Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83697
az

Xüsusi ittiham qaydasında icraat necə başlanır? -HÜQUQİ YARDIM 

14:3001 Mart, 2023
223
HÜQUQ
  • A

Oxu24.com oxuuclara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu xüsusi ittiham qaydasında işlərə baxılması ilə bağlıdır.

Xüsusi ittiham dedikdə cinayət işləri üzrə elə icraat forması başa düşülür ki, belə icraatlar yalnız zərərçəkmiş şəxsin (və ya onun nümayəndəsinin) şikayəti üzrə başlanır və zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda icraata xitam verilir. Belə işlər üzrə məhkəmədə ittiham prokuror tərəfindən deyil, zərərçəkmişin özü tərəfindən həyata keçirilir.

Xüsusi ittiham qaydasında icraat hansı cinayətlər üzrə həyata keçirilir?

Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Cinayət Məcəlləsinin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (İxtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir.

Xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir.

Xüsusi ittiham qaydasında icraat necə başlanır?

Xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər.
Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə
Xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan açılır.
Həmin andan cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittihamçı hesab olunur.
Xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə məsrəflərin tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır.
Məhkəmə hazırlıq iclası nə vaxt təyin olunur?

Məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayət məhkəməyə daxil olduqdan sonra 7 (yeddi) gün müddətində təyin edilir.
Məhkəmə onun icraatına daxil olan xüsusi ittiham qaydasında şikayət və məhkəmənin hazırlıq iclasının keçirilməsi barədə müvafiq şəxslərə (zərər çəkmiş şəxsə və ya xüsusi ittihamçıya) məhkəmənin hazırlıq iclasının keçirilməsinə ən azı 3 (üç) gün qalmış məlumat verməlidir.
Məhkəmə baxışı nə vaxt təyin olunur?

Məhkəmə baxışı xüsusi ittiham qaydasında şikayətə baxılması üçün məhkəmənin hazırlıq iclasının keçirildiyi andan 7 (yeddi) gündən artıq olmayan müddətdə təyin edilməlidir.
Xüsusi ittihamçının məhkəməyə gəlməməsinin nəticəsi nə olur?

Xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir.
Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin qərarı ilə cinayət işinin məhkəmədə xüsusi ittiham qaydasında şikayət üzrə icraatına xitam verilir.
Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən nə zaman imtina edilir?

1) şikayət həmin məhkəməyə aid olmadıqda;

2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə;

3) şikayətin məzmunu bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda;

4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə;

5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda;

6) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda;

7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə;

8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə.

Xüsusi ittiham qaydasında şikayət üzrə icraat nə zaman dayandırılır?

Məhkəmənin hazırlıq iclasında aşağıdakılar müəyyən edildikdə bu barədə əsaslandırılmış qərar çıxarılır:

1) təqsirləndirilən şəxs gizləndikdə və onun olduğu yeri məlum olmadıqda;

2) təqsirləndirilən şəxs onun məhkəmə baxışında iştirakını istisna edən ağır xəstəliyə tutulduqda;

3) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatında xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı tətbiq edilmiş normativ hüquqi aktın Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması ilə bağlı sorğu olduqda.

Məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmə müşavirə otağına gedir.

Məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq aşağıdakı hərəkətlər yerinə yetirilməlidir:

Məhkəmə hökmün (ittiham və ya bəraət hökmü) surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya) verməlidir;
Məhkəmə cinayət prosesi iştirakçılarının vəsatəti əsasında onlara məhkəmənin yekun qərarının digər surətini verməlidir.
Məhkəmənin yekun qərarından hansı müddətdə apellyasiya şikayəti və ya apellyasiya prostesti verilə bilər?

Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarından apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.
Məhkəmənin yekun qərarından apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib