Dil və ədəbiyyat müəllimi bacımı dərs vaxtı boş sinif otağına itələyərək, orada zorlayıb. Başqa siniflərdəki müəllimlər də, şagirdlər də sinifdə olublar. Ona görə də harayına heç kim gələ bilməyib. Bacıma deyib ki, qapını aç, sinifə girməliyəm. Bir şeyə baxacağam deyib. Bacım da qapını açıb. Elə bu zaman müəllim bacıma arxadan hücum edib, bir əli ilə onun ağzından tutub ki, qışqırmasın. Sonra paltarlarını dartışdırmağa başlayıb...
Behbud Heybətov (ad şərtidir) Qaxın Cəlayır kəndindəndir. Albinosdur. Ailədə 3 uşaqdırlar. Hər üç uşaq albinos olmaqla yanaşı, həm də anadangəlmə gözdən əlildir. Özü də 2-ci qrup. Amma budəfəki yazımın qəhrəmanı Behbud deyil, bacısı Təhminədir. Üzrlü sayın, Təhminənin də adını şərti verirəm. Qardaşı Behbud Lent.az-a Cəlayir kənd orta məktəbində xadimə işləyən Təhminənin başına gətirilən oyundan, daha doğrusu, bacısının üzləşdiyi təcavüz faktından danışır.
“Bacıma deyib ki, səndən xoşum gəlir...”
Əsəbi yox, sakit danışır. Çünki hadisənin üstündən 3 aya yaxın vaxt keçir... Behbudu odlandıran isə cinayətkarın – daha doğrusu, onun bacısını zorlamaqda ittiham etdiyi Cəlayır kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəlliminin bu vaxta qədər cəzasız qalmasıdır. Gəlin, Behbudu birgə dinləyək:
- Hadisə bu ilin aprelin 13-də Qax rayonunun Cəlayır kəndinin tam orta məktəbində olub. Bacım Təhminə Heybətova həmin məktəbdə xadimə işləyir. Bacımın 32 yaşı var. Ailə qurmayıb. Anadangəlmə 2-ci qrup gözdən əlildir, albinosdur. Bu hadisədən bir müddət əvvəl həmin məktəbdə işləyən, Azərbaycan dili və ədəbiyyatından dərs deyən Səbuhi Babayev adlı müəllim bacıma bir neçə dəfə söz atırmış. Deyirmiş ki, səndən xoşum gəlir. Mənim xəbərim olmayıb, bu hal bir neçə dəfə təkrarlanıbmış.
- Bəs bacınız nə deyirmiş?
- Bacım da deyirmiş ki, get işinlə məşğul ol. Nə bilsin, deyib adamdır də, başa düşər, əl çəkər.
- Sonra nə olub?
- Aprelin 13-ü günü bacım məktəbdə təmizlik işləri aparırmış. Sinif otaqlarından birini təmizləyən zaman həmin Azərbaycan dili və ədəbiyyatı müəllimi bacıma deyib ki, gəl bu otağı aç, burada bir şeyə baxacağam. Bacım da otağı açan zaman, o, Təhminəni itələyib otağa salıb, qışqırmasın deyə ağzını tutub. Sonra paltarlarını dartışdırıb və orada bacıma təcavüz edib...(səsi xırıldayır, dediyi sözlər aydın eşidilmir). Səbuhi bacıma təcavüz etdikdən sonra bacım oradan canını qurtarmağa çalışıb. Məktəbdən çıxıb evə qaçıb. Evdə də heç kimə heç nə deməyib.
- Bəs siz necə xəbər tutdunuz? Sizə kim dedi ki, bacınız təcavüzə məruz qalıb?
- Bacım evdə bikef otururdu. Səssiz-səmirsiz idi, danışmırdı. Onun bu səssizliyini hiss edəndə narahat olmağa başladım. Hardasa, aprel ayının 30-u olardı, Təhminədən soruşdum ki, sənə nə olub. Əvvəlcə heç nə demədi. İsrar elədim. Sonra bacım mənə dedi ki, ayın 13-də təcavüzə məruz qalmışam. Dedim, kim edib? Cavab verdi ki, Səbuhi Babayev. Üstündən 15-16 gün keçəndən sonra bu hadisədən xəbər tutmuşam.
“Müstəntiq dedi ki, qovulacaq, cərimələnəcək, vəssalam...”
Behbud deyir ki, elə həmin günün axşamı 15-16 gün əvvəl baş verənlər barəsində atasına hər şeyi danışıb. Hadisənin məktəbdə olduğunu deyib. Atası da baş verənlər haqqında məktəb direktoruna məlumat verib:
- Məktəb direktoruna məlumat verəndən sonra kəndin icra nümayəndəliyinə getdik. İcra nümayəndəsinə bizim uşağın başına belə bir hadisə gəlməsi ilə bağlı müraciət etdik. Ayın 1-i günü səhər tezdən mən rayon polis şöbəsinə bu haqda məlumat verməyə gedirdim. Yolda Səbuhini gördüm. Məktəbdən çıxıb evə gəlirdi. Özümü saxlaya bilmədim Səbuhini vurdum. Dedim ki, sənin törətdiyin bu hərəkətin adı heç bilirsənmi nədir? Əlimdən birtəhər çıxıb qaçdı.
- Sahə müvəkkili harada idi ki, birbaşa rayon polis şöbəsinə gedirdiniz?
- Sonra sahə müvəkkili gəldi. Bacım da bildirdi ki, ona təcavüz edilib. Həmin polis əməkdaşı da mənə dedi ki, gəl izahatı söyüşlə yazaq. Dedim ki, söyüşlə yazmayaq, hadisə nə cür baş veribsə, o cür də qeyd edək. Sahə müvəkkili bu arada mənə dedi ki, sən də onu – Səbuhini vurmusan. Mən də qayıtdım ki, bəli, vurmuşam. Mənim də cəzamı verin, amma o da öz utanc gətirən hərəkətinə görə cavab versin. Sahə müvəkkili dedi ki, darıxma, onun başına oyun açacağam. Amma Yaqub adlı həmin sahə müvəkkili məni aldatdı.
- Necə?
- İzahatımızı götürüb getdi. Ondan sonra həmin sahə müvəkkilindən səs-səmir çıxmadı. Heç bir şey eləmədi. Məsələni yubatdı, fırlatdı. Mən də gördüm ki, şikayətimizə baxılmır, iş yubanır, mayın 25-də Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurdum. Mayın 26-da kəndimizə Qax Rayon Polis Şöbəsinin rəisi ilə prokuror gəldi. Mən də orada dedim ki, sahə müvəkkili işi yubadır. Orada mənə bir mayor yaxınlaşdı, dedi ki, 28-i şöbəyə gəl. Deyilən vaxtda şöbədə oldum. Hadisə ilə bağlı ətraflı məlumat verdim. Orada mənə dedilər ki, müəllim işdən çıxarılacaq. Üstəlik cərimə ödəyəcək. Mən də qayıtdım ki, təcavüzün cəzası budurmu? İşdən çıxarılmaqla, cərimə ödəməklə cəzası bitəcəkmi? Dedilər ki, hə, bu cinayətin cəzası budur. Bunları mənə Əkbər adlı mayor dedi. Etiraz etdim, dedim, axı təcavüzün cəzası bu deyil.
“Deyirlər ki, təcavüzün dəlili-sübutu yoxdur...”
Behbud Heybətov deyir ki, bir müddət sonra iş təhqiqat şöbəsinə göndərilir. İşə onlar baxası olur. İstintaq başa çatandan sonra cinayət işi prokurorluğa ötürülür. Hazırda işimiz prokurorluqdadır – Qax Rayon Prokurorluğunda, amma ortada da heç nə yoxdur:
- Prokurorluqdan mənə deyirlər ki, bu işə sübut lazımdır. Mən də deyirəm ki, bu işə nə kimi sübut istəyirsiniz, ən böyük, tutarlı sübut təcavüzə uğrayan bacımdır.
- Bacınızın təcavüz vaxtı əynində olan paltarlar istintaqa verilibmi?
- Bəli, verilib. Amma hadisədən 15-20 gün sonra.
- Cırılmışdımı paltarları?
- Bəli, paltarlarını dartışdıranda bir neçə yerdən cırılmışdı. Zorakılıq əlamətləri açıq-aydın görünürdü.
- Hadisə dərs vaxtı olmuşdu? Bəs kimsə bacınızın hayına yetməyib?
- Bəli, dərs vaxtı olub. Müəllimlər də, şagirdlər də dərsdə olublar həmin vaxt. Elə Səbuhi də bundan istifadə edib.
- İndi Səbuhi Babayev bunları boynuna alırmı?
- Xeyr, boynundan atır. Deyir, mən eləməmişəm. Amma mən polisə ərizə yazandan sonra valideynləri, qohum-əqrəbası bizə minnətə gəlmişdilər. Ərizəmi geri götürməyimi istəyirdilər. Üstümüzə qohum-qonşuları göndərirdilər. Mən də dedim ki, ya bu təcavüzə görə Səbuhi həbs olunmalıdır, ya da barəsində daha sərt cəza tədbiri görülməlidir.
- Səbuhi Babayev yenə həmin məktəbdə müəllim işləyir?
-Xeyr, işləmir. Xəstəliklə bağlı məzuniyyətə çıxıb. Guya xəstədir. Hadisənin sabahı gün məktəb direktoru Xalid Heydərov Səbuhi Babayevi işdən qovub. O gündən dərsə gəlmir, amma gedib xəstəxanada özünə sənəd açdırıb ki, guya xəstədir.
- Bəs bu barədə Təhsil Nazirliyinə də məlumat verilibmi? Çünki hadisə məktəbdə baş verib...
- Təhsil Nazirliyinə yox, Qax Rayon Təhsil Şöbəsinə məlumat vermişik. Oradan da bildiriblər ki, qanuna uyğun olaraq məhkəmənin qərarını gözləməliyik. Məhkəmənin rəyindən sonra həmin müəllim haqqında bir tədbir görüləcək.
Behbud Heybətov deyir ki, bacısı Təhminə Heybətovaya haqsızlıq edilib. İndi var gücü ilə məsələnin hüquqi çərçivədə həll olunması istəyir. O, polis və prokurorluq orqanlarının məsələni bu qədər yubatmasından narahat olduğunu, Təhminə Behbudovaya (bir daha xatırladıram, ad və soyad şərtidir) qarşı törədilən zorakılığın cəzasız qalacağından qorxduğunu söyləyir. Bizdən də məsələnin ictimailəşdirilməsini xahiş edir.
Zorlamada ittiham edilən müəllimlə - Səbuhi Babayevlə əlaqə saxladıq. Səbuhi Babayev Lent.az-a açıqlamasında Heybətovlar ailəsinin ona qarşı irəli sürdüyü ittihamı qətiyyən qəbul etmədiyini bildirdi:
“Bu, ağ yalandır. Şayiədir. Bu məsələ mənim karyerama, kənddəki müəllim nüfuzuma, hörmətimə vurulan böyük bir zərbədir. Məsələdən polis şöbəsinin, prokurorluğun da xəbəri var. Fakt, sübut da yoxdur. Hadisədən sonra mənim ailə üzvlərim Heybətovlar ailəsinin qapısına üzrxahlığa getməyiblər. Sadəcə bu məsələ ilə bağlı mənimlə Behbudun (ad şərtidir-red) arasında dava olmuşdu. Bu davanın səbəbini soruşmağa, "niyə dalaşmısınız?" sualına cavab axtarmağa getmişdilər. Bizim gözəl prokurorluq orqanlarımız var. Hər şeyi özləri ayırd edəcək. Bir daha deyirəm, ortada heç bir fakt, sübut yoxdur, ağ yalandır”.
Məsələ ilə bağlı Cəlayır kəndinin sahə müvəkkili mayor Yaqub Quliyevlə əlaqə saxladıq. Sahə müvəkkili Lent.az-a açıqlamasında bildirdi ki, bu haqda heç bir məlumat verə bilməz. Çünki iş artıq prokurorluqdadır.
Cəlayır kənd orta məktəbinin direktoru Xalid Heydərovla da əlaqə saxlayıb Təhminə Heybətovaya (ad-soyad şərtidir –red.) təcavüz etməkdə ittiham olunan Azərbaycan dili və ədəbiyyatı müəllimi Səbuhi Babayevin işdən çıxarılıb-çıxarılmadığını soruşduq. Məktəb direktoru Lent.az-a açıqlamasında bildirdi ki, müəllim yerindədir və işdən çıxarılmayıb:
“Məsələyə prokurorluq baxır. Hansı qərar qəbul edilsə, biz də məhkəmənin qərarına müvafiq olaraq addım atacağıq. Hələ ki, araşdırma aparılır. Onu da deyim ki, bu məsələ ilə əlaqədar konkret fakt və ya faktlar yoxdur. Əgər prokurorluq faktı təsdiqləsə, o zaman Rayon Təhsil Şöbəsi müvafiq qəbul edəcək. Təhsil Şöbəsi hansı qərarı versə, biz də onu yerinə yetirəcəyik. Səbuhi Babayev də ona qarşı irəli sürülən ittihamı qəbul etmir”.
Xalid Heydərov təcavüz məsələsi gündəmə gələnə qədər, elə indi də nə xadimədən, nə də dil-ədəbiyyat müəllimindən narazı olmadığını söyləyir:
“Səbuhi müəllim çox fəal, işini bilən pedaqoqlarımızdandır. İctimai həyatda da aktiv şəxsdir. Bu hadisədən sonra 2 dəfə Səbuhi müəllimlə oturub söhbət etmişəm. Belə bir şey etmədiyini deyir. Təhminə xanım (ad şərtidir – red.) da çox ağıllı, başı aşağı, sakit bir xanımdır. Nə Təhminə xanımdan, nə də Səbuhi müəllimdən indiyə kimi şikayətimiz olmayıb. Nöqsanlı hərəkətlərini görməmişik. Hadisə haqqında eşidəndən şokdayıq. Burada üç uşaqlı müəllimin taleyi həll olunur. Mən öz başıma qərar qəbul edə bilmərəm. Bir daha deyirəm, məhkəmə hansı qərarı qəbul etsə, ona müvafiq addımlar atacağıq. Mən elə hesab edirəm ki, bunlar şayiədir".
Oxu24.com
ŞƏRHLƏR