ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub. Bu barədə Azərbaycanın Xarici işlər Nazirliyindən məlumat verilib.
İlk rəsmi görüş olduğundan, tərəflərin hansı məsələləri hansı formada müzakirəyə çıxaracağı maraq dairəsindədir. Ermənistanın son bir neçə ayda Dağlıq Qarabağ probleminin həllini tapması istiqamətində müsbət irəliləyişlərdən narahat olaraq müxtəlif təxribatçı addımlar atması fonunda görüşdə necə mövqe sərgiləyəcəyi hər kəsi maraqlandırır.
Məsələ ilə bağlı Publika.az-ın suallarını cavablandıran siyasi şərhçi Tofiq Abbasov bildirir ki, bu görüşdən gözləntilər bir o qədər də böyük ola bilməz:
“Çünki hazırda cəbhə xəttində yeni gərginlik dalğasının şahidi oluruq. Həmişəki kimi, bu gərginliyin də səbəbi Ermənistan ordusu və onlara siyasi dairələr tərəfindən verilən tapşırıqlardır. Onlar sabitliyi pozmaq və dünyaya belə fikir təlqin etmək istəyirlər ki, münaqişə bölgəsində sabitlik yoxdur, buna görə sülh istiqamətində atılan addımlar nəticə verməyəcək. Bu, Ermənistanın niyyətinə cavab verən situasiyadır. Belə başa düşürəm ki, Azərbaycanın Ermənistana verdiyi müddət tükənib. Az qala bir ilə yaxındır ki, Nikol Paşinyan hakimiyyətə gəlib. O, yeni rəhbər olaraq köhnə siyasətin davamçısına çevrilir. Prosesləri dağıdıcı məcraya yönləndirməlklə çalışır ki, siyasi prosesdə irəliləyiş olmasın. Ona görə də Ermənistanın daxili qrupları və hətta mötədillər belə deyirlər ki, Dağlıq Qarabağ məsələsi həllini tapıb. İşğal olunmuş torpaqlar Azərbaycana qaytarıla bilməz. Lakin bütün bunlara rəğmən, belə cəfəng fikirlər Azərbaycanın mövqeyinə təsir göstərə bilməz. Hazırda qarşımızda duran əsas məsələ işğal olunmuş torpaqlarımızın geri qaytarılmasıdır. Ölkə rəhbərimiz də bu məsələ ilə bağlı öz prinsipial mövqeyini bütün maraqlı dairələrə çatdırıb. Burada təkcə Ermənistandan söhbət getmir. Bunu həmsədrlər də bilir, BMT-nin ali rəhbərliyi də, Avropa təsisləri də”.
Politoloqun sözlərinə görə, qarşıdan gələn görüş əsnasında Paşinyanla söhbət konkret bir tərzdə getməlidir:
“Əliyev dəfələrlə Serj Sarkisyana da, Paşinyanın özünə də bu barədə danışıb. Bilirik ki, Paşinyan Əliyevlə bu vaxta qədər üç dəfə görüşüb: Düşənbə, Sankt-Peterburq və Davosda. Burada paradoksal və anlaşılmayan məqam ondan ibarətdir ki, Nikol Paşinyan bu görüşlər əsnasında olan söhbətləri danışıq adlandırmır. O deyir ki, bunlar sadə, qeyri-formal məsləhətləşmələrdir. Halbuki, əgər siyasi liderlər məqam tapıb üz-üzə görüşə bilirlərsə, bu, böyük nəticədir. Çünki problemlərin həlli ilə bağlı istənilən formatda danışıqlar alınırsa, onlardan istifadə etmək lazımdır ki, nəticə əldə olunsun. Burada biz Paşinyanın qeyri-peşəkar, gülünc yanaşmasını görürük. Çünki bu, qeyri-ciddi münasibətdir. O, özü tutduğu vəzifəsinin sanbalına, məsuliyyətinə bələd deyil. Hər bir hökumət rəhbəri istəyir ki, problemli vəziyyətlərlə bağlı özünün aydın yanaşması ortada olsun. Qarşı tərəflərlə də istənilən vəziyyətdən istifadə edib nəticəyə yaxınlaşsın.
Vyana görüşündə söhbət ciddi şəkildə gedəcək. Çünki istər-istəməz həmsədrlər danışıqlar üçün imkanlar əldə ediblər. Tərəflər hər ikisi razılıq verib. İndi bu zamanı boşa vermək alınmayacaq. Əliyev Ermənistanın mövqeyini əks etdirən Nikol Paşinyandan konkret münasibət tələb edəcək. Ermənsitanın siyasi elitasının borcudur ki, probelmlə bağlı vahid qərara gəlsinlər. Bizim son itkimiz də (Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlunun Ermənistan Silahlı Qüvvələri tərəfindən şəhid edilməsi – red.) göstərir ki, Ermənistan təxribatçı münasibətindən hələ də qurtula bilməyib.
Siyasi şərhçi qeyd edir ki, bu görüş də nəticəsiz qalsa, Azərbaycan tərəfi müharibə versiyasını ciddi şəkildə gündəmə gətirə bilər:
“Hərçənd ki, bu versiya hər an, istənilən məqamda baş tuta bilər. 2016-cı ilin aprelində baş vermiş hadisələri yada salaq. Onu kim gözləyirdi? Onlar əvvəldən proqnozlaşdırılmışdı? Xeyr. Amma baş verdi. Niyə? Çünki yenə də Ermənistanın Silahlı Qüvvələri özbaşınalığa yol verdilər. Tutarlı zərbə ilə üzləşəndən sonra dəhşətə gəldilər. Onların bir çox generalı, hərbiçiləri öz vəzifələrindən azad olundu. Hətta bəziləri məsuliyyətə cəlb edildi. Yəni istənilən halda, Azərbaycanın B planı hazırdır. İstənilən halda, anti-terror əməliyyatı başlana bilər. Çünki bu, bizim son alternativimizdir. Əgər Ermənistan xoşluqla kompramisə getmək istəmirsə, onda deməli, bu azğınlaşmış işğalçını güc vasitəsilə ram etmək lazım gələcək”.
Zümrüd
Oxu24.com
ŞƏRHLƏR