Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74231
az

Cənubi Azərbaycanda başlayan etiraz aksiyaları artıq bütün İranı silkələyir

20:0726 Sentyabr, 2022
141
DÜNYA
  • A


İranda son günlərdə miqyası daha da genişlənən etiraz aksiyaları, gözlənildiyi kimi, Cənubi Azərbaycan şəhərlərinə də sıçrayıb. Burada keçirilən aksiyalarda diqqət çəkən xüsusi məqamlardan biri isə artıq hakimiyyətin də dəyişməsinin vacibliyi barədə şüarlardır.

Azərbaycanın şəhərlərində keçirilən mitinqlərdə etirazçılar tərəfindən “Diktatora ölüm”, “Azadlıq, ədalət, milli hökumət” kimi şüarlar səsləndirilib. Belə aksiyalar Cənubi Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil, Məlikkəndi, Meşginşəhr və Zəncan kimi şəhərlərində qeydə alınıb.

Cənubi Azərbaycanın İran parlamentindəki təmsilçiləri də hökumətin siyasətini, əxlaq polisinin addımlarını sərt tənqid edir. Təbrizin İran parlamentindəki nümayəndələri Məsud Pezeşkiyan və Əhməd Əlirza Beygi ölkədə əxlaq polisinin qadınların hicabına münasibəti ilə bağlı hökumətin hərəkətlərini tənqid edərək, hicab qanunlarına yenidən baxılmasını tələb ediblər. İranın dövlət televiziyası ilə söhbətində Təbrizin İran parlamentindəki islahatçı nümayəndəsi Məsud Pezeşkiyan aksiyalara səbəb olan Məhsa Əmininin ölümünə aydınlıq gətirilməsini istəyib: “Mən yüksək ixtisaslı ürək cərrahıyam və təhsil həyatımda tapşırıqlar üzərindən irəliləməmişəm. Bir insanın, indiki halda Məhsa Əmininin belə öz-özünə tələf olması elmi baxımdan mümkün deyil. Mən nazir olanda Kanadadan gəlmiş bir jurnalist həbsxanada öldü. Hökumət mənə bu hadisəni araşdırmağı tapşırdı. Biz isə gedib dəyərləndirdik və bildik ki, bu adam həbsxanada döyülüb”. Məsud Pezeşkiyanın nəzərdə tutduğu jurnalist Kanada-İran vətəndaşı olmuş Zəhra Kazemidir. O, İranda reportaj hazırlamaq üçün səfərdə olarkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və 18 gündən sonra, 20 iyun 2003-cü ildə həbsxanada ölüb. Təbrizin parlamentdəki digər nümayəndəsi və fundamentalistlərə yaxınlığı ilə bilinən Əhməd Əlireza Beygi isə parlamentdə daxili işlər nazirinin impiçment təklifini ortaya qoyub və bildirib ki, parlament impiçmentə müsbət yanaşsa, bunu ilk imzalayanlardan biri olacaq. Əlirza Beygi məcburi hicab qanununu və əxlaq polisini tənqid edib və bildirib ki, hökumət insanların geyiminə qarışmamalıdır: “İnsanlara nəyi geyinib nəyi geyinməməyi, necə yeriməyi, necə yeriməməyi və nə yeyib-yeməməyi diqtə edə bilmərik”. Təbriz millət vəkili hökumətin vətəndaşların şəxsi işlərinə qarışmasının və gənclərin əxlaq polisi tərəfindən həbs edilməsinin yanlış olduğunu bəyan edərək deyib ki, bizim vətəndaşlarımızla davranışımızın nəticəsində gənclərimiz İranı öz xoşbəxtliklərini axtaracaqları yer kimi görmürlər: “Ərbil kimi şəhərləri və İstanbulun küçələrini İrandan üstün tuturlar, xoşbəxtliyi, həyatı bu yerlərdə axtarırlar”. Beygi, həmçinin, hakimiyyətin bu şəkildə insanların şəxsi yaşamına müdaxilə etməsinin gənclərin dindən uzaqlaşmasına gətirib çıxardığını söyləyib. İranın əsas islahatçı partiyası olan İslami İran Xalq Partiyası isə bu fonda günlərdir davam edən etiraz aksiyalarından sonra 1983-cü ildən qüvvədə olan qadınlar üçün məcburi İslami geyim koduna son qoymağa çağırıb. Xatırladaq ki, 1983-cü ildə, İran İslam İnqilabından dörd il sonra qəbul edilən qanuna əsasən, inancından və milliyyətindən asılı olmayaraq, bütün qadınlar ictimai yerlərdə saçlarını çadra ilə gizlətməli və paltolarının altına geniş şalvar geyinməlidirlər. İndi İslami İran Xalq Partiyası əxlaq polisinin fəaliyyətini dayandırmağa səsləyib. 1997-2005-ci illər arasında islahatçı eks-prezident Məhəmməd Hatəminin keçmiş köməkçilərinin rəhbərlik etdiyi partiya hakimiyyəti məcburi hicab haqqında qanunun ləğvi üçün zəruri olan hüquqi elementləri hazırlamağa çağırıb. Partiya bildirib ki, İran əxlaq polisinin fəaliyyətinə rəsmən son qoyduğunu elan etməli və dinc nümayişlərə icazə verməlidir. Partiya Əmininin ölüm səbəblərini araşdırmaq üçün qərəzsiz komissiyanın yaradılmasının vacibliyini bildirib və bu yaxınlarda saxlanılan insanların dərhal azad edilməsinə çağırıb. Onu da qeyd edək ki, İranda bir həftədən çoxdur davam edən iğtişaşlarda 50-yə yaxın adamın həlak olduğu bildirilir. Eyni zamanda, ölkə xaricində mənzillənən iranlı hüquq müdafiəçiləri çoxlu həbslərin olduğunu deyirlər. İranın Xoy şəhərində yaşayan fəal Elnaz Şiri etiraz aksiyalarının Təbrizdə daha geniş vüsət aldığını bildirir: “ Xalq məcburi hicaba qarşıdır. Hicab geyinib-geyinməmək hər kəsin öz ixtiyarına buraxılmalıdır. Rejim hicabı insanlara qarşı təhqir və silah kimi istifadə edir. Ona görə insanlarımız arasında din və hicaba qarşı həssaslıq və hətta nifrət çoxalıb. Bir gənc kimi ölkənin dini qayda-qanunlarla yox, dünyəvi qanunlarla idarə olunmasını istəyirik və ümid edirik ki, hazırkı hakim sistem bir gün dəyişəcək və burda qadınların rolu böyük olacaq”. Baş verənlər barədə Təbriz sakini Məryəm Səlatini qeyd edir: “Mollalar vəziyyətlərini təhlükədə görsələr, heç İmam Hüseynə belə rəhm eləməzlər. İnsan özünü böyük zindanda hiss edir. Ölkədə vəziyyətin ağırlaşdığını hamı görür. Kaş bu rejim gedə, amma bunlar milləti qırmadan getməzlər. Ancaq mən şəxsən istərdim hamı necə istəyir, elə olsun. Bakıda, Türkiyədə xanımların başı açıqdır, nolur ki? Bu mollaların fikri xarabdır". İstanbulda yaşayan İran azərbaycanlısı, tarixçi Məhəmməd Rəhmanifər hesab edir ki, ölkədə baş verənlər pərakəndədir və hər hansı vahid mərkəzdən idarə olunmur. O bunu İranda yaşayan etnik xalqların bir-birilə ixtilafları səbəbilə izah edir. Ölkədə vəziyyətin həssas olduğunu deyən Məhəmməd Rəhmanifər hesab edir ki, gənc bir qızın hicabı İslami qaydada taxmaması bəhanəsi ilə həbs edilməsi və ölümü sadəcə bir qığılcım oldu: “Düzdür, buna görə də qadınlara qarşı zorakılığa və hörmətsizliyə son verilməsi üçün etirazlar başlandı, lakin unutmaq lazım deyil ki, bu çoxmillətli ölkədə yaşayan millətlərin fərqli meylləri və tələbləri var. Başqa sözlə, İranın daxili məsələlərinə yanaşmada ona bütünlük mahiyyəti daşıyan bir vahid kimi baxmaq olmaz. Daha doğrusu, qeyd etmək lazımdır ki, bu ölkədə yaşayan millətlər hər fürsətdən istifadə edərək mərkəzi hakimiyyətin mütləqiyyətinə etiraz edirlər. Son hadisələrdə İran Azərbaycanında etiraza çıxanlar qadın hüquqlarına hörmətlə yanaşmağın vacibliyini vurğulamaqla yanaşı, həm də öz milli şüarlarını səsləndirdi. Məsələn, bütün etirazlar İran boyu eyni zamanda başlamış olsa da, “Azadlıq, ədalət, milli hökumət” şüarı yalnız Cənubi Azərbaycanda səsləndi”. O, bunun səbəbini insanların 1945-1946-cı illərdə mövcud olmuş milli hökuməti unutmamaları ilə izah edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR
Tbilisidə etiraz aksiyası zamanı 13 nəfər HƏBS EDİLDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı