və o cümlədən, ekspert haqları, sənəd vermə haqları və məqbul vəkil haqları; məhkəmənin ədalətli və lazımlı hesab etdiyi digər hallar üzrə kompensasiya ödəmələrini.
İddiaçıların istinad etdikləri qanunun müddəasına əsasən ABŞ-ın ərazisindən kənarda xarici dövlətin kommersiya fəaliyyəti ilə bağlı olan və ABŞ-da birbaşa təsiri olan hərəkətlər zamanı və xarici dövlətin və ya həmin xarici dövlətin hər hansı vəzifəli şəxsinin və ya işçisinin öz vəzifəsi və ya işi çərçivəsində delikt – zərər əmələ gətirən hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ABŞ-da baş verən sağlamlığa zərər vurma və ya ölüm, əmlaka zərər və ya onun itkisi üçün xarici dövlətdən pul tələb olunan zaman xarici dövlətin ABŞ məhkəmələrində mühakiməsi mümkündür.
ABŞ-ın hüquqşünas və vəkilləri arasında Çinə qarşı olan iddianın prespektivi barəsində ciddi fikir ayrılıqları mövcuddur. İddianın əsaslı olduğunu bildirənlər “Trail Smelter Arbitration” presedentinə istinad edirlər. Xatırladım ki, 1920-ci illərin sonlarında Amerikanın Şimal-Qərbindəki meşələr, tarlalar, əkinlər və çəmənliklər görünməz bir təhlükə ilə üzləşibmiş. Ağaclar, bitkilər quruyur və yanır, ağacların məhv olması nəticəsində taxta istehsalı kifayət qədər azalırdı. Bu hadisənin səbəbi ABŞ dövləti tərəfindən araşdırılanda məlum olur ki, günahkar Kanada sərhədindən kükürdlü tüstü buraxan sink əritmə zavodudur. Zavodun buraxdığı tullantılardan ABŞ ərazisində insanlara, istehsalata və ekosistemə zərər dəyirdi. Kanada dövləti ABŞ-la qarşılıqlı faydalı iqtisadi münasibətlər arzulayaraq, məsuliyyət, zərər və kompensasiya məsələlərini Beynəlxalq Arbitraj tərəfindən həll edilməsinə razı olmuşdur. Bu hala görə Beynəlxaql Arbitiraj təsirə məruz qalan fiziki və hüquqi şəxslərə kompensasiya ödənilməsi barəsində qərar verdi.
Məhkəmə qərarında, arbitraj heyəti transsərhəd zərərlə bağlı iki əsas prinsipə münasibət bildirmişdir. Birincisi, heç bir ölkənin öz ərazisindən başqasının ərazisinə və ya orada olan əmlaka və ya şəxslərə xəsarət yetirmək üçün istifadə etmək və ya istifadəsinə icazə vermək hüququ yoxdur. İkincisi, zərər vuran dövlət müvafiq zərərli fəaliyyəti nəticəsində vurduğu zərəri ödəməlidir. Bu hal beynəlxalq hüquqda “Trail Smelter Arbitration” presedenti kimi geniş istifadə olunur.
İddianın əsassız olduğunu irəli sürən hüquqşünaslar isə 1976-cı il tarixli Xarici Dövlətlərin Toxunulmazlığı haqqında Amerika Qanunun 1605-ci maddəsinin “a” bəndinin 2-ci və 5-ci hissələrinə istinad edilməsinin düzgün təfsir olunmadığını, qanunda nəzərdə tutulmuş “xarici dövlətin kommersiya maraqları” halının indi vəziyyətə şamil oluna bilinməyəcəyini, çünki virusun yayılmasında Çinin hər hansı bir kommersiya marağının ortaya çıxmadığını bildirirlər.
Bununla yanaşı ABŞ konqresində COVID-19-un yaranma və yayılma səbəblərinin araşdırılması ilə bağlı işçi qrupu yaradılmış, virusun dünyaya vurduğu hər cür zərərin kompensasiya edilməsi üçün təqsirkar şəxlərin müəyyən edilib, onlardan kompensasiyanın tutulması üçün tədbirlərin görülməsi planlaşdırılır.
Bu iddialarla Avropa ölkələri də çıxış etməyə başlayıb. Almaniya virusun yayılması nəticəsində hələlik 165 milyard zərər etdiyini və təqsirkarların bu zərərin ödəməsi tələbi ilə çıxış edəcəyini bildirir.
Həmçinin, bir sıra hüquqşünaslar Çinin “Kökünün Kəsilməsi Təhlükəsi Olan Vəhşi Fauna və Yabanı Flora Növlərinin Beynəlxalq Ticarəti Haqqında” Konvensiyadan irəli gələn öhdəliklərini pozduğuna görə beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmasını qeyd edirlər. Belə ki, onların iddiasına görə, virusun başlandığı ərazi hesab olunan Uhan şəhərindəki dəniz məhsullarının satıldığı bazarda zəif tənzimlənmə nəticəsində vəhşi heyvanların qanunsuz satışı da həyata keçirilir və bu, virusun daşıyıcı heyvanlardan insana keçməsinə şərait yaradır. Bu isə Çinin konvensiyadan irəli gələn “təhlükə altında olan heyvanların ticarətini və yeyilməsini dayandırmaq” öhdəliyinin pozulması hesab olunur.
Çinin Beynəlxalq Səhiyyə Qaydaları üzrə xəbərdar etmə öhdəliyini pozduğu üçün məsuliyyətə cəlb edilməsini istəyənlər də var. Amma yoluxucu xəstəliklərin beynəlxalq yayılması ilə əlaqəli müqavilələrin heç birində müqavilə öhdəliklərinin pozulması ilə əlaqəli digər ölkələrə dəymiş ziyana görə kompensasiya ödənilməsini tələb edən qaydalar yoxdur. Həmçinin, bu məsələləri tənzimləyən Beynəlxalq Sağlamlıq Qaydalarının da bu mövzuda məsuliyyət yaradacaq müddəalar da yoxdur. Doğrudur, oxşar münasibətlər kimi beynəlxalq adət hüququnda formalaşmış “beynəlxalq hüquqa zidd əmələ görə dəymiş zərərin tam ödənilməsi” öhdəliyi tətbiq edilə bilir. Lakin bunun üçün Çinin bu işin Beynəlxalq Ədalət Məhkəməsində baxılmasına razılıq verməsi lazımdır. Zərərin miqyası trilyonlarla ölçüldüyü üçün bunada Çinin razılıq verməsi heç də real görünmür. Maraqlı odur ki, belə bir virusun yayılması təhlükəsi uzun illərdi ki, məlum olsada dövlətlər beynəlxalq razılaşmalarda virusun “yayılmasına səbəb olmaya görə” hər hansı bir məsuliyyətinin normalaşdırılmasına cəhd etmirlər. Dövlətlərin belə bir normanın razılaşmalara salınmasında maraqlı olmamaları bəzi ölkələrin bu haldan sui-istifadə edərək digər dövlətlərə qarşı siyasi təsir vasitəsi kimi istifadə edə biləcəyi və belə bir halın istənilən bir dövlətin başına gəlmə təhlükəsidir.
Digər bir iddia Çinin, virus haqqında vaxtında və doğru məlumat verməmə halına görə qlobal təhlükəsizliyə təhdid təşkil edən BMT Nizamnaməsinin (VII fəsil) pozuntusu hesab olunan haldır ki, bununla bağlı da BMT Təhlükəsizlik Şurasına Çinə qarşı tədbirlər həyata keçirilməsi üçün ABŞ tərfindən müraciət olunub və müzakirələr başlanılıb. Çinin BMT Təhlükəsizlik Şurasında veto hüququ olan dövlət olduğu üçün də özünə qarşı hər hansı bir sanksiyanın qəbuluna imkan verəcəyi ağılabatan görünmür. Yəni, Amerikanın bu variantının da prespektivsiz olduğu ortadadır.
Hələlik bütün bu iddialarda Çin başlıca səbəbkar kimi göstərilir və onun beynəlxalq hüquqi məsuliyyəti geniş müzakirə edilir. Həmçinin, Çinə qarşı hər hansı bir kompensasiya qərarının icrası da kifayət qədər ciddi məsələ kimi görünür.
COVID-19-a və onun nəticələrinə görə Çinin məsuliyyətə cəlb olunma iddiası, hüquqi mübahisədən çox ABŞ və Çin arasında gedən geosiyasi rəqabətin təzahürü kimi də görünür. Bu mübahisənin hansı istiqamətə gecəyi və nəticələrinin nə olacağı daha çox siyasi qərarlardan asılı olacaqdır.
Hüquqşünas;
Yalçın Hacızadə
Oxu24.com saytı üçün
ŞƏRHLƏR