Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
111114
az

Moskvada ölən vətən xaini: Hüseynov Bakıda nələr etmişdi?

19:3206 İyun, 2024
237
ÖZƏL BÖLÜM
  • A

Azərbaycanın keçmiş Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri Vaqif Hüseynovun Moskvada dünyasını dəyişməsi ilə bağlı xəbərlərin yayılmasından sonra mediada onunla bağlı müxtəlif iddialar dərc olunub.

Məlumatlarda sabiq DTK sədrinin 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərindəki fəaliyyətlərinin Azərbaycan üçün hansı nəticələrə yol açmasından bəhs olunur.

1961-1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçən, 1971-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirərən Vaqif Hüseynov jurnalist kimi bir sıra mətbu orqanlarda - "Sport", "Molodyoj Azerbaydjana", "Olimpiyskaya Panorama" qəzetlərində, o cümlədən televiziyada fəaliyyət göstərib.

O, keçmiş Moskva meri Yuri Lujkovun, eləcə də akademik Mirəli Qaşqayın kürəkəni idi.

Siyasi fəaliyyətlərinə gəlincə, Vaqif Hüseynov Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı, 1975-1990-cı illərdə Azərbaycan SSR Olimpiya Komitəsinin rəhbəri olub.

Hüseynov kifayət qədər səriştəsizlikdə, qeyri-səmimilikdə, düşüncəsizlikdə, kollegiallıq prinsiplərini pozmaqda və yoldaşlarının məsləhət və tövsiyələrinə qulaq asmaq istəməməkdə ittiham edilərək, 1983-cü ildə Bakı Şəhər Komitəsinin birinci katibi vəzifəsindən azad edilib.

O, 16 avqust 1989-cu ildən 13 sentyabr 1991-ci ilə qədər Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində işləyib. İddialara görə, "Böhran" silahlı qruplaşmasının liderlərindən olub. Təşkilat xüsusən "milli azadlıq hərəkatında rol oynamış Azərbaycan Xalq Cəbhəsindən qaynaqlanan təhlükəsizlik təhdidlərinə qarşı çıxmaq üçün" yaradılmışdı.

1991-ci il avqust qiyamının uğursuzluğundan sonra Azərbaycan Prezidenti Ayaz Mütəllibovun təklifi ilə respublika prokurorluğu DTK və şəxsən Vaqif Hüseynovu ifşa edən faktları açıqlayır. Vaqif Hüseynov öz tabeliyində olan, respublika DTK-nın keçmiş 5-ci idarə rəisi və 3 nömrəli bölməsinin rəis müavini, polkovnik-leytenant Sadıx Əliyevin qanunsuz fəaliyyətində iştirakda günahkar bilinir. Baş verən hadisələr fonunda əsas diqqət dövlət təhlükəsizlik orqanlarının, xüsusən də Vaqif Hüseynovun "Azərbaycan" assosiasiyasının rəhbərliyi ilə əməkdaşlığına yönəldilir. Bu məlumatın dərcindən sonra Prezident Mütəllibovun təzyiqi ilə Hüseynov DTK rəhbəri vəzifəsindən istefa ərizəsi yazmağa məcbur olur.

17 yanvar 1996-cı ildə Vaqif Hüseynov 1990-cı ilin mayında Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, "Azərnəşr" və "Yazıçı" nəşriyyatının direktoru Əjdər Xanbabayevin qətlini təşkil etməkdə, eyni zamanda, vəzifə saxtakarlığında ittiham edilib. Onun şəxsi göstərişi ilə DTK zabitlərindən birinin, milliyyətcə erməni olan arvadının pasportu - onun milliyyəti, adı və atasının adı - dəyişdirilib, azərbaycanlılaşdırılıb. Həmçinin, Vaqif Hüseynov barəsində 1991-ci ildə Azərbaycan televiziyasında partlayışın təşkili ilə bağlı ittihamlar da səsləndirilənlər arasındadır. Respublika Prokurorluğu dəfələrlə Rusiya hakimiyyətindən Vaqif Hüseynovun dərhal vətəninə ekstradisiyasını tələb etsə də, onun Rusiya vətəndaşı olması əsas gətirilərək, bundan imtina edilib.

Jurnalist Fərəməz Novruzoğlu da sosial media hesabında vəfat edən keçmiş DTK rəhbərinin Milli Azadlıq Hərəkatı və ondan sonrakı dövrdə fəaliyyəti ilə bağlı məsələləri gündəmə gətirib, Vaqif Hüseynovun "xalqımız və vətənimiz üçün ən təhlükəli adam" olduğunu bildirib.

"Çox təəssüflər olsun ki, sabiq DTK şefinin ölüm xəbərini bütün saytlar və digər media qurumları sıradan "quru xəbər" kimi yayıblar. Halbuki Milli Azadlıq Hərəkatı dövründən başlayaraq, xalqımız və vətənimiz üçün ən təhlükəli adam bir başqası yox, məhz Vaqif Hüseynov olub. Heç nə demirəm, bir tək faktdan bəhs edəcəm: Vaqif Hüseynovun şəxsən yaratdığı "Böhran" adlı xüsusi təyinatlı dəstə ölkəni əsil böhrana soxmuşdu!

Azərbaycanın son 35 illik tarixində ilk siyasi qətllər təxribatçı generalın "Böhran" qrupunun fəaliyyətinin nəticəsi idi. Vaqif Hüseynovu Əbdürəhman Vəzirov, Ayaz Mütəllibov və digərləri ilə müqayisə etməyin. O, əsl vətən xaini idi!"

Rusiyanın "Moskovskiy Komsomoleç" qəzetinin jurnalisti Mixail Rostovski Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin son sədri Vaqif Hüseynov haqqında sensasion iddia ilə çıxış edərək, bildirib ki, SSRİ-nin 20 Yanvar qırğınından məhz Hüseynovu Azərbaycana rəhbər gətirmək üçün istifadə edilib:

"1990-cı ilin əvvəlində - Azərbaycanla ittifaq mərkəzi arasında münasibətləri həmişəlik dəyişdirəcək sovet qoşunlarının Bakıya yeridilməsindən əvvəl o zamankı respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Vaqif Hüseynov Moskvadan ölkəyə rəhbərlik etmək təklifi alır. Əgər həmin təklifə rədd cavabı verməsəydi, müasir Azərbaycan tarixi bəlkə tamam başqa ssenari üzrə gedə bilərdi".

M.Rostovskinin sözlərinə görə, bu təklif Vaqif Hüseynova SSRİ DTK-nın sədri Kuryuçkov tərəfindən edilib. O, V.Hüseynovun bu təklifə əvvəlcə razılıq verdiyini bildirsə də, Moskvada SSRİ-nin rəhbəri Mixail Qorbaçovla görüşdən sonra fikrini dəyişdiyini yazıb:

"İndi heç kim heç vaxt bilməyəcək ki, Vaqif Hüseynov başqa qərar qəbul etsəydi, nə olacaqdı. Vaqif Hüseynovla kontakt sayəsində formalaşmış instinktlərim deyir ki, Hüseynov döyüşçüdür. O, təslim etməz və təslim olmazdı. Cənubi Qafqazın 90-cı illərin birinci yarısındakı tarixi tamam fərqli olardı. Lakin baş tutmalı olan baş tutdu".

Yayılmaş informasiyalar ilə bağlı həmin dövrün Meydan hərəkatının tanınmış nümayəndələri isə "Ölünün arxasınca danışmazlar" prinsipi ilə suallarımıza cavab verməkdən imtina etdi./axar.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirli məşhur iş adamı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb - DETALLAR
"Semaşko"da şok hadisə: "Əkiz" uşaqlardan biri "yoxa çıxdı" (FOTO+VİDEO)
"Murov Qartalı" Raquf Orucov - Komandirsiz keçirilən doğum günü