Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94159
az

Azərbaycan-Özbəkistan münasibətləri üçün yeni perspektivlər - Mirziyoyevin Bakı səfəri nə vəd edir?

11:1222 Avqust, 2023
104
  • A

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin təməl prinsipini təşkil edir. Hazırkı geosiyasi kontekstdə bu yanaşma son dərəcə mühüm əhəmiyyət kəsb edir. Ötən il Azərbaycanla Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları arasında fəal əməkdaşlıq dövrü kimi yadda qalıb. Prezident İlham Əliyevin şəxsi səyləri sayəsində Xəzər dənizinin Qafqazla Mərkəzi Asiya arasında birləşdirici element olaraq çıxış etdiyi artıq aydın şəkildə nəzərə çarpır.

OXU24.COM Trend-ə istinadən bildirir ki, davam edən qlobal qeyri-müəyyənlik və müxtəlif sahələrdə bitmək bilməyən qarşıdurmalar şəraitində Azərbaycan-Özbəkistan münasibətləri öz stabilliyini qoruyub saxlayıb. Bakı-Daşkənd strateji müttəfiqliyi daima hər iki ölkə üçün birinci dərəcəli əhəmiyyət kəsb edib.

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin 22-23 avqust tarixlərində Azərbaycana planlaşdırılan səfəri də bu mütərəqqi əməkdaşlığın daha bir sübutudur.

2022-ci ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı ikitərəfli münasibətlərin gələcək trayektoriyasını müəyyən edən bir sıra mühüm sənədlər imzalanıb. Bunların arasında strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə bəyannamə xüsusən diqqətəlayiqdir. Bu sənəd ikitərəfli münasibətlərdə yeni mərhələ deməkdir. Bəyannamədə əsas əməkdaşlıq sahələri, o cümlədən, ticari və sənaye əməkdaşlığının genişləndirilməsi nəzərə çarpır.

Bununla yanaşı, ümumi öhdəliklər nəqliyyat və logistika şəbəkələrinin möhkəmləndirilməsi, kənd təsərrüfatı sektorunun artımının birgə təşviqi, eləcə də, hərbi və hərbi-siyasi sahələrdə prioritet əməkdaşlığa şamil olunur. Bütünlükdə bugünədək bu səmərəli əməkdaşlığın əsasını 160-dan çox saziş təşkil edir.

Qarşılıqlı iqtisadi maraqlar ikitərəfli münasibətləri yalnız möhkəmləndirir. Beləliklə, Özbəkistan və Azərbaycan bir-biri üçün yeni bazarlara çıxışın təmin edilməsində unikal imkanlar yarada bilər. Özbəkistanın coğrafi mövqeyi sayəsində Azərbaycan Asiya bazarlarına çıxış imkanı əldə edə bilər, eyni zamanda, Azərbaycan Özbəkistanı Avropa bazarlarına çıxış imkanı ilə təmin edə bilər.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və ya Orta Dəhliz qlobal ticarətin əsas kanalı olmaqla, hər iki ölkə üçün perspektivlər spektri ehtiva edir. Dəhlizin potensial faydaları açıq-aşkardır, belə ki, bu təşəbbüsdə iştirak Bakı və Daşkəndin öz iqtisadi imkanlarını gücləndirməsinə şərait yaradır, eləcə də, beynəlxalq arenada öz siyasi nüfuzunu genişləndirmək imkanı ilə təmin edir.

2022-ci ildə Özbəkistanla Azərbaycan arasında qarşılıqlı ticarətin həcmi illik hesablamada mühüm artım nümayiş etdirərək, 118,9 milyon dollardan 181,2 milyon dollara çatıb (52,4 faiz artım). Bu ilin birinci yarısında iki ölkə arasında əmtəə dövriyyəsi 84,6 milyon dollara çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,7 faiz artım deməkdir.

Eyni zamanda, son illər ərzində birgə müəssisələrin sayı əhəmiyyətli dərəcədə artıb. 2023-cü il 1 iyul tarixinə olan məlumatlara görə, Özbəkistanda Azərbaycan kapitalına malik 204 müəssisə fəaliyyət göstərir (2017-ci ildə - 71 şirkət), bunlardan 67-si birgə, 137-si isə sırf Azərbaycan şirkətdir. Təkcə bu ilin əvvəlindən 22 birgə müəssisə yaradılıb.

Bu ilin əvvəlində tərəflər 500 milyon dollarlıq kapitala malik birgə investisiya fondunun yaradılması barədə hökumətlərarası saziş imzalayıblar. Fond iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində, yeni birgə investisiya layihələrinin icrasında və yeni əmək məşğulluğu imkanlarının yaradılmasında mühüm rol oynayacaq.

Özbəkistan, həmçinin, Qarabağın yenidən qurulması üzrə səylərdə fəal iştirak edir. Prezident Şavkat Mirziyoyev 2021-ci ilin mart ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal zirvə görüşündə çıxışında ölkəsinin işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə səylərə töhfə verməyə hazır olduğunu bildirib. Bu töhfə ilk növbədə tarixi abidələrin, məscidlərin, eləcə də, mədəniyyət və təhsil ocaqlarının bərpasını ehtiva edir. Bugünkü gün ən mühüm layihə Füzuli şəhərində 960 şagird üçün nəzərdə tutulmuş müasir məktəbin inşasıdır. Təhsil ocağının təntənəli açılış mərasiminin Prezident Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı keçirilməsi planlaşdırılır.

Energetika sahəsində əməkdaşlıq iki ölkə arasında qarşılıqlı əlaqələrin daha bir sütununu təşkil edir. Bu əməkdaşlıq həm ənənəvi enerji resurslarını, həm də bərpa olunan enerji mənbələrini (BEM) əhatə edir. Hazırda Azərbaycan və Özbəkistan BEM sahəsində tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş müzakirələr aparır. Ekoloji cəhətdən təmiz enerji üçün əsas komponentlərin istehsalı üzrə birgə müəssisənin yaradılması perspektivinə xüsusi diqqət yetirilir.

Hər iki ölkənin aparıcı enerji şirkətləri olan SOCAR və "Uzbekneftegaz" uzun müddətdir ki, ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparırlar. Bu il şirkətlər artıq qaz ticarəti üzrə ixtisaslaşmış birgə müəssisənin yaradılması barədə saziş imzalayıblar. Bundan başqa, tərəflər "Uzbekneftegaz"ın Azərbaycanın neft-qaz təşəbbüslərinə, SOCAR-ın isə Özbəkistanın neft-qaz təşəbbüslərinə cəlb edilməsi üzrə planları inkişaf etdiriblər.

Mərkəzi Asiya ölkələri ilə möhkəm əməkdaşlığın qurulması Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin məhək daşıdır. Eyni zamanda, Azərbaycan Avropa ilə səmərəli əməkdaşlığını təkmilləşdirməklə Mərkəzi Asiyanın Qərblə inteqrasiyasında vasitəçi rolunu effektiv şəkildə oynayır.

Bu kontekstdə Azərbaycanla qardaş Özbəkistan arasında həm mövcud olan, həm də nəzərdə tutulan birgə təşəbbüslər yeni nəqliyyat layihələrini inkişaf etdirmək, enerji layihələrinin icrasına şərait yaratmaq, ümumi infrastruktur potensialını artırmaq iqtidarındadır. Bu da nəticədə regionu qarşılıqlı əməkdaşlığın mərkəzinə çevirə və maraqlı bütün tərəflər üçün üstünlük yarada bilər. Bu səylər eyni zamanda regionlararası əlaqələrin möhkəmlənməsi üçün yeni imkanlar yaratmaqla vədverici perspektivlər üçün yol açır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə azalır
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü