Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77497
az

Şəxs sahibliyində olan sənədsiz daşınmaz əmlakı öz adına rəsmiləşdirə bilərmi?

17:0126 Noyabr, 2022
247
HÜQUQ
  • A

Oxu24.com oxuuclara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu Şəxs sahibliyində olan sənədsiz daşınmaz əmlakı öz adına rəsmiləşdirə bilərmi? sualı ətrafındadır.

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsində  qeyd edilir ki,

 "Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər."

Əldə etmə müddəti əsasında faktik mülkiyyətçi olan şəxslərin mülkiyyətçi kimi qeydə alınmasına dair işlər üzrə məhkəmələr həmin müddətin hesablanmasını Azərbayccan Respublikasının Mülki Məcəlləsinin qüvvəyə mindiyi tarixdən yanı 01 sentyabr 2000-ci ildən hesablamağa başlayır.

Yanı misal üçün şəxs 1990-ci ildən onun sahibliyində olan heç bir sənədsiz torpaq sahəsinin öz adına rəsmiləşdirilməsi ilə bağlı müraciət edə bilməz çünki 30 ilnən bağlı norma 2000-ci il tarixdən qüvvəyə minib və ona görə də hesablanma 2000-ci ildən başlanılır.

Bu mövqe Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 28 yanvar 2002-ci il tarixli qərarı ilə əsaslandırılır. Belə ki, həmin qərarda qeyd edilir ki, AR MM-nin 2005-ci il 24 iyun tarixinədək qüvvədə olan 179.1-ci maddəsinə əsasən daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin 10 il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir.

Qeyd olunan qərara əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin təhlilindən görünür ki, həmin Məcəllənin 179-cu maddəsinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir. 

Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunması qənaətinə gəlinmişdir.

Hesab edirik ki, Mülki Məcəllənin 2005-ci il 24 iyun tarixinədək qüvvədə olan 179.1-ci maddəsində nəzərdə tutulmuş əldəetmə müddətinin Mülki Məcəllənin qüvvəyə minməsi tarixindən etibarən hesablanmasına dair Konstitusiya Məhkəməsinin mövqeyi şəxsin istifadə hüququnun mövcud olduğu əvvəlki illərin ümumən nəzərə alınmaması anlamına gəlmir.

 

Belə ki, hazırda qüvvədə olan AR MM-nin 178.6-cı maddəsində nəzərdə tutulan 30 illik əldəetmə müddətinin məhz Mülki Məcəllənin qüvvəyə mindiyi tarixdən, yəni 2000-ci ildən sonra yaranan münasibətlərə şamil edilməsinə dair qanunvericilikdə heç bir məhdudiyyət yoxdur.

Belə ki, AR MM-nin 7.1-ci maddəsinə əsasən:

Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 

Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.

Bu maddənin qüvvəsi geriyə şamil olunarkən hər hansı mülki hüquq subyektinin hüquqi vəziyyətini pisləşdirmir. Çünki, bu maddədə əmlakın heç bir şəxsə mənsub olmaması əsas şərt kimi göstərilmişdir. Əgər həmin maddədə nəzərdə tutulan daşınmaz əmlaka başqa şəxs iddia edərsə, onun qüvvəsinin geriyə şamil olunması həmin əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmiş digər iddiaçılar üçün bərabər nəticələr doğurar.

Digər sözlə, maddənin hüquqi qüvvəsinin geriyə şamil olunması hər hansı şəxsin reallıqda mövcud olan vəziyyətinin pisləşməsinə səbəb olmur. Çünki, faktik sahib həmin əmlaka sahibliyi vicdanla həyata keçirir. Onun özünü mülkiyyətçi kimi hesab etməyə əsası vardır. Mülki qanunvericiliyin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək olduğunu nəzərə alsaq, faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmiş şəxsin mülkiyyətçi kimi qeydə alınması üçün real zəmin yaranır.

Məsələyə digər tərəfdən yanaşaraq 30 illik əldəetmə müddətinin həmin normanın qüvvəyə mindiyi tarixdən sonrakı münasibətlərə şamil etsək və həmin norma qüvvəyə minənə qədər əmlaka real sahibliyi həyata keçirmiş şəxslərin faktiki sahiblik müddətini nəzərə almasaq, bu hal real hüquqlara sahib olan maraqlı şəxsin konstitusion hüququnun həyata keçirilməsini, yəni onun hüquqi vəziyyətini yaxşılaşdıran mülki hüquq normasının qüvvəsinin geriyə şamil olunmasını məhdudlaşdıra bilər.

Beləliklə, şərh edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, əgər mülki hüquq norması, ocümlədən AR MM-nin 178.6-cı maddəsində nəzərdə tutulan əldə etmə müddəti maraqlı şəxsin hüquqi vəziyyətini yaxşılaşdırmaqla yanaşı digər subyektlərin mövcud vəziyyətini pisləşdirmirsə, maraqlı şəxs Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinidə təsbit olunmuş hüququnun həyata keçirilməsini, yəni həmin maddənin birbaşa tətbiq edilməsini və onun hüquqi vəziyyətini yaxşılaşdıran mülki hüquq normasının qüvvəsinin geriyə şamil olunmasını tələb edə və bununla da mülkiyyətçi kimi qeydə alınmasına nail ola bilər.

Hazırladı:  Hicrət Hüseynzadə

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşə gecikməyə görə maaşdan pul tutula bilər?— VƏKİL AÇIQLADI
“İrşad Electronics” qanunları necə pozur?
Vəkillər Kollegiyasında “Dövlət hesabına hüquqi yardım” mövzusunda Ümumrespublika Müşavirəsi keçirilib