Dəniz kələminin tərkibi yod, manqan, kobalt, fosfor, dəmir və kaliumla zəngindir. Elə həmin keyfiyyətinə görə o ən faydalı bitkilərdən biri hesab edilir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəniz kənarında yerləşən ölkələrin əhalisinin mətbəxində ondan geniş istifadə olunur. Dünyanın əksər ölkələrində dəniz kələmindən xörəklər hazırlanır.
Dəniz kələmi çiy, qurudulmuş, qaxac edilmiş, konservləşdirilmiş və duzlu halda yeyilir. Onu həm də əvəzsiz pəhriz qidası hesab edirlər. Əsasən ateroskleroz, hipertoniya, raxit, qalxanvarı vəzin müalicəsi və profilaktikası zamanı istifadə edilir. Bu yosun növü maddələr mübadiləsini yaxşılaşdırır, radioaktiv maddələrin bədəndən xaric edilməsinə müsbət təsir göstərir, mədə-bağırsaq sisteminin fəaliyyətini tənzimləyir. Həmin xəstəliklərin müalicə və profilaktikası üçün gündə beş xörək qaşığı dəniz kələmi və yaxud gündə bir neçə dəfə olmaqla iki çay qaşığı onun qurudulmuş formasını qəbul etmək məsləhətdir.
Turşuya duz əvəzinə döyülmüş dəniz kələmi də qatmaq olar. Yaddaşın möhkəmlənməsi üçün hər gün bir çay qaşığı dəniz kələmi tozu qəbul edilir və yaxud iki xörək qaşığı təzə və ya konservləşdirilmiş dəniz kələmi yeyilir. İmmunitet zəifləyəndə qurudulmuş dəniz kələmi axşamdan şüşə qaba doldurulur, üzərinə qaynanmış soyuq su tökülür və səhərədək saxlanılır. Səhər bu qabın ağzı möhkəm bağlanılaraq soyuducuya qoyulur. Gündə iki dəfə-səhər və axşam yeməyindən əvvəl həmin sudan bir çay qaşığı içilir.
Müntəzəm olaraq dəniz kələmindən istifadə edilməsi orqanizmin ümumi tonusuna müsbət təsir göstərir və sərfəli kosmetik vasitə sayılır. Ona görə bu yosun növü müxtəlif cavanlaşdırıcı maska və kremlərin tərkibinə daxil edilir.
Digər qida məhsulları kimi dəniz kələmindən istifadə zamanı da ifrata varmaq olmaz. Misal üçün qalxanvarı vəzin bəzi xəstəlikləri zamanı onun qəbulu qadağan edilir.
Oxu24.com
ŞƏRHLƏR