Obyektivində savaşlara silah açıb, haqqın tərəfində duran Reza Deqati Qarabağ müharibəsində gördüklərindən danışıb.
Publika.az-ın müsahibi dünya şöhrətli fotoqraf Reza Deqatidir.
- Reza bəy, müharibə başlayan gündən gözüm cəbhədə sizi axtardı...
- Eşidən kimi sənədlərimi hazırladım. İki həftənin yekununda özümü çatdırdım. Öncə Gəncəyə, oradan Tərtərə, Bərdəyə yollandım. Balaca Aysunu dəfn etdik. Atasının acılarına sarsıldım.
- Dəfn mərasimindən çəkdiyiniz fotolar hamımızı yandırdı. Dünyasını dəyişənlər hamımızın övladlarıdır. Reza bəy, 40 ildir savaşı çəkirsiniz. Yenə də hər dəfə körpə, qoca, qadın ümumiyyətlə, insan ölümü görəndə eyni duyğuları keçirirsiniz?
- Bu günədək minlərlə ölü can görmüşəm. Amma hər dəfə eyni kədər, eyni həyəcan... Elə bil ki, həyatımda ilk dəfə qan görürəm.
- Bəs bu gərginlik sağlamlığınızda iz qoymur?
- Bilmirəm, bəlkə də... Amma bu depressiyanı içimdə saxlamağa haqqım olmadığını bilirəm. Həyata davam etməliyəm. Bir yandan da arxivimdəki Xocalının fotolarına baxdıqca yenə eyni kədərə bürünürəm. Cərrah dostlarım var. Hər gün onlarla ürək əməliyyatlarına girirlər. Onlara deyirəm ki, hər dəfə insan bədənini bıçaqla kəsmək, daxili orqanlarına toxunmaq sizə təsir etmir? Deyirlər, artıq alışmışıq. Sanki karton, yaxud kağız kəsirik. Başqa cür özümüzü ələ ala bilmərik. Lakin təəssüf, mən hər dəfə ölüm gördükcə, daxilən sarsılıram.
- Bəlkə də başqa cür olsaydı, duyduğunuz acıları dünyaya ötürməkdə çətinlik çəkərdiniz...
- Səninlə bir məqamı bölüşüm. Ətrafımdakı bir çox fotojurnalistlər müharibə mövzusunu işlədikcə, bu duruma o qədər alışırlar ki, ildən-ilə fotoları da, yazıları da daha ruhsuz, soyuqqanlı olur. Bu, sənətin tənəzzülüdür.
Aucune description disponible.
- Reza bəy, 30 il öncə Qarabağda gördüyünüz Azərbaycan əsgəri bugünkü ordumuzdan nə ilə fərqlənirdi?
- Bunu etiraf etmək çox acıdır, amma 30 il əvvəl Qarabağda təlimlənmiş ordu yox idi. Hətta döyüşənlərin çoxunun əynində əsgər forması olsa da, təcrübəsiz idilər. 1979-cu ildən müharibələrin içərisindəyəm. Güclü ordunun nə olduğunu bilirdim. Bəziləri silahdan istifadə etməyi bacarmırdı. İçərilərində polislər, sərhəd qoruyan əsgərlər, müəllimlər, şəhid olan qardaşının əvəzinə gələnlər var idi. Ağdam, Laçın, Xocalı, Cəbrayıl, ümumiyyətlə, bütün bölgələrdə olmuşdum. Ona görə bu sözlərim dəqiq faktlara əsaslanır. Amma erməni ordusu müharibəyə tam hazır idi. Hər şeydən əvvəl rus batalyonu onlara kömək edirdi. İrandan əsgərlər gəlmişdi, ASALA təşkilatının üzvləri, Livan, Fransa erməniləri çox yardım edirdilər. Güclü snayperləri vardı. Ayaqyalın, nazik geyimli Qarabağ camaatı ağlaya-ağlaya, fəryad qopara-qopara evindən qovulurdu.
Bu dəhşətli mənzərəni görmək özü də böyük acı idi. Mən bu fotoları çəkib, dünyaya çatdırmasaydım, vicdanım sızlayardı. Amma indi Azərbaycan da, ordusu da tarixin yanlışını düzəltdi, dünyanı yenidən qurdu. Bilirdim ki, Xocalı faciəsi planetə sığmayacaq. Gec-tez xeyir qələbə çalacaq.
- Küskün Şuşaya yenidən qayıtmaq necə hiss idi?
- Bu, həm həqiqi, həm simvolik mənada renessans idi. Sanki yenidən doğulursan. Nə istəyirsən et, özünü nə qədər aldadırsan aldat, haqq öz yerini mütləq tapacaq. Ermənilər Qara dənizdən Xəzərdək özlərinə dövlət qurmaq istəyirdilər. Bünövrə o qədər yanlış idi ki, bütün arzuları yerlə-yeksan oldu. Bilirsən, təbiətin bir qanunu da var ki, yaralı vəhşi heyvan ikiqat təhlükəli olur. Öncə dinc sakinlərin üzərinə bomba yağdırdılar, bu gün də Kəlbəcərdən çıxan adi insanlar belə evləri yandırırlar.
- Reza bəy, bu günlər ərzində çəkdiyiniz fotoşəkilləri çox təsirli qeydlərlə öz sosial media hesablarınızda paylaşdınız. Əcnəbi, fransız ətrafınızın reaksiyası necə oldu?
- Tarixən belə bir məqam var ki, cəmiyyət din qardaşına, öz qonşusuna daha yaxın olur. Fransada yüz minlərlə erməni yaşayır. Birgə böyüyürlər, dost olurlar, ailəyə çevrilirlər. Təbii ki, ermənipərəst mövqelərinin əsas səbəbi budur. Lakin müharibədə çəkdiklərimi görəndən sonra ermənilərdən şübhə duyanların sayı artdı. Hətta ölən uşaqların fotolarını gördükcə, erməni ictimaiyyətinə sualların ardı-arası kəsilmədi ki, necə olur Reza tək bu qədər qətlə yetirilən dinc əhalinin fotosunu çəkir, amma Ermənistanda onlarla fotojurnalist var, heç biri belə dəhşətli kadr paylaşmır? Bəs deyirdiniz, Azərbaycan ordusu uşaqlarımızı öldürür?
- Dəfələrlə müsahibə etmişik. Amma dini inancınızın işinizə təsiri barədə sual verməkdən çəkinmişəm. Məscidlərimizdə saxlanılan donuzlar, dini abidələrə qarşı sayğızılığı müsəlman kimi çəkdiniz, yoxsa kosmopolit vətəndaş olaraq?
- Bu işdə gərək öz dini görüşünə arxalanıb çalışmayasan. Sənin Allaha inanmağın da, müsəlman, yaxud xristian olmağın da öz işindir. Ruandadakı kilsələrdə doğranmış, işgəncələrlə öldürülmüş insanları hansı dəhşətlə çəkib dünyaya yayırdımsa, eyni ağrı ilə də Qarabağdakı məscidləri obyektivimə həkk etdim. İstər sinaqoq olsun, yaxud kilsə, məscid... Fərq etmir. Baş verən haqsızlıqlara eyni münasibəti bəsləməlisən. Bütün dünya bilir ki, İslam dini donuz ətini haram buyurub. Məni ən çox üzən məqam bir də o idi ki, Füzulidə evləri, mal-qara saxlanılan əraziləri, hamısını söküb məhv ediblər.
Təkcə məscidləri saxlayıblar ki, orada donuz saxlasınlar. Bu, insanlıqdan kənar, nifrət dolu mənəviyyat deməkdir. Qəbiristanlıqları dağıdıblar, şəhərləri, kəndləri viran qoyublar...
- Təəssüf ki, bu haqq savaşımız müddətində ölkəmizdə hərbi jurnalistika və fotoqrafiyanın qismən axsadığının şahidi olduq. Siz dünyanı gəzib öz sahənizdən dərslər, master-klasslar verirsiniz. Bəlkə Azərbaycanda da belə bir layihə həyata keçirəsiniz?
- Fikrimi oxudun. Doğrudur, müharibə artıq bitdi, Azərbaycan qələbəsini əldə etdi, yenə də belə bir planım var. 40 illik fəaliyyətim dövründə həm də müəllimliklə məşğulam. Məktəb açıb, bu işə başlayacam. Yəni əlifbanı öyrədəcəm ki, kim necə istəyir elə də yazsın. Bilirsən də məndən sülhpərvər adam bəlkə də yoxdur. Ona görə savaşı çəkib göstərirəm ki, insanlar əmin-amanlığın qədrini bilsinlər.
- Hazırkı planlarınız?
- Azərbaycanda uzun müddət qalmağı düşünürəm ki, işğaldan azad etdiyimiz bölgələrimizi abadlaşdıraq. Mən də müharibə dövründə çəkdiyim məkanların yeni gözəl fotolarını dünyaya bir daha göstərim. Bir daha sübut edək ki, Azərbaycan öz ərazisində necə gözəlliklər yaradıb. Və bir daha hamı görsün ki, bu torpaqların əsl sahibləri azərbaycanlılardır.
- İşğaldan azad edilmiş rayonlarımızın hansında sərgi təşkil etmək istəyirsiniz?
- Təbii ki, hamısında. Amma ən əsası Şuşada...
- Biz də mütləq işıqlandırmağa gələcəyik...
Leyla Sarabi,
Foto: Ceyhun Rəhimov
Oxu24.com
ŞƏRHLƏR