Həmin 5 şərt və ya 5 prinsip əsasında imzalanması nəzərdə tutulan sülh sazişi ilə eyni yox, fərqli müstəvidə iki digər önəmli məqam - Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin demarkasiyası ilə delimitasiyası, habelə Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını da ehtiva edir.
Şarl Mişelin vasitəçiliyi ilə bu gün keçiriləcək görüşdə qarabağlı ermənilərin hüquq və təhlükəsizliklərinin təminatı məsələsinin də Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səsləndiriləcəyi şübhə doğurmur.
Bakının bu məsələ ilə bağlı mövqeyi bəllidir: problemlər yalnız qarabağlı ermənilərlə Bakı arasında birbaşa dialoq vasitəsilə, Azərbaycan Konstitusiyası çərçivəsində həll oluna bilər.
Müzakirələrin hər hansı "beynəlxalq mexanizm" tələbi ilə üzləşdirilməsi bir tərəfdən mandatı olmayan rusiyalı sülhməramlıların fəaliyyətinin və mövcudluğunun beynəlxalq müstəvidə legitimləşdirilməsi, digər tərəfdənsə Azərbaycan sakinləri olan qarabağlı ermənilərin hüquqi statusunun süni şəkildə mücərrədləşdirilməsi olardı.
Bu isə təbii ki, Azərbaycana qarşı ərazi iddiasına transformasiya olunan, beynəlxalq hüququn prinsiplərinə tam zidd məqamdır və Bakı heç bir halda ərazisində separatizmlə razılaşmayacaq.
Rusiya Federasiyasının bütün siyasi və geosiyasi təsir mexanizmlərini işə salaraq, habelə qarabağlı erməniləri dünən Xankəndində "beynəlxalq ictimaiyyətə ünvanlanmış etiraz mitinqi" keçirməyə sövq etməsi Brüssel danışıqları astanasında Moskvanın Qərbə qarşı son müqavimət cəhdi idi.
Şarl Mişelin vasitəçiliyi ilə aparılacaq danışıqlar Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə Vaşinqton müzakirələri ilə eyni müstəvidəki ikinci trekdir.
Rusiya bu iki trekin onun Cənubi Qafqazdakı geosiyasi mövcdulğuna real təhdid yaratdığını, perspektivdə isə ümumiyyətlə, Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına yönəlmiş prosedurların bir mərhələsinə çevrildiyini düşünür.
Bu isə yanlışdır, çünki Azərbaycan 44 günlük İkinci Qarabağ Müharibəsini qələbə ilə başa vurandan sonra yeni geosiyasi reallıqlar formalaşdırdığı regionda hər hansı güc mərkəzinin inhisarçı mövqe tutması idefiksini dəstəkləmir.
Müstəqil xarici siyasət yürüdərək suveren diplomatiya gerçəkləşdirən Bakı bütün qonşuları ilə, hətta Ermənistanla belə, normal, maraqların qarşılıqlı şəkildə nəzərə alınmasının aksiomatik prinsip olduğu münasibətlərə tərəfdardır.
Bakı kimsənin diqtəsini və pressinqini qəbul etmədiyi kimi, hər hansı qonşu dövlətə də öz mənafeyini təzyiqlə qəbul etdirmək niyyətində deyil və qonşuları ilə bahəm, Qərbdən də bu yanaşmanı gözləyir.
Rusiya Federasiyası ilə Azərbaycanın strateji tərəfdaşlıq müqaviləsi var və bu səbəbdən də Bakı Moskvadan imzaladığı sənədlərə, razılıq verdiyi müddəalara uyğun yanaşmanı gözləyir.
Avropa İttifaqı isə, şübhəsiz, Şarl Mihelin timsalında Bakı və İrəvan arasındakı danışıqların mümkün qədər tez, maksimal nəticə ilə başa çatmasında maraqlıdır.
Ukraynada gedən şiddətli hərbi əməliyyatlar NATO, ABŞ və Avropa İttifaqı üçün son onilliklərin ən ciddi siyasi çağırışı olsa da, Cənubi Qafqaz bölgəsi Qərb üçün əllahiddə önəm kəsb edir. Nəqliyyat və transkommunikasiya marşrutlarının kəsişdiyi, İran və Rusiya ilə həmsərhəd olan bu bölgədə Rusiyanın ciddi geosiyasi təsir imkanlarına malik olması Qərbin mənafelərinə kökündən zidd, Vaşinqtonla Brüssel üçün prinsipial əhəmiyyətli məsələdir.
Fransa sülhyaratma prosesinlə lider mövqe tutduğunu göstərməyə çalışaraq Ermənistana bütün sahələrdə və müstəvilərdə dəstək versə də, merkantil maraqların bu formada təminat cəhdləri tam əks effekt verib.
Danışıqlarda vasitəçilki etmək istəyən tərəf və ya dövlətin obyektiv olması, gərginlin artmamasına çalışması, deeskalasiya üçün konkret addımlar atması gərəkdiyi halda Fransanın dövlət başçısı Emmanuel Makron sadalananlara tamamən əks davranır, Ermənistana boş vədlər verməklə rəsmi İrəvanda illüziyalar yaradır.
Məhz bu səbəbdən Avropa İttifaqı və ABŞ anlayırlar ki, Fransanın Cənubi Qafqazdakı siyasəti, xüsusilə də Ermənistanı dəstəkləyərək Azərbaycana kəskin antipatik mövqe tutması ümumi gərginliyin azaldılmasına və sülh sazişinin imzalanmasına təkan verən yox, zərbə vuran məqamlar toplusudur.
Avropa İttifaqı Şurasının rəhbəri postunda ikinci səlahiyyət müddətinin başa çatmasına az qalmış Şarl Mişel də bəhs etdiyimiz səbəblərdən tələsir, müsbət nəticənin əldə edilməsinə çalışır, Bakı ilə İrəvan arasında normal münasibətlərin formalaşmasına bazis rolunu oynaya biləcək anlaşmanın əldə edilməsinə can atır.
Bu gün Brüsseldəki müzakirələr sülh danışıqları platformasında formatlar mübarizəsi yox, çox ciddi mərhələyə çevriləcək.
Ermənistannın baş naziri Nikol Paşinyan yenə də real siyasi mövqe nümayiş etdirmək əvəzinə demaqogiya və populizmə qapılaraq Bakı qarşısında absurd şərtlər səsləndirərsə, proses sadəcə, bir qədər ləngiyəcək - amma dayanmayacaq.
Vaşinqton trekinin məntiqi davamı olan Brüssel danışıqları Qərb üçün Cənubi Qafqazda sülh, stabillik və təhlükəsizliyə nail olmaq üçün ən ciddi vasitələrdən biridir.
Bakı üçün danışıqların məkanı, moderatorun kimliyi və hasnı tərəfin vasitəçilik etmək istəyi önəmli deyil.
Önəmli olan Ermənistanla problemlərin həlli, işğaldan azad edilmiş ərazilərə qayıdışın sürətlənməsi, şərti dövlət sərhədində demarkasiya və delimitasiya prosesinə start verilməsi, Zəngəzur dəhlizi layihəsinin reallaşması, İrəvanla yekun sülh sazişinin imzalanmasıdır.
Ermənistan bütün bunların reallaşması üçün gərəkən addımları atmalıdır, atacaq da.
İstəsə də, istəməsə də...
Oxu24.com
ŞƏRHLƏR