Cinayət törədən şəxs cəzasını azadlıqdan məhrum olunmaqla çəkir.
Məhbuslar azadlıqdan məhrum olunmaqla yanaşı, öz doğmaları ilə vaxt keçirməkdən, yaşam tərzlərindən də ayrı düşürlər. Onların törətdikləri cinayətin miqyasına görə, cəzalarının müddəti, ağırlığı da müəyyənləşir. Yəni bəzi cinayətlərin cəzası müəyyən müddət yox, ömürlük həbs cəzası ilə nəticələnir.
Törətdiyi cinayət hesabına həbsxananı ömürlük “ev”inə çevirən məhbuslar vəfat etdikdə onların cəsədi yaxınlarına təhvil verilirmi?
Hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya mövzuyla bağlı danışarkən məhbusların dəfni üçün xüsusi məzarlığın olduğunu deyib:
“Həbsxanada ölən şəxsin ailə üzvləri ilə əgər əlaqə varsa, yəni onu ziyarətə gəlib-gedənlərə varsa, onlara ölüm haqqında məlumat verilir. Şəxsin əgər ailə üzvləri varsa və cəsədin verilməsini xahiş edirlərsə, cəsəd onlara təhvil verilir. Cəsədi tələb etməyəndə, maraqlanan olmayanda onda həbsxanada vəfat edənlər üçün ayrılmış xüsusi ərazidə, yəni hansısa qəbiristanlığın müəyyən ərazisində dəfn edilir.
Mənim müdafiə elədiyim məhbuslardan biri Qobustan həbsxanasında vəfat eləmişdi, onun cəsədini valideynlərinə vermişdilər, onlar da özləri istədikləri qəbiristanlıqda dəfn etdilər”.
Ömürlük Məhbusların Müdafiə Komitəsinin rəhbəri Akif Nağı da ömürlük məhbusların dəfni ilə bağlı xüsusi qayda və qadağanın olmadığını vurğulayıb. O, saytımıza həmçinin, hazırda həbsxanada olan ömürlük məhbusların sayını da açıqlayıb:
“Ömürlük məhbusların sayı ilə bağlı rəsmi və dəqiq məlumat yoxdur. Biz onların bir qrupunun müdafiəsi ilə məşğuluq. 10 il öncə bu prosesə vaxtilə Qarabağ Azadlıq Təşkilatının, eyni zamanda Qarabağ partizanları dəstəsinin üzvü Məmməd Məmmədovun hüquqlarının müdafiəsi ilə başlamışdıq.
Ona ömürlük həbs cəzası verilmişdi. Sonradan ömürlük məhbusların yaxınları, qohumları bizə müraciət elədilər ki, bir yerdə müdafiə komitəsi yaradaq. Biz də onların içərisindən, xüsusi olaraq, dövlətlə bağlı cinayət törətməkdə günahlandırılmayanlar, dəhşətli cinayət törətməyənləri seçdik. Barəsində həddindən artıq ağır cəza verilən şəxsləri cəmləşdirdik. Bunlar hardasa 25-30 nəfərdir. Amma ümumilikdə sayla bağlı, təxminən 400 rəqəmi deyilir. Rəsmi statistika hardasa görməmişəm. Onlar vəfat edəndə cəsədləri ailələrinə verilir.
Elə bir qayda yoxdur ki, onları kimsəsizlər mzarlığında dəfn eləsinlər. Sovet hökuməti dövründə müəyyən cinayətlərlə bağlı həbsxanada vəfat edənləri adsız qəbiristanlıqda dəfn edirdilər. Bildiyimə görə, Bayılda elə bir qəbiristanlıq olub. İndiki şəraitdə əgər vəfat edən ömürülk məhbusun yaxınları, qohumları istəyirlərsə, imtina eləmirlərsə, cəsəd dəfn olunmaq üçün qohumlarına verilir. Əgər cəsəddən imtina olunursa, yenə də kimsəsizlər qəbiristanlığında dəfn olunurlar”.
Oxu24.com
ŞƏRHLƏR