Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86987
az

"Tərtər işi" ilə bağlı yeni və şok detallar- "Əllərimizi bağlayıb..."

17:0714 Aprel, 2023
262
KRİMİNAL
  • A

General Bəkir Orucov ittihamları qəbul etmir...
Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" üzrə həbs olunan 5 nəfərin cinayət işi üzrə araşdırmalar davam edir.

Musavat.com xəbər verir ki,  2021-ci ilin dekabrında Baş Prokurorluğun İstintaq İdarəsində Tərtər hadisələri ilə bağlı yenidən araşdırmalar başlanan zaman 2017-ci ilin mayında Beyləqanda da baş verən cinayətlər araşdırılıb. İlk dövrdə araşdırmalar eyni icraatda aparılsa da, bu ilin fevralında “Beyləqan hadisələri”  üzrə 5 nəfər barəsində cinayət işi ayrılaraq, Bakı Hərbi Məhkəməsinə göndərilib. Hakim qarşısına Beyləqan korpusunun qərargah rəisi olmuş, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov və daha 4 nəfərdən - snayper bölüyünün komandiri Ziya Kazımov, Təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, İntiqam Məmmədov və Ülvi Rəşidovdan gedir.

 Hazırda Sumqayıt Məhkəmə Kompleksində  iş üzrə məhkəmə istintaqı başlayıb.

Təqsirləndirilən şəxslərdən Rəşidov və Kazımov həbsdə deyil. Məhkəmədə general Bəkir Orucov və Rahib Məmmədov da vəsatət qaldırıb ki, məhkəmənin hökmü məlum olana qədər onlar da ev dustaqlığına buraxılsınlar.

Rahib Məmmədov vəsatətini əsaslandırarkən deyib ki, 2 övlad atasıdır, 3-cü də dünyaya gəlməliydi. Lakin həyat yoldaşı bugünlərdə 9 aylıq övladını itirib:

“Üçüncü övladım doğulacaqdı, 9 aylıq idi, ona Atilla adını qoymuşdum.  Onu qohumlarım kəfənləyib, dəfn edib. Kaş əsir düşəydim, öləydim, bu günü görməyəydim. Heç vaxt ağlamamışdım, amma buna görə ağladım. Ata üçün bu günü yaşamaq çox ağırdır. Mənim bu məsələlərdə təqsirim yoxdur. Vəziyyətim çox pisdir”.

Bəkir Orucov onun ev dustaqlığına buraxılmasını dəstəkləməklə yanaşı, özü də bu haqda vəsatət qaldırıb:

“Məhkəmənin ədalətli keçəcəyinə inanıram. Özümü təqsirli bilmirəm. Məhkəmədən də yayınmayacağam. Heç kim deyə bilməz ki, Bəkir Orucov mənə işgəncə verib, yaxud da işgəncəyə göstəriş verib. Xahiş edirəm, ev dustaqlığına buraxın gəlib-gedim, normal şəkildə müdafiəmi həyata keçirim”.

Generalın vəkili də vəsatətini əsaslandırarkən deyib ki, Bəkir Orucovun həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkir. Həbsindən öncə də dəfələrlə istintaqa çağrılanda həmişə vaxtında gedib: “Onun həbsdə saxlanması üçün əsas yoxdur. Onun işgəncələrdə iştirakı sübuta yetirilmir. Məhkəmənin hazırlıq iclasında da zərərçəkənlər dedilər ki, biz onu tanımırıq”.

Lakin zərərçəkmişlər təqsirləndirilən şəxslərin həbsdən buraxılmasına etiraz edib.

“Mənim bədənimə tok veriləndə qızım 1 yaş 4 aylıq idi. Birinci qrup əlil olan atam gəlirdi, məndən xəbər bilmək istəyirdi, heç kim ona bir söz demirdi. Mənim atam ata deyildi?”, - Zülfalı Niftəliyev bildirib.

Daha bir zərərçəkmiş Zaur Əliyev də etiraz edib: “Bizləri doğrayıb tökəndə ata olduğunuz yadınıza düşmürdü? Bəs onda sizin atalarınız necə rahat yaşayırdı? Bizim ailələrimiz illərlə utanıblar kəndin içində sizin bizim başımıza açdığınız oyunlara görə. Mən özüm insult keçirmişəm. Bunlara görə mənim atam ölüb...”

Dövlət ittihamçısı Vüsal Mehrəliyev də bildirib ki, onlar barəsində həbs qətimkan tədbiri seçilərkən göstərilən əsaslar aradan qalxmayıb. Onlar azadlığa çıxarlarsa, şahidlərə, zərərçəkmişlərə təsir göstərmək ehtimalı var. Bu iş üzrə 62 zərərçəkmiş, 21 şahid var.

Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Digər təqsirlənidirilən İntiqam Məmmədov isə ailə üzvlərilə telefon və görüş qadağasından şikayətlənib. O bildirib ki, hətta vəkili ilə də telefonla danışa bilmir. O, əlavə edib ki, bu hüquq pozuntusu davam eləsə, məhkəməyə gəlməkdən imtina edəcək:

“İstintaq qərəzli aparılıb. İstintaq dövründə görüş və telefon danışığına qadağa qoyulmuşdu. Bunu başa düşdüm. İstintaq başa çatandan sonra aradan qaldırılmalı idi. Məhkəmənin qərarı ilə DTX-dan Bakı İstintaq Təcridxanasına köçürüldüm. Amma yenə də telefon danışığı hüququm bərpa olunmayıb. Yəni qərar var, amma icra olunmur. İcra olunmayacaqsa, nəyə lazımdır? Vəkilə belə zəng eləyə bilmirəm. Bu məsələ həll olunmasa, məhkəməyə gəlməyəcəm”.

Hakim Zeynal Ağayev cavabında bildirib ki, heç kim məhkəmə ilə şərtlə danışa bilməz: “Məsələ araşdırılacaq”.

Bundan sonra məhkəmə istintaqı başlayıb, prokuror ittiham aktını elan edib. Orada iddia olunur ki, hərbçilərdən özlərinin, yaxud da bir-birinin əleyhinə ifadə vermələri üçün onlara işgəncə verilib, ləyaqətləri alçaldılıb və s. İşgəncə nəticəsində bir nəfər - leytenant Adil Sabirli həyatını itirib. Onun dalağı partlayıb və qanitirmədən ölüb.

İşgəncələr zamanı kəlbətinlə dırnaqların çıxarılması, ətin qoparılması, çəlləklərdə suda boğulma, bədənə elektrik cərəyanı verilməsi, sellofanın yandırılıb bədənə tökülməsi və başqa üsullardan istifadə olunub.

Təqsirləndirilən şəxslərdən Bəkir Orucov, Ziya Kazımov, Ülvi Rəşidova qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər),  341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb. İntiqam Məmmədov və Rahib Məmmədovda 126.3 maddəsi yoxdur. Lakin İntiqam Məmmədov həm də CM-in 178-ci maddəsilə - dələduzluqda ittiham edilib. Cinayət işinin materiallarında iddia olunur ki, o, Arzu Həşimova adlı qadını işə düzəltmək, onun ərini xidmət yerini dəyişmək adıyla aldadaraq, pulunu alıb.

Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərə izah edib ki, ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Lakin 5 nəfərin heç biri özünü təqsirli bilməyib. Onlar təqsirsiz olduqlarını deyiblər.

Daha sonra zərərçəkənlər ifadə verib.

Zaur Əliyev bildirib ki, hazırda təqaüddədir. O zaman həmlə taborunda xidmət edib, baş çavuş  olub. Onları ezamiyyət adı ilə aparıblar:

“Maskalılar töküldülər, bizi soyundurdular. Biz artıq Tərtər söhbətini eşitmişdik, ona görə şübhə yarandı ki, başımıza nə gələcək. Mən birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, İkinci Qarabağ müharibəsində iştirak eləmişəm. Mən düşmənin arxasına keçməmişdən əvvəl sonuncu dəfə evlə danışıb sağollaşanda uşağım koma vəziyyətində olub. O vəziyyətdə ailəmi qoyub gedən adam olmuşam. Mən vətənimə xəyanət edənəm? Bizim- 13 nəfərin adını qərəzli şəkildə həmlə komandirimiz vermişdi. Niyə məsuliyyətə cəlb olunmayıb o? Düzü, mənə qarşı amansız işgəncələr olmadı. Mənə inandılar. Amma dəlikdən gördüm ki, adamların başına nə oyunlar açırlar. Generaldan şikayətim yoxdur. O, mənim cənab generalımdı. Nə vaxt qəbulunda olmuşam, istər xidmətlə bağlı, istər şəxsi məsələlərlə bağlı, həmişə kömək eləyib. Kim nə görüb, deyə bilmərəm. Bizi o vaxt taksi sürücüləri maşınlarına götürmürdülər ki, vətən xainisiniz. Leytenantımızı avtobusdan vurub, yerə salmışdılar”.

Zaur Əliyev Hərbi Prokurorluqdan şikayətlənib. Deyib ki, işgəncələr onların gözlərinin qarşısında baş verirdi:

“Onların görməməsi üçün gərək hamısına məzuniyyət verib, oradan çıxarardılar”.

İşgəncə nəticəsində hərəkət qabiliyyətini itirdiyini deyən, hazırda yalnız qoltuq ağacının köməyilə hərəkət edən Orxan Səfərov danışır ki, həmin vaxt manqa komandiri idi. Orxan Səfərovun sözlərinə görə, sellofanı yandırıb kürəyinə tökməkdən tutmuş, kəlbətinlə dırnaqlarının çıxarılmasına, ətinin qoparılmasına qədər müxtəlif formada işgəncələrə məruz qalıb:

“Məni postdan düşürüb, korpus komandiri Mais Bərxudarovun yanına apardılar. O mənə dedi ki, düşmənə işləyən neçə nəfərsiz? Dedim, elə şey yoxdur. Göstəriş verdi ki, aparın, ağlı başına gəlsin. Qolumu burdular, gözümü bağlayıb apardılar. Ondan sonra işgəncələr başladı. İşgəncələr bir həftədən çox davam elədi”.

Zərərçəkmişin sözlərinə görə, ona işgəncə verənlər arasında hazırda məhkəmə qarşısında olanlardan Ziya Kazımov və Ülvi Rəcəbovu görüb. O, əsasən İlkin Ağazadə tərəfindən işgəncə gördüyünü bildirib.

Eyni zamanda, hərbi hissənin çöl tərəfində general Bəkir Orucovun təhqir xarakterli ifadələrini eşitdiyini vurğulayıb:

“Bizi çölə atmışdılar. Bəkiri orada gördüm. Təhqir edirdi. Elə vəziyyətdə idim, ancaq gözlərim baxırdı”.

Amma Ziya Kazımov onun dediklərini təkzib edib, zərərçəkmişin onunla bağlı hissədə yalan danışdığını bildirib.

Digər zərərçəkmiş Zülfalı Niftəliyev də işgəncələrdən danışıb.

“İlk iki gündə çox pis döyüldük. Əllərimiz bağlı, oturduğumuz yerdə üzümüzə  təpik vurulurdu... O təpiyi vuran polkovnik sonradan şəhid oldu. Betonun üstündə yatırdıq. Başımızı bir-birimizin ayağının üstünə qoyurduq ki, yerə dəyməsin”, - Niftəliyevin sözləridir.

O, iddia edib ki, işgəncələrdən sonra ondan izahatı təqsirləndirilən şəxslərdən Rahib Məmmədov alıb. Amma istintaqa ifadəsində fərqli ad göstərib.

Təqsirləndirilən Rahib Məmmədov zərərçəkmişin yalan danışdığını bildirib. Nəticədə aralarında mübahisə yaranıb: “Mən olmamışam. Mən olmuşamsa, niyə istintaqa başqa ad deyib?”

Niftəliyev ziddiyyəti belə izah edib ki, məhkəmədə üzünü görəndən sonra xatırlayıb və əmindir ki, özüdür.

Zərərçəkmiş general Bəkir Orucovdan da şikayətçi olub: “Məni söymüşdü...”

2017-ci ildə Beyləqanda hərbçilərə qarşı işgəncələrlə bağlı məhkəmə araşdırmaları bu ilin aprelin 20-də davam edəcək.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO
Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü