Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8330
az

Ağdamda həbs edilən Fred Asifin - İnanılmaz taktikası

13:1227 Dekabr, 2018
1425
CƏMİYYƏT
  • A
 Asif Yusif oğlu Məhərrəmov (Fred Asif) 1952-ci il iyulun 26-da Ağdam şəhərində doğulub. Uşaqlıqdan idmanı sevib, boks və futbolla məşğul olub. 1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbini bitirib, fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1971-ci il oktyabrın 31-də Ağdam kinoteatrında kütləvi davada iştirakına görə həbs edilib. Asifə iki il iş kəsilib və o, səkkiz ay həbsxanada yatıb.

1976-cı ildə Asif avtomobil qəzasına uğrayıb. Təcili yardım maşınını vurmasına görə ona 4,5 il iş kəsilib və Rusiyanın Orenburq vilayətinə göndərilib. Həbsdən çıxdıqdan sonra Moskvadakı dostlarının yanına gedib. Qarabağ müharibəsi başlayan kimi isə Ağdama qayıdıb...

Mənim xatirələrim

Taleyin qismətindən mənim Asif Məhərrəmovla şəxsi tanışlığım, hətta qısa müddətlik dostluq münasibətim olub. Deməli, 1979-cu ildə universiteti bitirdikdən sonra Daxili Qoşunlarda bir il zabit kimi xidmət etmişəm. Xidmətimi Orenburq vilayətinin Yasnıy qəsəbəsində keçirmişəm. 30-40 min əhalisi olan şəhər tipli bu qəsəbə iki hissədən ibarət idi: hərbi şəhərcik və sürətlə böyüyən köhnə şəhərcik. Köhnə şəhərcikdə 9 mərtəbəli fəhlə yataqxanasının arxasında babat bir voleybol meydançası vardı, azərbaycanlı uşaqlar şənbə-bazar burada yığışardı. Mən də arabir vaxtım olanda gedirdim. Yaxşı futbol oynasam da, voleybolum zəif idi, odur ki, tor asılanda kənara çəkilirdim. Azərbaycanlılardan yaxşı voleybol oynayanlar vardı, hamısı boylu-buxunlu uşaqlar idi - “ximiklər”dən Asif, “studentlər”dən Maksim, “voyennilər”dən Ruslan, “qrajdanskilər”dən Vahid.

Arayış verim ki, “ximiklər” burda komendatura rejimində həbs çəkənlərə, “studentlər” təyinatla gələnlərə, “voyennilər” hərbçilərə, “qrajdanskilər” isə komsomol putyovkası ilə işləyənlərə deyilirdi.

Mənim Asiflə tanışlığım günəşli bir avqust bazarına təsadüf edirdi. Gec gəlmişdim, kənardan seyr edirdim. Meydanda tor asılmışdı, ciddi oyun gedirdi. Ruslarla qafqazlılar marağa oynayırdılar, uduzanlar “Qornıy lyon”da (o vaxtlar Yasnıyda ən “bərkgedən” restoran idi) qonaqlıq verəcəkdilər. İki hissədən sonra hesab 1-1 idi, azarkeşlər üçüncü hissəyə diqqət kəsilmişdilər. Qafqazlı azarkeşlər daha çox idi, oyun şirin musiqi sədaları altında gedirdi. Kim isə VEF radiosunda Azərbaycan musiqisi tutmuşdu, Rəşid Behbudov “Bakının ulduzları”nı oxuyurdu. Bu zaman hündürboy, idman cüssəli cavan bir gürcü VEF-i qurdalamağa başladı. Azərbaycanla musiqi əlaqəsi kəsildi, “Bakının ulduzları”nı radio dalğalarının “cızma-qara” səsi əvəz etdi. Bu səslər voleybol oyununun üçüncü hissəsi başa çatıncaya – bizimkilər uduzuncaya qədər davam etdi. Uduzub dilxor olmuş voleybolçularımız meydançanın kənarına çəkildilər, azarkeşlər onları əhatə etdilər.

Gürcü isə öz işində idi, VEF-i qurdalamaqda, “cızma-qara” səslər çıxarmaqda davam edirdi. Bu zaman azərbaycanlı voleybolçulardan biri, hündürboylu, enlikürəkli biri gürcüyə yaxınlaşdı, əsəbi səslə, amma xeyli anlaqlı rus dilində ona dedi ki, “sən dalğanı nahaq dəyişdin, mən Azərbaycanı tutmaq üçün xeyli əziyyət çəkmişdim”.

Gürcü sakitcə radionu yerə qoyub, ayağa qalxdı. Bizim voleybolçudan cavan, hündür və canlı idi, yəqin, bu fərq də onu dilləndirdi: “... tvoyu mat, kakaya raznisa, opyat poymaeş...”

Həmin dövrdə bu, qafqazlılar tərəfindən qəbuledilməz bir ifadə idi, gürcü də bunu bilməmiş deyildi. Bizim voleybolçunun sanki gözlərində ildırım çaxdı, sağ ayağını irəli atdı və sağ əli ilə gürcünün çənəsinə qüvvətli bir zərbə endirdi. Gürcü səndələsə də yıxılmadı. Amma sol tərəfdən gələn ikinci zərbə onu yerə sərdi. Bizim voleybolçu, deyəsən, həm də boksçu idi, sağ və sol əllə eyni dərəcədə yaxşı işləyirdi. Yaxşı yadımdadır, qıvrımsaçlı, qara bığlı oğlan idi, enli alnı, iri gözləri vardı. Məndən 5-6 yaş böyük idi, hardasa 27-28 yaşı olardı.

Qafqazlı uşaqlar dalaşanları araya aldılar, gürcünü yerdən qaldırdılar. Biri ona su verirdi, o biri Asifi sakitləşdirirdi. Asif yaman əsəbiləşmişdi, hirsindən bığlarını çeynəyirdi. Amma “yıxılanı vurmazlar” deyirlər, Asif bunu bilirdi. Gürcülər uğursuz idmançını dövrəyə almışdılar.

Azərbaycanlılar və dağıstanlılar isə Asifin tərəfində idilər. Ancaq uduzan qonaqlıq verməli idi, ruslar gözləyirdilər. Həm də gürcülər deyirdilər ki, Tamazdır, Kamazdır, burda yoxdur, sabah gələcək. Odur ki, tərəflər “razborka”nı sabaha saxladılar, rusları da götürüb “Qornıy lyon”a yollandılar.

Səhər “razborka”ya mən də getmişdim, baxmaq istəyirdim. Tərəflər işdən sonra yataqxananın arxasında, həmin voleybol meydançasında yığışmışdılar. Qafqazlılar Asifin tərəfində idi, ruslar gürcüləri dəstəkləyirdi. Tamaz da burda idi, boyu iki metrə çatardı, orta yaşlı, qalın bığlı adam idi. O, yalnız gürcülərin ağsaqqalı deyildi, nüfuzlu idi, qafqazlılar hamısı onu eşidirdi. Bizimkilərdən cəlilabadlı Vahid diqqət mərkəzindəydi. O, “qrajdanskilər”dən idi, ZİL sürücüsü işləyirdi. Eyni zamanda, idmançı idi, yaxşı voleybol, tennis oynayırdı, qafqazlılardan ibarət futbol komandasının kapitanıydı. Sonradan mənim də qoşulacağım bu komandada Asif hücumçu idi.

Vahid həm də həvəskar ovçu idi, “razborka”ya da qoşalülə tüfənglə gəlmişdi, “Pravda” qəzetinə bükmüşdü ki, görünməsin. Amma iş dava-dalaşa çatmadı, Tamaz Asifdən rusca soruşdu ki, nə məsələdir, axı, sən “ağsaqqal” adamsan, uşaqlara niyə qoşulursan, bizim “student”i niyə vurmusan? Asif dedi ki, “pozasluqam” vurmuşam, ana söyüşü söymüşdü. Tamaz gürcüyə də eyni sualı verdi, eyni cavabı eşidəndə əsəbiləşdi, gürcü dilinə keçdi. Nə dedi, nə demədisə, gürcü Asifə əl uzatdı, barışdılar. Bir sözlə, həmin gün Vahidə tüfəngə əl atmaq, hətta havaya güllə atmaq nəsib olmadı.

Bu hadisədən sonra Vahidlə, Asiflə bir komandada futbol oynadıq, yaxınlaşdıq, dostlaşdıq. Yeri gəlmişkən, Milli Qəhrəman Allahverdi Bağırov da Yasnıda Asiflə birlikdə komendatura rejimində həbs çəkmişdi, amma mən onu görməmişdim. Mən avqustda Yasnıya hərbi xidmətə gəlmişdim, o, may ayında artıq Azərbaycana qayıtmışdı.

Oktyabr ayında Asifi Orenburq vilayətinin Novostroysk şəhərinə etap etdilər. Biz Vahidlə bir neçə dəfə onlara qonaq getdik, Asif dostları ilə bizə qonaq gəldi. Axırıncı dəfə noyabr ayında, mənim ad günümdə gəlmişdilər. Mənə nazik bir qızıl zəncir hədiyyə də gətirmişdilər.

Asif 1980-ci illərin əvvəllərində, mən isə sonlarında Azərbaycana qayıtdıq, amma görüşə bilmədik. Mən 1980-cı illərdə şəxsi işlərimlə əlaqədar iki dəfə Ağdama getdim, Asifi xəbər aldım, dedilər, Moskvadadır. 1992-ci ildə jurnalist kimi döyüş bölgəsinə getdim, Ağdamda batalyon komandiri Asif Məhərrəmovla görüşmək istədim. Qış idi, ağır döyüşlər gedirdi, görüşə bilmədik. İki il sonra mən onun ölüm xəbərini eşitdim...

Qarabağ müharibəsi

Asif Məhərrəmov Qarabağ müharibəsinin ilk günlərindən döyüşə atılıb, 1991-ci ildə dostları və qardaşları ilə “Haqq Cəbhəsi” batalyonunu yaradıb. Allahverdi Bağırovla Yasnıydan başlanan dostluğu Qarabağ müharibəsi dövründə də davam edib. Qardaşları Ədalət, Səxavət, Bəhlul və Mahir də onun batalyonunda döyüşürdülər.

O, 1991-ci il dekabrın 31-də Xramort kəndinin azad edilməsində xüsusilə fərqlənmişdi. Ağdamın Muradbəyli kəndi ərazisindəki hərbi hissəni müxtəlif qüvvələr dağıdıb, oradakı silah-sursatdan siyasi məqsədlər üçün istifadə etmək istəyən zaman Fred Asif bunun qarşısını alıb, öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirdi və bundan sonra oradakı sursat yalnız Azərbaycanın müdafiəsi üçün istifadə olundu.

Müdafiə naziri Dadaş Rzayevin fərmanı ilə Asifə polkovnik-leytenant hərbi rütbəsi verildi və o, hərbi təhsili olmamasına baxmayaraq, 859 saylı batalyonun ilk komandiri olub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında Asif Məhərrəmov öz batalyonu ilə fəal iştirak edir. 1992-ci il martın 7-də 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilir. Martın 10-da isə Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edilir.

Aranzəmini alan zaman Asif maraqlı taktika qurmuşdu: artilleriya atəşi vaxtı kəndə girmişdi. Artilleriya atəşi vaxtı düşmən sığınacaqda gizləndiyindən, Asif maşınla kəndə gedir. Bu vaxt Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev yaxınlıqdakı yüksəklikdən kəndi müşahidə edirmiş. Mirzəyev görür ki, bir UAZ atəş altında kəndə girir. Atəş dayanan kimi batalyon da onun arxasınca hücuma keçir. Batalyonun itkisiz kəndə daxil olduğunu görən Şirin Mirzəyev deyir ki, bu hərəkəti ancaq fanat edə bilərdi.

Həmin il mart ayının 20-də Fred Asif Füzuli şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyur.

Asif Məhərrəmov 1992-ci il iyunun 24-də Naxçıvanlı kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanır. Müalicə olunandan sonra cəbhəyə qayıdır. 1992-ci il iyunun 28-də döyüşdən qayıdan zaman ermənilər qumbaraatanla onun maşınını vururlar, maşın aşır. Asifin ağ ciyəri ciddi zədələnmişdi və ağzından qan gəlirdi. Onu üç gün Ağdamda saxlamışdılar və Milli Qəhrəman adına təqdimatı da elə onda yazılmışdı.

Asif 1993-cü il iyulun əvvəlində Ağdam ictimaiyyətinin nümayəndələri ilə birlikdə Ali Sovetin sədri Heydər Əliyevin qəbuluna gəlmişdi. Qəbulda çıxış eləmiş, Ağdamdakı vəziyyətin ağırlığını çatdırmışdı. İyulun 17-də Heydər Əliyev Asifi bir də yanına çağırtdırmışdı. O zaman narahatlıq vardı ki, Bakıda təxribat hazırlanır. Asif Heydər Əliyevlə geniş söhbət eləmiş və demişdi ki, nə mən, nə də ətrafımdakılar siyasətə qarışırıq.

1993-cü il iyul ayının 23-də, təxminən axşam saat 5-də qeyri-bərabər döyüşdə yüzlərlə şəhid verən Ağdamın müdafiəçiləri geri çəkilmək məcburiyyətində qaldılar. Həmin gün Asif çox ağır vəziyyətdə Bakıda xəstəxanada idi. Ağdamın işğal olunması xəbəri Asifi çox sarsıtdı, vəziyyəti daha da pisləşdi. O, uzun illərin həbsxana və səngər həyatından sonra şiddətlənən vərəm xəstəliyi ilə əlbəyaxa mübarizədə idi.

Son

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov 1993-cü il oktyabrın 27-də Şelli uğrunda gedən döyüşlərdə iştirak edir. Onun səhhəti daha da pisləşir. Buna görə də hərbi hissəni təhvil verib, müalicə məqsədi ilə Yalta şəhərinə gedir. 1994-cü il iyulun 1-də vərəmdən vəfat edir və Bakıda Şəhidlər Xiyabanında dəfn edilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Suriyanın yeni xarici işlər naziri o oldu
Kirəcləşmiş kranı təmizləməyin ən asan və təbii üsulları
Məşhur musiqiçidən üzücü xəbər: Həyat yoldaşı ilə eyni xəstəliyə tutuldu -FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ