Yaxın və Orta Şərqdə gərginlik və münaqişə vəziyyətində olan ölkələrin sayı artmaqda davam edir.
Son günlər münasibətləri gərginləşən ölkələr sırasına İranla Pakistan da qoşulub.
Hər şey yanvarın 16-da İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) heç bir xəbərdarlıq etmədən Pakistan ərazisinə ballistik raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirməsindən sonra başlayıb.
Rəsmi Tehran zərbələrin İran ərazisində bir çox hücumlara cavabdeh olan “Ceyş Əl-Ədl” (Ədalət Ordusu) qruplaşmasının 2 qərargahına endirildiyini, Pakistanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edildiyini bildirib.
“Ceyş Əl-Ədl” qruplaşması İranın Sistan və Bəlucistan vilayətində yaşayan, sünni məzhəbinə mənsub olan bəlucların nümayəndələrindən təşkil olunub və bölgənin müstəqil dövlət olması uğrunda mübarizə aparır. Qruplaşma 2012-ci ildə yaranıb. İran 2023-cü ilin dekabrında ölkənin cənub-şərqində polis məntəqəsinə hücum zaman 11 polisin öldürüldüyü hücuma görə də qruplaşmanı təqsirli sayır. Rəsmi Tehranla yanaşı, “Ceyş Əl-Ədl” ABŞ, Yaponiya, Avstraliya və Yeni Zelandiya tərəfindən də terror təşkilatı kimi tanınır.
Rəsmi İslamabad isə Pakistan ərazisinə xəbərdarlıq edilmədən ballistik raket zərbələrinin endirilməsinə sərt reaksiya verib, İrandakı səfirini geri çağırıb, iki ölkə sərhədini bağlı elan edib.
Bununla kifayətlənməyən Pakistan yanvarın 18-də “Mərq Bar Sarmaçar” (Silahlılara Ölüm) əməliyyatına başladığını bildirib, İranın Sistan və Bəlucistan vilayətində Seravan bölgəsində “Bəlucistanın Azadlıq Ordusu” qruplaşmasının mövqelərinə zərbələr endirib.
Pakistan XİN hücum zamanı bir neçə terrorçunun məhv edildiyini, rəsmi İslamabadın İranın ərazi bütövlüyünə hörmət etdiyini və iki xalqın qardaş olduğunu açıqlayıb.
Pakistan və İran XİN başçılarının yanvarın 17-də baş tutmuş telefon danışığı belə İslamabadı cavab reaksiyası verməkdən çəkindirə bilməyib.
Qeyd olunmalıdır ki, Pakistanın hədəf aldığı “Bəlucistanın Azadlıq Ordusu” qruplaşması da etnik bəluclardan ibarət olsa da, Pakistanın Bəlucistan vilayətində yaşayan bəluclardan təşkil olunub və bu vilayətdə bəluc dövləti qurmaq üçün hökumət qüvvələri ilə silahlı mübarizə aparır. Təşkilat Pakistanla yanaşı, ABŞ, Avropa İttifaqı və Çin tərəfindən terrorçu təşkil kimi tanınır.
Məsələyə geniş baxdıqda, İslamabadla Tehran arasında münasibətlərin gərginləşməsinin təkcə iki ölkənin sərhədində yaşayan və hər iki tərəfi narahat edən bəluc separatizmi ilə bağlı olduğu görünmür.
İlk növbədə, qeyd olunmalıdır ki, son aylar baş verən hadisələr ötən il oktyabrın 7-də HAMAS-ın İsrailə hücumundan sonra başlayan geosiyasi hərəkətliliyin fəsadlarından biridir. İsraillə mübarizəni xarici siyasət doktrinasının əsası elan edən İran Qəzza sektorunda davam edən döyüşlər fonunda xarici siyasətdə aqressiv ritorikaya geniş yer verməyə başlayıb. İranın proksi qüvvələri sayılan Livandakı “Hizbullah” qruplaşmasının İsrail ərazisini atəşə tutur və Yəməndəki husilər Qırmızı dənizdə yük daşıyan gəmilərinə hücumlar edir.
Rəsmi Tehran isə yanvarın 16-da Suriya və İraqın şimalındakı Ərbil şəhərinə ballistik raketlərlə zərbələr endirib.
Bu addımların arxasında İran hakimiyyətinin mühafizəkar qanadının region ölkələrinə əzələ nümayiş etdirmək istəyi durması mümkündür. Eyni zamanda, Tehran rejiminin niyyəti ictimaiyyətin diqqətini 2022-ci ilin sonlarında tələbə Məhsa Aminini “əxlaq polisi” tərəfindən öldürülməsindən sonra başlayan və hələ də səngiməmiş kütləvi etirazlardan yayındırmaq, insanları xarici təhlükələrə fokuslandırmaq da ola bilər. Xüsusən, Qərbin sanksiyaları fonunda yaranmış ağır iqtisadi durum, milli valyuta - rialın dollar qarşısında dəyər itirməyə davam etməsi fonunda bu versiyasını gözdən çıxarmaq olmaz.
Amma parçalanmış durumda olan Suriya və Tehranın müəyyən dini-siyasi təsiri altında olan İraqdan fərqli olaraq, nüvə dövləti olan Pakistan İrana tək diplomatik deyil, həm də hərbi cavab verdi. Ehtimal ki İran hakimiyyətindəki radikal qanad həssas iqtisadi durumda olan, fevralın 8-də federal parlamentə seçkilərə hazırlaşan Pakistandan belə cavab gözləmirdi.
Bu kontekstdə, İranın son illər Pakistanın əsas siyasi rəqibi Hindistanla sıx iqtisadi və siyasi əlaqələr qurması diqqət çəkir. Tərəflərin İranın Hind okeanında yerləşən Çabahar limanını modernləşdirməklə İran ərazisindən yüklərin Rusiyaya və Avropaya çatdırılmasına dair planı mövcuddur.
Təsadüfi deyil ki, Hindistan Xarici İşlər Nazirliyi də İranın Pakistan ərazisinə zərbələr endirməsini açıq şəkildə dəstəkləməsə də, anlayışla yanaşdığını bildirmişdi.
İstənilən halda, İranla Pakistan arasında prinsipial geosiyasi məsələlər mövcud deyil. Buna görə də son gərginliyin böyüməsi və daha geniş miqyaslı hərbi qarşıdurmaya çevrilməsi hər iki tərəfin arzulamadığı ssenaridir.
Gərginliyin davam etməsi Azərbaycan da daxil olmaqla qonşu ölkələr, o cümlədən hər iki ölkənin ərazisindən keçən “Bir qurşaq - bir yol" layihəsinin təşəbbüskarı olan Çin üçün yaxşı heç nə vəd etmir. Çinin baş verənlərə çevik reaksiyası bunu bir daha göstərir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Pekin Pakistan və İran arasında vasitəçilik etməyə hazırdır.
Bu baxımdan Pakistan-İran gərginliyinin qısa zamanda yekunlaşacağını gözləmək olar.
Oxu24.com
ŞƏRHLƏR