Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21712
az

Şəkidə şok olay: Toy bitdi, müğənninin qanını tökdülər – Təfərrüat

19:1729 Dekabr, 2019
1060
KRİMİNAL
  • A

Şəkidə iki qardaşı öldürməyə cəhddə ittiham olunan 1996-cı il təvəllüdlü Mikayıl Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Şəki rayonu Şin kəndində Mikayıl Bəkirov 1983-cü il təvəllüdlü Təbriz Qəribov və onun 1992-ci il təvəllüdlü qardaşı Qalibi öldürməyə cəhd edib.

Toydan sonra müğənni ilə mübahisə

Mikayıl Bəkirov 2016-cı il oktyabrında kənddə keçirilən toy məclisində spirtli içki qəbul edib. Məclis yekunlaşdıqdan sonra toyda müğənnilik etmiş qonşusu Təbriz Qəribova yaxınlaşaraq, onu maşını ilə təcili Baş Layısqı kəndində yaşadığı evə aparmağı tələb edib.

Təbriz Qəribov isə toy sahibindən pul alandan sonra onu maşını ilə evinə aparacağını deyib.

Mikayıl Bəkirov tələbinin yerinə yetirilmədiyini dərhal görüb bunu bəhanə edərək şadlıq evinin arxasında Təbriz Qəribovun göz nahiyəsinə yumruqla vurub.

Bundan sonra Təbriz Qəribov qardaşı Qaliblə Baş Layısqı kəndində görüşüb və Mikayıl Bəkirov tərəfindən döyüldüyüün bildirib. Qardaşlar Mikayıl Bəkirovu döyüb, qisas almaq qərarına gəliblər.

Bu məqsədlə Qalib Qəribovun idarə etdiyi VAZ-21061 markalı maşınla hadisənin baş verdiyi “Salavat” şadlıq sarayına yollanıblar. Onlar Vüqar Mənəfovun idarə etdiyi “Ford Transit” markalı avtomaşında Mikayıl Bəkirovu görüblər.

Döydülər, bıçaqlandılar

Qalib Qəribov idarə etdiyi maşınla Mikayıl Bəkirovun olduğu maşının qarşısını kəsib, ona hücum ediblər.

Bu zaman Mikayıl Bəkirov əvvəlcə Təbriz Qəribova, daha sonra isə onun qardaşı Qalibə çoxsaylı bıçaq xəsarəti yetirib. Hər iki qardaş vaxtında xəstəxanaya çatdırıldığı üçün onarın həyatını xilas etmək mümkün olub.

Həbs olunan Mikayıl Bəkirovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmək), 221.1-ci (xuliqanlıq) və 228.4-cü (soyuq silah gəzdirmə) maddələri ilə ittiham olunub.

“Sonradan fikrini dəyişdi”

Məhkəmədə ifadə verən Mikayıl Bəkirov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, qonşusu Təbrizin toydan sonra onu maşını ilə evə aparmaması xətrinə dəyib: “Buna görə Təbrizi döymək istədim. Onun sifət nahiyəsinə yumruqla vurdum. Lakin dava-dalaş böyümədi. Həmin vaxt sərxoş olduğumdan bizi aralaşdıran şəxslərin kimlər olmasına fikir vermədim. Daha sonra Təbriz oradan getdi”.

Mikayıl Bəkirov qeyd edib ki, o da evə getmək məqsədilə piyada restorandan 200-300 metr uzaqlaşıb, yolda həmkəndlisi Vüqarla rastlaşıb, onun maşınında kəndə yollanıblar: “Həmin yerdən təxminən 1500 metr uzaqlaşdıqdan sonra qarşıdan gələn “VAZ 21061” markalı maşın işıq siqnalı verib, mənim olduğum maşının qabağını kəsdi. Maşınlar dayandıqdan dərhal sonra həmin avtomaşının içindən Təbriz və qardaşı Qalib düşdülər.

Onların məni döymək fikrində olduğunu gördüm. Vüqar dava-dalaş olacağını bilib oradan uzaqlaşdı. Maşında olan həmkədilimiz Məmməd isə bizi aralamaq məqsədilə maşından düşdü. Yolun kənarında iki qardaşdan hans birisə məni yerə yıxdı. Təbriz üzərimə çıxdı, hər iki qardaş yumruq və təpiklərlə vuraraq məni döyməyə başladılar. Məmməd isə onları məndən aralıya bilmədi”.

“Paltarları gizlətdim ki, ailə üzvlərim qorxmasınlar”

Mikayıl Bəkirovun ifadəsinə görə, qardaşlarla bacara bilməyəcəyini görüb, özünü müdafiə məqsədilə bıçağa əl atmalı olub: “Əvvəlcə bıçağı əlimdə sağa-sola fırlatmaqla özümü müdafiə etdim. Sərxoş olduğumdan Qalibə bıçaq zərbəsinin hansı vəziyyətdə və istiqamətdə dəydiyini xatırlamiram. Qardaşlar əlimdə bıçaq olduğundan mənimlə bacara bilməyəcəklərini anladılar, məni buraxaraq aralandılar.

Hadisədən sonra piyada Baş Layısqı kəndinin mərkəzinə gəldim. Oradakı dayanacaqda təsadüfən yaxın dostum Fərrux Səlimovla rastlaşdım. Söhbət edə-edə kəndin mərkəzindən təxminən 500 metr məsafədə yerləşən dağın yaxınlığından axan çayın kənarına gəldik.

Hadisə barədə olduğu kimi Fərrux Səlimova məlumat verdim. Fərruxdan cinayət zamanı istifadə etdiyim bıçağı gizlətməsini xahiş etdim. Bu səbəbdən Fərruxun həmin bıçağı harada gizlətdiyini görə bilməmişəm. Sonra onunla evə gəldik.

Əynimdə olan paltarları soyundum və gizlətdim ki, ailə üzvlərim görüb qorxmasınlar. Başqa paltar geyindim, Fərrux çöldə məni gözləyirdi. Birlikdə kəndarası yola çıxdıq. Orada məni polis əməkdaşları saxladılar”.

8 il cəza

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mikayıl Bəkirov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Protestdə təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması tələb olunub.

Həmçinin təqsirləndirilən Mikayıl Bəkirov da apelyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 29, 120.1, 221.1 və 228.4-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə ona bəraət verilməsini və əməlinin Cinayət Məcəlləsinin 130.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə tövsif edilərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Bir müddət əvvəl Şəki Apelyasiya Məhkəməsində şikayətlərə baxan hakim heyəti qərar elan edib. Qərara əsasən, prokurorun və təqsirləndirilən şəxsin şikayətləri təmin olunmayıb.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Ali Məhkəməyə ünvabnladığı şikayətində Şəki Apelyasiya Məhkəməsinin 9 avqust 2017-ci il tarixli qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılmasını xahiş edib. Mikayıl Bəkirov da cəzasının yüngülləşdirilməsi barədə kasasiya şikayəti verib.

Ali Məhkəmədə işə baxan hakim heyəti prokurorun protestini təmin edib. Şəki Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

İş materialları Şəki Apelyasiya Məhkəməsinə qaytarılıb, hakim Gündüz Abbasovun icraatına verilib.

2 il cəza saxlanıldı

Apelyasiya şikayəti və protestin dəlilləri araşdırılıb, sonda qərar açıqlanıb. Təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin məcəllənin 130.1-ci maddəsinə tövsif edilib.

Məhkəmə Mikayıl Bəkirovu Cinayət Məcəlləsinin 130.1 və 228.4-cü maddələri ilə təqsirli bilib, ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Prokurorun protesti təmin olunmayıb.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Şəki Apelyasiya Məhkəməsinin sonuncu çıxardığı qərarın ləğv edilməsini, işin ağırlaşdırıcı hallarının müəyyən olunması üçün cinayət işinə yenidən apelyasiya instansiyasında baxılması üçün qərar qəbul edilməsini tələb edib.

Prokurorun bu şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Əliyevin sədrliyi ilə baş tutan prosesdə kasasiya protestinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda prokurorun protestinin təmin olunmaması barədə qərar qəbul edib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qardaşı
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı
Müsavat itkin düşmüş fəalı öldürülüb

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı