Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86666
az

"Tərtər işi": tükürpədən işgəncə hekayələri, generala ittiham... MƏHKƏMƏ

22:1411 Aprel, 2023
320
KRİMİNAL
  • A

Tərtər işi” Bakı Hərbi Məhkəməsinin icraatında olsa da, Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Cinayət işi hakim Zeynal Ağayevin icraatındadır. O, həm də Bakı Hərbi Məhkəməsinin sədr əvəzidir. Məhkəmə iclasında zərərçəkənlər ifadə verir. Aprelin 11-də keçirilən iclasda ilk ifadəni zərərçəkən Nicat Abbasov verdi. Zərərçəkən üzünü təqsirlənirilən şəxslərin saxlandığı şüşə qəfəsə tərəf çevirib hakimə bildirdi ki, onlardan heç birini tanımır. Hakim ondan bu barədə təkrar soruşanda dedi: “İşgəncə veriləndə əllərimiz, gözlərimiz bağlı olurdu. İşgəncə verənləri görə bilmirdik.

Hakim:

- Bəs zərərçəkənlərdən tanıdığınız var?

Zərərçəkən məhkəmə salonuna baxıb dedi:

- Bəli, bəziləri ilə eyni hərbi hissədə xidmət etmişik.

Hakim:

- Buyurun, danışın, hansı hərbi hissədə qulluq etmisiz, sizə kim igəncə verib?

Zərərçəkən hakimin sualına cavab olaraq N saylı hərbi hissədə qulluq etdiyini deyib. 2017-ci ilin mayında o da daxil olmaqla xeyli sayda hərbi qulluqçunun və sıravi əsgərin əllərini, gözlərini bağlayaraq döyə-döyə "KamAZ"-lara doldururaq Mingəçevirdəki N saylı hərbi hissəyə aparıblar. Hakim zərərçəkəndən onu döyənlərin, maşına mindirib aparanların adlarını soruşub. Zərərçəkən belə cavab verib: “Mənə 1 ay 17 gün işgəncə verilib. Bədənim tokun içindədir. Əllərimi o qədər toka veriblər ki... (Əllərini göstərir). Görürdülər təsir etmir, toku qulaqlarıma qoşurdular. Başım da toka verilib. Məndə yaddaş, huş qalmayıb. Başım pozulub”.

Dövlət ittihamçısı zərərçəkəndən bir daha işgəncə verənlərdən kimləri xatırladığını soruşub. Zərərçəkən deyib ki, gözləri bağlı olduğuna görə işgəncə verənləri görməyib. O, bildirib ki, hərbi xidmət yoldaşı Elçin Quliyev işgəncələrə dözməyərək yanındaca ölüb. O, daha sonra deyib: “Qardaşım İkinci Vətən müharibəsində şəhid oldu. Qoymurdum getsin, deyirdim, geyinmə bu formanı əyninə... Mən geyindim, adımı vətən xaini qoydular, qulaq asmadı, getdi, 3 gündən sonra döyüşlərdə şəhid oldu”.

Hakim:

- Hüquqşünas Fuad Ağayevi görmüsüz orda?

Zərərçəkən:

- Görməmişəm, gözlərim bağlı olub, ancaq səsini eşitmişəm, əmr verən o olub.

Zərərçəkən deyib ki, işgəncələrdən sonra onu və digər işgəncə verilənləri Sarıcalı hospitalına aparıblar, orda bir neçə gün maz veriblər ki, yaralarına sürtsünlər, işgəncə izləri itsin. Hakim zərərçəkəndən şikayət və tələbinin olub-olmadığını soruşub. Zərərçəkən belə cavab verib: “Onlara əmr verilib, onlar da əmri icra ediblər. Əmr verənlərin cəzalandırılmasını istəyirəm, əmr verənlərsə yuxarılarda oturanlardır. Bir də onu demək istəyirəm ki, kişi kişiyə o hərəkətləri etməzdi”.

Sonra ifadə vermək növbəsi zərərçəkən Nizami Verdiyevə çatdı. O, təqsirləndirilən şəxslərdən yalnız Vüsal Ələsgərovu tanıyıb. Zərərçəkən deyib ki, Vüsal Ələsgərov onun əsgər kimi xidmət göstərdiyi hərbi hissənin komandiri olub. 2017-ci ilin mayında postda olub: “Məni aşağı çağırdılar. Bir neçə əsgərlə əl-qolumuzu, gözlərimizi bağlayıb Mingəçevirə apardılar. Orda N saylı hərbi hissədə 3 gün toka verdilər. 3 gündən sonra məni naryada buraxdılar.

Vəkillərdən biri:

-Nə oldu ki, qəflətən, 3 gündən sonra səni naryada buraxdılar?

Zərərçəkən:

- Bilmirəm. Buraxdılar.

Hakim:

- Nə naryadı idi?

Zərərçəkən:

- Yemək naryadı.

Hakim:

- Kimlərə yemək verirdin?

Zərərçəkən:

- Həm işgəncə verənlərə, həm də işgəncə verilənlərə.

Zərərçəkən deyib ki, hər gün yemək naryadından sonra yenə qolları və gözləri bağlanır, işgəncə yerinə aparılırmış. Onlardan işgəncə altında ifadə alınandan sonra əl çəkiblər:

“Mayın sonlarında daha işgəncə vermirdilər. 8 nəfər idik, bir otaqda saxlanılırdıq, heç nə soruşmurdular, kim əsəbi olurdu, gəlirdi, qapaz, yumruq, təpik vurub, gedirdi”.

Zərərçəkən Ümid Yusifov da işgəncələrdən danışıb. O, təqsirlənirilən şəxslərdən Rəşid Niftəliyevi tanıdığını deyərək bildirib ki, Rəşid Niftəliyev onun xidmət etdiyi hərbi hissənin qərargah rəisi olub: “Tabor komandirinin əmri ilə mənim və bir neçə əsgər yoldaşımın əllərini öz botinkalarımızın ipiylə bağladılar, bizi döydülər. Hərbi hissənin qərargahına apardılar. Orada Rəşid Niftəliyevin əmriylə əllərimizi açıb, bizə yemək verdilər. Bizə dedilər ki, boynunuza alın, erməniyə işləyiriz. Tərtər Hərbi Prokurorluğundan iki müstəntiq də gəlmişdi. Tabor komandiri məni döydükcə deyirdi ki, ermənidən əmələ gəlmiş, erməniyə işləyirsən. Cibimdən atamın şəkli çıxdı, dedi, atan da erməniyə işləyir”.

Zərərçəkən Etibar Əhmədovsa Vüsal Ələsgərovu, Rəşid Niftəliyevi tanıyıb. İfadəsində göstərdi ki, N saylı hərbi hissənin 1-ci taborunun yeməkxana növbətçisi olub. İşçgəncələr nəticəsində ölmüş Elçin Quliyev yaxın qohumu olub. Elə onun da əlləri, gözləri bağlı şəkildə Mingəçevirə aparılaraq N saylı hərbi hissədə işgəncəyə məruz qalması Elçin Quliyevlə əlaqəli olub: “Elçin Quliyev mənim mamoğlum idi. Atam zəng elədi, dedi, Elçini öldürüblər. N saylı hərbi hissədə maskalılar döyə-döyə maşına mindirəndə boynunu sındırmışdılar. Bu xəbəri təzə almışdım ki, gəlib məni də əli, gözü bağlı apardılar Mingəçevirdəki N saylı hərbi hissəyə. Orda məni toka verdilər.

Hakim:

- Tək sizi mindirib aparmışdılar?

Zərərçəkən:

- Yox, məni gizir Rəfael Emçiyevlə birlikdə aparmışdılar.

Prokuror:

- Sizə işgəncə verib, nədə günahlandırırdılar?

Zərərçəkən:

- Guya ölənlə (Elçin Quliyevlə) birlikdə erməniyə işləmişik. Toka verirdilər, deyirdilər, bizə ad ver. Hər gün qulaqlarıma qədər toka verirdilər, ah-nalə səsləri qulaq batırırdı. Gün ərzində bir butılka su verilirdi, əlli nəfərin hərəsi bir qurtum içirdi. İşgəncələr ağlasığmaz idi.

Hakim:

- İbtidai istintaqa verdiyiniz ifadədə demisiz ki, işgəncə verənlərə Xocalıdan olduğunuzu, xain olmadığını bildirmisiz.

Zərərçəkən:

- Bəli. Dedilər, yaz ki, erməniyə satqınlıq eləmisən, dedim, mən Xocalı sakiniyəm, heç vaxt xainlik etmərəm. Aparıb daha da çox işgəncə verdilər.

Hakim:

- Şikayətiniz, tələbiniz var?

Zərərçəkən:

- Bəli. Mənim hərbi biletimi təmizləsinlər. Götürüb hərbi biletimə yazıblar ki, yararsızam. Bizə xain damğası vurdular, uzun müddət dost-tanış içinə çıxa bilmədik.

Zərərçəkən kimi tanınmış və məkəmədə dindirilən İsrafil Ələkərzdə N saylı hərbi hissənin 4-c bölüyündə xidmət edib. Məhkəmədə verdiyi ifadəyə görə, 2017-ci ilin 15-20 may arası tarixlərdə döyüş postunda olub. Onu tabora apararaq əllərini və gözlərini bağlayıb, döyüblər. Sonra Mingəçevirdəki N saylı hərbi hissəyə aparıblar. Orda bir neçə gün işgəncələrə məruz qalandan sonra Bakıya götrüblər.

Prokuror:

- Sizdən nədə şübhələnirdilər?

Zərərçəkən:

- Döyürdülər, toka verirdilər, soruşurdular ki, sizi düşmən tərəfə kim keçirib? Sonra da saxta ekspertiza rəyi çıxartdılar. Guya mənimlə 4 ay əvvəl cinsi əlaqədə olublar. Deyirdilər, boynuna al ki, erməni zorlayıb səni. Mənə qol çəkdirmək istəyirdilər. Mən iki ayın əsgəri idim, cəmi bir ay idi ki, döyüş postuna çıxırdım. 4 ay əvvəl necə zorlana bilərdim?

Hakim:

- Vaqif Abdullayev barədə nə deyə bilərsiz?

Zərərçəkən:

- Onu Mingəçevirdə gördüm, yemək vaxtı gözümüzü açıb bizi yeməkxanaya aparırdılar. Ona dəhşətli işgəncələr verilmişdi, vəziyyəti çox bərbad idi.

***

Kapitan rütbəli Vaqif Abdullayev 16 dekabr 2015-ci ildə xidmətlərinə görə müdafiə naziri tərəfindən "Casio Shock" saatı ilə mükafatlandırılıb. O, xidmətinin 9 ilini ön xətdə səngərdə zabit kimi çalışıb. Öz maaşı və kreditlər hesabına işlədiyi hərbi hissədə və postlarda təmir işləri görüb. Hazırda buna görə banklara borcu var. O, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2017-ci ilin fevral ayında isə General-mayor Hikmət Həsənov post yoxlamağa gəlir. Yoxlanış zamanı Hikmət Həsənov irad tutur ki, postun təminatı yaxşı deyil. Vaqif Abdullayev isə haqlı olaraq ona cavab verir ki; "Siz nə vaxt təmin etdiniz ki, məndə postu yaxşılaşdırmadım?" Bu cavabdan sonra Hikmət Həsənov Vaqif Abdullayevi qara siyahısına salır. 9 may 2017-ci ildə Vaqif Abdullayevi həbs edib, işgəncə verirlər. 24 may 2017-ci ilə qədər Vaqifə işgəncə verirlər. Lakin Vaqif Abdullayev bu işgəncələrə tab gətirir və saxta ittihamı qəbul etmir. Ardından Vaqif Abdullayevi hərbidən "xidmətə yararsız" adı ilə təxris edirlər.

***

Zərərçəkən İsrafil Ələkbərazdə müstəntiq tərəfindən də döyüldüyünü dedi: “Telefonu götürdü, dedi, indi atana zəng edəcəm, deyəcəm ki, oğlunu ermənilər zorlayıb. Mən bunu eşidəndə özümdən ixtiyarsız əlimi telefona tərəf uzatdım ki, zəng etməsin. Müstəntiqin otağında olan maskalılar də, müstəntiq də məni dəhşətli döydülər”.

Məhkəmə gün ərzində davam edib və 20-yə yaxın zərərçəkən dindirilib. Bir neçə zərərçəkən ifadəsində general Hikmət Həsənovun işgəncələrə birbaşa nəzarət etdiyini deyib. Məsələn, Fərzəli Cahangirov məhkəmənin nəzərinə çatdırıb ki, ona işgəncə verib, erməniyə işləməsi barədə ifadə almaq istəyiblər. Sonra deyiblər ki, Hikmət Həsənov onu yanına çağırır: “Məni Hikmət Həsənovun yanına apardılar. Dedi ki, erməniyə işləmisən, etiraf elə. Dedim ki, boynuma şər atırlar, işgəncə verirlər, mənim düşmənlə heç bir əlaqəm olmayıb. O isə işgəncə verənlərə tapşırdı ki, ağlı başına gəlməyib, aparın bir az da döyün”.
Məhkəmə iclası zərərçəkmişlərin ifadəsi ilə davam edir.

Mənbə:Musavat.com

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO
Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü