Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95429
az

İlin sonuna qədər ət bahalaşacaq - “Birdən birə 20 manata qədər... ”

00:0519 Sentyabr, 2023
131
CƏMİYYƏT
  • A

“Azərbaycanda əhalinin qırmızı ətə olan tələbatını Gürcüstanla müqayisə etsək, görərik ki, Gürcüstanın əhalisi Azərbaycanın əhalisindən dəfələrlə azdır. Həmçinin Gürcüstan öz imkanlarından daha səmərəli istifadə edir, hətta bizə də ət satır”.

Bu sözləri açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

Müsahibimiz Gürcüstanla müqayisədə Azərbaycandakı ət qıtlığından və əhalinin ətə olan tələbatının tam ödənilməməsindən söz açıb.

A. Nəsirli düşünür ki, Azərbaycanda ətlə bağlı problem indi yox, təxminən 6-7 il bundan əvvəl başlayan tendensiyanın nəticəsidir:

“Çünki əvvəllər də ətə olan tələbatımızın 30-40%-i hər zaman xaricdən idxal olunub. Amma bu idxal məhsulu, əsasən, hökumətin çoxsaylı şəxsi heyəti olan müəssisələrində istifadə edilib. Lakin həmin müəssisələrdə həm də yerli istehsal olan ətlərdən də istifadə edilirdi. Hazırda ölkədə ət qıtlığı olduğuna görə artıq bütün istehsal bazara yönəldilib. Bazar deyəndə bizim bildiyimiz qəssabxanalarda satılan, ictimai iaşə obyektlərində bişirilən, istifadə edilən ətdən söhbət gedir”.

Mütəxəssisin sözlərinə görə, bu gün tələbat və yerli istehsalın çatışmazlığı o qədər yüksəkdir ki, bu ilin yay aylarında belə ətdə bahalaşma müşahidə edilib:

“2014-2015-ci illərdə Azərbaycan hökuməti pambıqçılığı strateji sahə elan etdi və heyvandarlıqla məşğul olan fermerlərin ferma sahələrini boşaldıb orada pambıq əkdilər. Nəticədə, 2019-cu ilə qədər həmin fermerlər bir qədər əziyyət çəkdilər, əllərində olan iri və xırdabuynuzlu mal-qaranı bazara çıxarıb satdılar. Ona görə də həmin dövrdə ətin qiyməti bir qədər sabitləşdi”.

O bildirib ki, həmin fermerlər fəaliyyət növünü dəyişəndən sonra ölkədə ət çatışmazlığı yaranmağa başladı:

“Həmin prosesin səbəbidir ki, bu gün Azərbaycanda əhalinin ətə olan tələbatını yerli istehsal ödəyə bilmir. Yerli istehsal ödəyə bilmirsə, tələb təklifi üstələyirsə, qiymətin bahalaşması təbiidir”.

Ekspert hesab edir ki, ilin sonuna kimi ətin qiymətində bahalaşma yenidən müşahidə olunacaq:

“Çünki Məhərrəmlik ayı artıq çıxıb, havalar sərinləşib, toylar başlayır, restoranlar fəaliyyətə başlayacaq. Beləliklə də ətə tələbat artdıqca, ətin qiymətində yenidən bahalaşma gözləniləndir. Demirəm ki, yüksək bahalaşma olacaq, çünki əhalinin gəlirləri azdır. Bu gün ətin qiymətinin qalxmasına mane olan, onu cilovlayan yeganə məsələ əhalinin gəlirlərinin az olmasıdır. Çünki əhali gedib o qiymətə ət ala bilmir. Ona görə də ət birdən-birə 20 manata qədər qalxmır”.

“Bu gün əsas səbəb yerli istehsalın aşağı səviyyədə olmasıdır. Yerli istehsalın dirçəldilməsinə görə heyvandarlıq üçün həm torpaq sahəsi ayrılmalı, həm də heyvandarlıqla məşğul olan fermerlərə xüsusi dəstək verilməlidir ki, ətə olan tələbatımızın ödənilməsi üçün onlar istehsalı genişləndirsinlər”, - A. Nəsirli fikirlərini tamamlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər olacaq - VİDEO
40 yaşından sonra uşaq sahibi olacaq 3 bürc