Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79568
az

Rusiyadan Ermənistana hədə mesajı - “sülhməramlıları Qarabağdan çıxararıq”

19:0127 Dekabr, 2022
188
DÜNYA
  • A

Rusiya və Ermənistan arasında gərginləşən münasibətlər İrəvanda getdikcə daha çox narahatlıq predmetinə çevrilir. Xüsusən də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvada azərbaycanlı və rus həmkarı ilə üçtərəfli görüşdən imtina etməsi fonunda fikirlər səslənir ki, Kreml bunun əvəzini mütləq çıxacaq.

Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Deyəsən, buz qırılıb. Rəsmi İrəvan nəhayət özündə güc və cəsarət tapdı və Rusiyaya gurultulu “Yox!” dedi. Hələ ötən həftə baş nazir Nikol Paşinyan hökumətin iclasında Rusiya sülhməramlılarına qarşı sərt iddialar səsləndirib ki, bu da Moskvanın ünvanına açıq-aşkar qınaq olub. Bunun ardınca Mirzoyan Rusiya Federasiyasının paytaxtında Lavrov və Bayramovla ilkin olaraq planlaşdırılan üçtərəfli görüşə getməyib. Ermənistan hakimiyyətinin demarşı İrəvana baha başa gələ bilər. Azərbaycan tərəfinin Laçın dəhlizində keçirdiyi aksiyaya  Rusiya sülhməramlılarının müdaxilə etməməsi İrəvanı narazı salıb. Bu vəziiyətdə Moskva İrəvanı ittiham edib. Belə ki, Lavrov Ermənistan XİN rəhbərinin Moskvada keçiriləcək üçtərəfli görüşdə iştirakdan imtina etməklə fürsəti əldən verdiyini bildirib”. O da qeyd edilir ki, Moskvada İrəvanın xarici işlər nazirlərinin üçtərəfli görüşündən imtina etməsi barədə məlumatın diplomatik kanallarla çatdırılmamasından təəccübləniblər. Rusiya xarici işlər naziri Sergey Lavrov  azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bu xüsusda bildirib:  “Elə biz də sizin kimi bu imtina barədə mətbuat xidmətinin məlumatından xəbər tutmuşuq. Belə hallarda istifadə olunan hər hansı diplomatik kanallardan isitfadə olunmayıb. Ermənistan tərəfinin tədbirdə iştirakı barədə məlumatı bu şəkildə verməsi suallar doğurur”. Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Moskvada keçirilməli olan üçtərəfli görüşdə iştirakdan imtina etməklə fürsəti qaçırıb: “Hər dəfə hər hansı hadisədən sonra tərəflərdən biri danışıqlar raundunda iştirakdan imtina edərsə, münaqişələr daha uzun müddət davam edəcək. Bu, heç vaxt heç kimə xeyir gətirməyib. Ermənistanlı həmkarımız öz mövqeyini dünya ictimaiyyətinə çatdırmaq fürsətini əldən verdi”. Lavrov onu da vurğulayıb ki, Rusiya Azərbaycan və Ermənistan arasında möhkəm və ədalətli sülhdə ən maraqlı olan ölkədir: “Əgər Bakı və İrəvan Rusiya sülhməramlılarından imtina etmək istəyirlərsə bunu da müzakirə etmək olar. Biz əlbəttə, hazırda ən çox maraq doğuran məsələyə - Laçın dəhlizindəki vəziyyət məsələsinə də baxmışıq. Biz razılaşmışıq ki, Rusiya sülhməramlıları vəziyyətin tənzimlənməsi üçün müvafiq tərəflərlə az qala saatbasaat işləyirlər”. Sergey Lavrov Qarabağdakı faydalı qazıntı yataqları və bununla bağlı yaranmış qarşıdurmadan da danışıb. O deyib ki, yataqlara baxış barədə razılaşmanı nə sülhməramlılar, nə də Azərbaycan tərəfi pozub: “Ceyhun Əzizoviçin dediyi kimi, bir-iki həftə, on gün bundan əvvəl Rusiya sülhməramlılarının vasitəçilik səyləri nəticəsində bir qrup ekoloqun Qarabağ ərazisindəki yataqlardan birinə səfəri barədə razılaşma əldə olunmuşdu...Çox təəssüf ki, bu razılaşma nə Azərbaycan tərəfinin, nə də rusiyalı sülhməramlıların təqsiri olmadan pozulub. Bizə deyilib ki, “Qarabağ rəhbərliyi hazırkı vaxtda belə bir nümayəndə heyətinin region ərazisinə səfərinə razılıq vermək istəmir”. Mən bilmirəm bunu kim edib? Ceyhun Əzizoviç cənab Vardanyanın adını çəkir. Hazırda söhbəti gedən o yataqlar da sovet vaxtlarından işlənir. Başqa sözlərlə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində olanda, burada, görünür indi biznesmenlərə çevrilmiş müəssisələr işləyib. Belə başa düşürəm ki, həmin biznesmenlər hələ də ordadırlar. Yəni bu miras qalmış problemin bir hissəsidir. Bu problemi, əlbəttə, sülh müqaviləsi imzalamaqla birdəfəlik həll etmək və bu hüquqi məsələyə böyük bir nöqtə qoymaq olar”.

Erməni politoloq Armen Vardanyan bununla bağlı qeyd edir ki, Sergey Lavrovun sözlərində Ermənistan üçün gizli təhdidlər var. O bildirib ki, Lavrov burada diplomatik hiylə işlədib: “Bu arada Rusiya həmişə bütün postsovet ölkələrində münaqişələr yaratmaq və orada öz sülhməramlılarını yerləşdirmək istəyib. Əvvəllər onun Moldovada, Ukraynada, Gürcüstanda sülhməramlıları olub, indi isə 44 günlük müharibədən sonra o, arzuladığı başqa məqsədə nail olub, sülhməramlılarını Qarabağda yerləşdirib. Bu da Rusiyaya Ermənistan üzərində əlavə təsir rıçaqlarını verib. Hazırki vəziyyət ümumilikdə müəyyən riskləri ehtiva edir.Çünki yaxşı müharibədənsə pis danışıqlar daha üstündür. Amma heç bir şübhə yoxdur ki, tərəflər arasında danışıqlar prosesində çoxdan ciddi problemlər var”. Əslində, Ermənistan Laçın yolundakı vəziyyəti bəhanə eləsə də, İrəvanın Rusiyanın bu məsələdə vasitəçiliyindən imtina etdiyi ortaya çıxır. Bu o deməkdir ki, Ermənistan bu məsələnin həllində Rusiyanı vasitəçi kimi görmür. İrəvanın bu addımı və ya mövqeyi fərqli nəticələrə və ya müşahidələrə səbəb olur. İrəvanın Moskvanın vasitəçiliyindən imtina etməsi, onun yeni vasitəçilər axtardığını göstərir. Lakin Rusiyanın vasitəçilik təklifindən imtina Moskvanın sərt reaksiyasına səbəb olacaq. Bu mənada Ermənistanı qarşıdakı dövrdə daha çətin günlər gözləyir. Bunu Ermənistanın “Alternativ layihələr” araşdırma qrupunun eksperti Vahe Ovannnisyan da xüsusi olara qvurğulayır: “Lavrov artıq bizi danışıqlardan yayınmaqda ittiham edir, biz  isə sakit yaşamağa davam edirik. Lavrov açıq şəkildə bildirdi ki, Rusiya sülhməramlılarını geri çəkə bilər, biz səssiz dayanmışıq. Əliyev Makrona bildirib ki, Ermənistan 8 Azərbaycan kəndini işğal altında saxlamaqda davam edir. Yenə də heç nə etmirik və heç bir nəticə çıxarmırıq. Bunun səbəbi bəllidir: Ermənistanın gücü birtərəfli qərarlar qəbul edən və heç kimə hesab verməyən bir şəxsdən ibarətdir. O, xalqı, cəmiyyəti, dövlət institutlarını vecinə almır. Bu başqa bir fəlakətə səbəb olacaq. Birtərəfli qərarlar yüksək, kobud səhv riskini ehtiva edir. Bir şəxs bütün dövlətin gələcəyinin taleyini həll edir. Bu, son dərəcə kəskin problemdir. Biz bomba üzərində oturmuş bir ölkəyik”. Beləliklə, hazırda görünən budur ki, Rusiyanın öz sülhməramlı qüvvələrini geri çəkmək niyyəti artıq Ermənistanda ciddi ajoitaja səbəb olub.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanı Ukraynaya çevirməyi və ikinci cəbhə açmağı planlaşdırırlar - Kobaxidze
Rəisinin helikopterini azərbaycanlılar tapıb - VİDEO