“Ermənistanın növbəti dəfə cəsarətlənməsi və Azərbaycana qarşı bir neçə saat ərzində müxtəlif istiqamətlərdə 30 dəfə atəşkəsi pozması birmənalı olaraq Brüsseldə keçirilən 5 aprel görüşünün nəticəsidir. Biz bunu daha əvvəldən də ehtimal etmişdik”.
Oxu24.com xəbər verir ki, Bu fikirləri Musavat.com-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert regionda yeni bir müharibənin olacağını zənn etmir:
“Amma toqquşmaların və eskalasiyanın yaranması ehtimalı böyükdür”.
Ədalət Verdiyev hesab edir ki, təxribatların əsasən Qazaxın işğal altında olan kəndləri istiqamətindən və Naxçıvan istiqamətində törədiləcəyi ehtimalı daha böyükdür:
“Lakin istisna etmək olmaz ki, Kəlbəcər və Laçın istiqamətlərində də düşmən aktivləşsin”.
Hərbi ekspertin sözlərinə görə, Ermənistan ilk dəfə deyil ki, Azərbaycanı müharibəyə başlamaqda günahlandırır, təxribatlar öz fərari ordusu tərəfindən törədilir:
“Bu, Birinci Qarabağ müharibəsi zamanı da rast gəlinən bir standart prosedurdur ki, bu xüsusiyyətlər məhz Ermənistan ordusuna xasdır.
Regiona kənar qüvvələr müdaxilə etdiyi müddətdə, 30 illik işğal tarixinə malik Ermənistanın Avropa İttifaqı, o cümlədən Fransa və ABŞ-dən dəstək aldığı bir müddətdə regionda sabitlik bərpa olunmayacaq. Sabitliyin bərpa olunması üçün Ermənistan ilk növbədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, o cümlədən qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır.
Sərhədlərin delimitasiya prosesinə dəstək verməlidir, Zəngəzur dəhlizinin açılması üçün real addımlar atmalıdır. Bu addımlar atılmayana qədər bölgədə gərginlik davam edəcək”.
Oxu24.com
ŞƏRHLƏR