Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35704
az

İnformasiya müharibəsində düşmənin hədəf aldığı boşluqlar hansılardır? – ANALİZ

15:1917 İyul, 2020
1221
MARAQLI
  • A

Dəqiq xəbərdən daha effektiv olan dezinformasiya

Son bir neçə ayda cəbhədə və Azərbaycan-Ermənistan sərhəddinin Qazax rayonu istiqamətində aktivləşən düşmən törətməyə çalışdığı təxribatların fonunda informasiya müharibəsinin də miqyasını genişləndirib. Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərində aramsız təxribat törətməyə çalışan ermənilər həm öz ölkələrində, həm də qarşı tərəfdə cəmiyyəti çaşdıracaq məlumatlar yayır. Erməni hərbi dairələri və kəşfiyyat sistemi, xüsusilə, Azərbaycanda təşviş və dövlətə qarşı narazılıqların yaranmasına hesablanmış dezinformasiyaların yayılmasına kifayət qədər qüvvə, vaxt və maddi vəsait ayırır, cəbhə xəttində atəşkəs rejimini tez-tez pozaraq Azərbaycan Ordusunun və Dövlət Sərhəd Xidmətinin itkilər verməsinə dair çoxsaylı yalan məlumatları Azərbaycan cəmiyyətinə ötürür. Bu da təbii ki, qarşı tərəfdə bir-birini tamamlamayan, amma sürətlə əvəzləyən saysız-hesabsız şaiyənin yaranmasına və yayılmasına gətirib çıxarır, övladı hərbi xidmətdə olan ailələrdə gərginliyə, ictimai aktiv təbəqələrdə narazılığa, dövlətə müxalif qüvvələrdə müxtəlif çağırışlara səbəb olur. Qarşı tərəfin bu taktikası həm də Azərbaycan cəmiyyətində qütbləşmələrin, fikir ayrılıqlarının, qarşıdurmaların dərinləşməsinə xidmət edir.

Sosial şəbəkə üzərində boşluqlar

Sosial şəbəkələrin Azərbaycan seqmentini daimi olaraq ciddi şəkildə müşahidə edən erməni kəşfiyyat və əks-kəşfiyyat orqanları bu sahədə də informasiya təxribatları törətməkdə mahirdir. Azərbaycandilli sosial səhifələr, azərbaycanlı ad-soyadı altında şəxsi sosial hesablar və qruplar yaradan erməni kəşfiyyat orqanları bu vasitələr üzərindən, istər cəbhədə, istərsə də Azərbaycan daxilində baş verən hadisələrə uyğun, həqiqətə oxşayan yalan məlumatlar yayır. Təbii ki, burada qarşı tərəfin milli-xarakterik xüsusiyyətlərini nəzərə alan ermənilər yaydıqları bu cür məlumatların azərbaycanlı sosial şəbəkə istifadəçiləri arasında çoxluq tərəfindən araşdırılmayacağını və ya təhlil edilməyəcəyini gözəl bilir. Bu üzdən də sosial şəbəkələrdə sürətlə yayılan dezinformasiyalar qısa müddət ərzində çaşqınlığa, silahlı qüvvələrə inamsızlığa, dövlətdə qarşı narazılığa səbəb olmasına hesablanır. Xaraktercə emosional azərbaycanlılar internet vasitəsi ilə aldığı informasiyanın mahiyyətini təhlil etmir və məkrlə hazırlanmış xəbəri oxuduqdan dərhal sonra çılğın reaksiya nümayiş etdirir. Ən yaxşı halda, həmin adamlar qeyri-ixtiyari bu yalan məlumatı yayır və yumşaq şəkildə etirazını bildirir. Amma özü də bilmədən düşmənin niyyətinin gerçəkləşməsinə xidmət etmiş olur.

Sosial qruplar arasındakı qarşıdurmalar

Heç kimə sirr deyil ki, sosial şəbəkələrin Azərbaycan seqmentində çoxsaylı qruplaşmalar, bu qruplar arasında ciddi qarşıdurma və narazılıqlar mövcuddur. Söz yox ki, bu vəziyyət ermənilərin diqqətindən yayınmayıb. Erməni kəşfiyyat orqanlarının Azərbaycanda həyata keçirmək istədiyi informasiya təxribatlarının reallaşması üçün münbit olan bu qruplaşma və qarşıdurmaları daha da dərinləşdirmək üçün ustalıqla hazırlanmış məlumatlar bu qruplara ötürülür, az zaman içərisində düşmənçiliyə qədər inkişaf etdirilir.

Burada əsas hədəf kimi Qarabağ müharibəsini görmüş, eyni zamanda, müharibədən xəbərsiz olan qruplar götürülür. Düşmən gözəl anlayır ki, bəzi məqamlarda bir-birini qəbul etməyən keçmiş döyüşçülər, ehtiyatda olan hərbiçilər arasında qarşılıqlı ittihamlar bu müzakirələrdə iştirak edən gənc nəsil tərəfindən anlaşılmaz qalır. Kimin haqlı, kimin haqsız olduğunu müəyyən edə bilməyən yeni nəsil sosial şəbəkə istifadəçilərində hər iki tərəfə qarşı inamsızlıq və ya nifrət formalaşır. Getdikcə, belə müzakirələrdən uzaqlaşmağa başlayan gənc nəsil daha Qarabağ hadisələri haqda məlumatları əldə etməyə maraqlı olmur.

Digər tərəfdən də, bir-birinə qarşı ittihamları gücləndirən yaşlı nəsil sosial şəbəkə istifadəçiləri dil tapmaqda çətinlik çəkir, əsəbi və emosional halda verdikləri reaksiyalarla düşmənə məlum olmayan bir çox informasiyaları açıqlayırlar. Bu da öz növbəsində düşmən üçün yararlı nəticələr verir.

Müxtəlif qurumlara yaxınlığı ilə seçilən adamlar

Etiraf edək ki, Azərbaycandaxili sosial şəbəkələrdə, internet-informasiya resurslarında yayılan xəbərlər, müsahibələr, hadisələrə sərgilənən münasibətlərdən aydın görünür ki, ictimai aktivliyi və malik olduğu informasiyaların çoxluğu ilə seçilən ictimai-siyasi fiqurlar arasında da ciddi fikir ayrılığı, qütbləşmə mövcuddur.
Bu amil də düşmənin öz istəklərini həyata keçirməsində az rol oynamır. Müxtəlif dövlət qurumlarının fəaliyyətində yol verilmiş xırda boşluqları əhatə edən məlumatlardan ibarət topluları müxtəlif formada müzakirə predmetinə çevirən düşmən, həmin qurumların tərəfdarı kimi tanınan adamlar arasında münaqişəni dərinləşdirməyə çalışır. Nəticədə bu qəbildən olan şəxslər tərəfkeşlik etdiyi orqanların müdafiəsi üçün bəzi informasiyalardan istifadə edir ki, həmin məlumatların toplanıb təhlil olunması düşmən kəşfiyyatı üçün tutarlı arqumentlər əldə etməyə yardımçı olur.

Digər tərəfdən, sözügedən adamlar arasında müşahidə edilən qarşıdurma onların müdafiə etdiyi qurumlar arasındakı ziddiyət və münaqişə təsiri bağışlayır. Cəmiyyətdə belə rəy yaranır ki, müxtəlif dövlət qurumları arasında görünməyən dartışma mövcuddur. Bu amil isə öz növbəsində cəmiyyətin sıravi üzvləri arasında çaşqınlıq yaradır, dövlət qurumlarına inamsızlıq formalaşdırılmasında xüsusi əhəmiyyət daşıyır.

İstefada olan hərbiçilər arasındakı münaqişələr və düşmən tələsi

Düşmən kəşfiyyatının ən ümdə hədəflərindən biri də istefada olan hərbiçilər, keçmiş döyüşçülərdir. Etiraf edək ki, ehtiyata buraxılmış hərbiçilər arasında bəzi şəxslər sosial şəbəkələrdə öz aktivlikləri ilə fərqlənir. Nəzərə alaq ki, həmin hərbiçilərin hamısı xidmət dövrünün başa çatması ilə əlaqədar ehtiyata buraxılmayıb... Deməli, sosial şəbəkələrdə, hərbi sirr daşıyıcısı və silahlı qüvvələrdəki zəif nöqtələrdən xəbərdar kifayət qədər adam mövcuddur. Bu adamları da Müdafiə Nazirliyi və ya Dövlət Sərhəd Xidmətinin əleyhinə aktivləşdirmək üçün, düşmən onların şəxsi keyfiyyətlərini, xarakterlərini öyrənir, təhlil edir. Azərbaycandilli erməni səhifələri, yalançı hesablar müəyyən informasiya vaakumunda bu şəxslərin diqqətini cəlb edəcək mövzularla çıxış edir, həmin adamların bu mövzuların müzakirəsində iştirakı üçün səy göstərir. Müxtəlif adlar altında çıxış edən erməni kəşfiyyat orqanları narazı hərbiçiləri qıcıqlandıracaq addımlar atır, onları provakasiyaya çəkir, verilən reaksiyalardan əldə olunan məlumatları toplayır və başqa sferalarda Azərbaycan əleyhinə aparılan informasiya müharibəsində bu faktlardan istifadə edir.

Anoloji addım keşmiş döyüşçülərə münasibətdə də özünü açıq-aydın biruzə verir. Qarabağın işğal faktını ustalıqla provakasiya vasitəsinə çevirən erməni tərəfi müharibədə iştirak etmiş komandirlərin, səs-küylü əməliyyatların hazırlanmasında və idarə edilməsində rol oynamış zabitlərin əleyhinə məlumatlar hazırlayıb sosial şəbəkələrdə yerləşdirməklə, bu adamlar arasında ciddi düşmənçilik toxumu səpir, qarşılıqlı ittihamların çoxalmasına nail olur. Bəzən, ermənilər azərbaycanlı keçmiş döyüşçülər barəsində inanılmaz qəhrəmanlıq əməlləri uydurub internet üzərindən yayımlayırlar. Bu “əfsanələrin” haradan qaynaqlanmasına, necə yaradılmasına əhəmiyyət verməyənlər sözügedən uydurma məlumatları paylaşır, müzakirə mövzusuna çevirir. Hətta barəsində “əfsanə”lər uydurulan şəxslər belə, bilməyərəkdən bu cür oyunlara qoşulur, onunla eyni istiqamətdə və başqa-başqa bölmələrdə xidmət keçmiş döyüşçülərin zəhmətini kölgədə qoymuş olur. Bu da təbii ki, qısa müddətdən sonra digər döyüşçülər arasında geniş narazılığın yaranmasına, həmçinin “qəhrəmanlaşdırılmış” komandirin və zabitin əleyhinə çoxlu ittihamların yaranmasına səbəb olur. Nəticə məlumdur: müharibənin köynəyindən çıxmış döyüşçülər arasında qarşıdurma və münaqişə dərinləşdirilir…

Aztəminatlı şəhid ailələri, Qarabağ qaziləri və veteranlar

Son illər müharibənin hər hansı formadasa qurbanına çevrilmiş vətəndaşlara dövlət qayğısını sadalamağa lüzum yoxdur. Bu günün özündə də bu mövzuda çıxış edən rəhbər şəxslər sözügedən kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması siyasətinin davam etdiriləcəyini bəyan edirlər.

Təbii ki, Azərbaycanda sosial şəraiti aşağı səviyyədə olan şəhid ailələri, Qarabağ qaziləri və veteranları hələ də var və onların bu qayğıları dövlət qurumlarının diqqətindədir.

Amma bu faktlar müxtəlif adamlar tərəfindən bəzən yerli-yersiz qabardılır, çox vaxt da şişirdilmiş, daha doğrusu dramatikləşdirilmiş şəkildə cəmiyyətə təqdim edilir. Bu mövzuları əhatə edən yüzlərlə informasiya və fotofakt var ki, ermənilər bu məlumatlardan Azərbaycan daxilində təxribatların törədilməsi üçün sui-istifadə edir.

Vətənpərvər, amma təcrübəsiz gənclik…

Son illər cəbhədə baş verən irili-xırdalı döyüş əməliyyatları istər Azərbaycanda, istərsə də Ermənistanda gənc nəslin müharibə ruhundan xilas olmasına imkan vermir. Tərəflər arasında müqayisə aparsaq görərik ki, Azərbaycandan fərqli olaraq, Ermənistanda yeni nəslin müharibəyə marağı çox aşağı səviyyədədir. Azərbaycanlı gənclərin ordu sıralarına can atmasının fonunda gənc nəsil ermənilər daha çox xarici ölkələrə getməyin tərəfdarıdır. Bu da təbii ki, erməni hakimiyyət dairələrini narahat etməyə bilməz. Bu üzdən də, müharibə çağırışlarına qoşulan, vətənpərvərlik tədbirlərində və mövzularında aktivlik göstərən Azərbaycan gəncliyini parçalamaq, onları ruhdan salmaq düşmən kəşfiyyat orqanlarının qarşısında başlıca vəzifə kimi qoyulur.

Bu məsələnin həllində də sosial şəbəkələr ən asan və ucuz vasitədir. Çılğın və təcrübəsiz gəncliyin dezinformasiyalara uyması, provakasiyaya çəkilməsi ehtimalı bir az yuxarı yaş nəsli ilə müqayisədə daha asan və effektivdir. Cəbhədə ermənilərin üstünlüyünə dair məlumatları, Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə xidmət aparan hərbiçilərinin tez-tez həlak olması, pusquya salınması barədə yalan xəbərləri sosial şəbəkələrin Azərbaycan seqmentinə ötürən ermənilər qarşı tərəfin gəncliyində ruh düşkünlüyü yaratmaq, orduya, dövlətə qarşı inamsızlıq formalaşdırmağa cəhd göstərir.

Eyni zamanda, Azərbaycan xalqı tərəfindən qəhrəman kimi qəbul edilən, döyüşçülər və hərbçilər arasında böyük nüfuza malik olan şəxslər haqqında müxtəlif saytlar və informasiya resursları vasitəsilə təhqiramiz, həqiqətə uyğun olmayan informasiyalar yaymaqla, yetişməkdə olan gənc nəslin sabaha ümidlərini sındırmaq, onların düşüncələrində haçalanma meydana gətirmək də ermənilərin əsas amallarından biridir.

Kosmopolitlər və tükənmiş adamlar…

Sirr deyil ki, sosial şəbəkələrdə azərbaycanlı istifadəçilər adından müharibə əleyhinə çağırışlara ara-sıra rast gəlinməkdədir. Bu kimi şüarlar daha çox özlərinin kosmopolit düşüncəyə malik olması ilə qürrələnən bir qisim tərəfindən meydana atılır. Belə ki, mənsub olduğu xalqın mənəvi dəyərlərindən imtina edib mənbəyi və mənşəyi bilinməyən dəyərlərə söykənərək yaşayan adamların özləri də ermənilərin ən əsas hədəflərindən biridir.

Kosmpolit düşüncəli adamlar düşmən tərəfindən Vətənə və dövlətə qarşı istifadə edilə biləcək ən zəif bəndlərdən biridir. Bu təbəqədən olan adamlar ermənilər tərəfindən yayılan dezinformasiyalarda daha çox həqiqət axtarışına çıxır, öz əhatələrində olan şəxsləri müharibəyə qarşı birləşməyə çağırır, cəmiyyətin müəyyən sütunlarında çat yaratmağa çalışırlar.

Qeyd edim ki, onların bu ruhda böyüməsinə yetərincə zəhmət çəkmiş xarici xüsusi xidmət orqanlarının ilk hədəfi elə bu adamların özləridir.

Tarixə qısa səyahət etsək görərik ki, xainlər və satqınlar qulluq göstərdikləri ağaları tərəfindən heç vaxt sağ buraxılmayıb.

Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu
Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto
Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi