Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99100
az

Salyanda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib

11:0708 Dekabr, 2023
213
CƏMİYYƏT
  • A

Salyanda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib

Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Salyan Rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə  Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və
Azərbaycan dili” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını
qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Ulu Öndərin Azərbaycan dilinin inkişafı yolunda gördüyü işləri, həyata keçirdiyi
əhəmiyyətli tədbirləri əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili
və proqnozlaşdırılması şöbəsinin müdir müavini Məhərrəm Məmmədov müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu Heydər Əliyevin hakimiyyəti illərində rayonun sosial–iqtisadi
inkişafından, dahi rəhbərin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıb. Ulu Öndərin
100 illik yubileyi ilə əlaqədar ölkəmizin hər yerində silsilə tədbirlərin keçirildiyini söyləyən
Məhərrəm Məmmədov bunların həm də müdrik şəxsiyyətin ideyalarına sadiqliyin ifadəsi olduğunu
vurğulayıb.
Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədri yazıçı-publisist Nəbi
İbrahimov milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə dahi
liderin Azərbaycanda həyatın bütün sahələrinin təkmilləşməsinə böyük diqqət ayırdığını qeyd
edərək, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və dilçiliyinin bugünkü inkişaf səviyyəsinə
çatmasında Ulu Öndərin əvəzsiz  rolundan bəhs edib.
Azərbaycan dilinin xalqımızın varlığını təsdiq edən başlıca amillərdən olduğunu deyən Nəbi
İbrahimov xalqın öz dilini dünya mədəniyyəti səviyyəsinə qaldırmasının ölkənin qabaqcıl
şəxsiyyətlərinin, görkəmli xadimlərinin əməyi sayəsində mümkün olduğunu diqqətə çatdırıb.
Bölmə sədri bildirib ki, Ümummilli Lider ideyalarına sadiq olan ölkə Prezidenti İlham Əliyev Ulu
Öndərin elm, mədəniyyət, dil və digər sahələrdəki siyasətini uğurla davam etdirir. O, dövlət başçısı
İlham Əliyevin AMEA-nın 70 illik yubileyindəki çıxışında səsləndirdiyi “Əsrlər boyu Azərbaycan
xalqını bir xalq kimi qoruyub saxlayan mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, musiqi
ənənələrimiz olub. Biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qoruyub saxlayırıq” fikirlərini
xatırladaraq cənab Prezidentin Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi

və yad təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində gördüyü işlərdən
danışıb.
Daha sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış
edərək Ulu Öndər Heydər Əliyevin apardığı dil siyasəti, dilimizin inkişafı yönündə göstərdiyi tarixi
xidmətləri ilə əsl məktəb yaratdığını diqqətə çatdırıb.
O, dahi lider Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi ardıcıl dil siyasətinin
Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdiyini
vurğulayaraq, müstəqillik illərində ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il noyabrın
12-də qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunduğunu bildirib.
Direktor qeyd edib ki, Ulu Öndərin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” 18 iyun 2001-ci il tarixli fərman, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan
Respublikasının dövlət dili haqqında” qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl
konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik
aktlarıdır. Onun sözlərinə görə, bu sənədlərin hazırlanmasında görkəmli dövlət xadimi Heydər
Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana
dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.
Professor Nadir Məmmədli qlaballaşma dövründə Azərbaycan dilinin saflığının qorunmasının
vacibliyinə toxunaraq, dilimizin əsrlər boyu yad təsirlərə məruz qalsa da, oz saflığının qoruyub
saxlaya bildiyini diqqətə çatdırıb. Azərbaycan ədəbi dilinin Sovet İttifaqı dövründə formalaşdığını
bildirən məruzəçi hələ 1970-ci ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində Ulu Öndərin
Azərbaycan dilində çıxış etməsinin o dövr üçün, kommunist rejimi üçün fövqəladə hadisə hesab
olunduğunu vurğulayıb.
Tədbirdə, həmçinin Salyan şəhər 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, Dilçilik
İnstitutunun dissertantı Günel Orucova, Salyan rayon “Qələbə” qəzetinin əməkdaşı, şair-publisit
Əzizağa Məmmədli, şair Zabil Pərviz və digərləri çıxış edərək mənəvi və mədəni zənginləşmə, elmi-
texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsi olan dilin milli varlığın qorunması və ümumxalq
həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynadığını bildiriblər. Çıxış edənlər milli mənəvi
dəyərlərimizə diqqət və qayğı göstərən, onlara yüksək qiymət verən Ümummilli Lider Heydər
Əliyevin dil siyasətindən bəhs edərək Ulu Öndərin dilimizin qorunmasına və inkişafına daim
həssaslıqla yanaşdığını vurğulayıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Abşeronda 4 otaqlı ev yandı
Bakıda evdən meyit tapılıb
Qusarda kafe yandı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər