Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79188
az

Şəhid Muraz  Məhərlinin doğum günüdür

11:0421 Dekabr, 2022
81
CƏMİYYƏT
  • A

Bu gün Şəhidimizin doğum günüdür.
 

Muraz Baxşalı oğlu Məhərli 21 dekabr 1993-cü ildə Yevlax rayonunun Salahlı kəndində anadan olub. Kənd tam orta məktəbində təhsil aldıqdan sonra hərbi xidmətə yollanır. N saylı hərbi hissədə xidmət edir. O, hərbçi kimi xidmətini davam etdirmək istəyirdi. Bu istəklə 2016-cı ildə Daxili Qoşunların Zaqatalada yerləşən hərbi hissəsində müddətdən artıq hərbi xidmət qulluqçusu kimi fəaliyyətə başlayır. Xidmətində məsuliyyəti, nizam-intizamı ilə seçilir.
Ulularımız igid oğul dayısına çəkər, deyiblər. Muraz da uşaqlıqdan Birinci Qarabağ müharibəsi iştirakçısı, Qubadlı, Füzuli, Kəlbəcər, Goranboy və Tərtər rayonlarında qaynar döyüşlərdə iştirak etmiş dayısı – Azərbaycanın Milli Qəhrəmanı Fariz Mədətov kimi erməni vandallarından torpaqlarımızı azad etmək istəyirdi.
2020-ci ilin 27 sentyabrında Qarabağ müharibəsi başlayanda Muraz da döyüşlərə qatılır. Döyüşçü yoldaşları ilə Tərtərin Çaylı kəndi istiqamətində iki strateji əhəmiyyətli postu düşməndən təmizləyirlər. Vətən uğrunda savaşın elə ilk günündə düşmənin snayper gülləsi ilə şəhidlik zirvəsinə ucalır.
Anası Nahidə Həsənova: “Muraz uşaqlıqdan sakit təbiətli olsa da, vətənpərvər idi. Orta məktəbdə yaxşı oxuyub. Uşaqlıqdan hərbçi olmaq istədiyinə görə biz onu başqa sənətə yönəldə bilmədik. Ermənilərin torpaqlarımızı işğal etməsiylə heç cür barışmırdı. Həmişə mənə və rəhmətlik atasına deyirdi ki, müharibə başlasa, mən də gedəcəm. Dayımın davamçısı olacam. Torpaqlarımızı geri qaytaranacan döyüşəcəm. Müharibənin ilk günündən döyüşə qatıldı. Oğlum dediyini etdi, torpaqlarımız uğrunda döyüşüb şəhidlik zirvəsinə ucaldı. Bütün şəhid analarına səbir diləyirəm, başlarını uca tutsunlar. Onlar bizim yolumuzda, Vətən uğrunda şəhid oldular. Təki Vətən sağ olsun”.
Qardaşı Elçin Məhərli deyir ki, Muraz sentyabrın 22-si gecə saatlarında hərbçi dostu ilə birgə birgünlük evlərinə gəlib: “Sanki o zaman ürəyinə dammışdı ki, bizimlə axırıncı görüşüdür. Gedəndə isə bizə dedi ki, özünüzdən muğayat olun. Qardaşım son dəfə sosial şəbəkədə də çavuş yoldaşlarıyla birgə yemək masasındakı fotosunu paylaşaraq “Bəlkə də qardaşlarımla son masamızdır. Bəlkə də bu gün bir daha mənə qismət olmayacaq”, - deyə qeyd etmişdi. Elə də oldu... Mən qardaşımla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Dayısı, Milli Qəhrəman Fariz Mədətov: “Muraz Vətəni canından artıq sevirdi. Mənimlə danışanda hər dəfə söhbəti müharibəyə, döyüşə gətirib çıxarardı. Ümumiyyətlə, uşaqlıqdan müharibədən düşən söhbətlərə maraqla qulaq asardı. Həmişə deyərdi ki, dayı, mən də sənin kimi olacağam, Vətənimiz uğrunda vuruşacağam. Torpaqlarımızı geri qaytaracağam. O, 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə qovuşdu. O, mənim, doğmalarının, döyüş yoldaşlarının, xalqımızın yaddaşında cəsur, mübariz kimi əbədi yaşayacaq. Allah rəhmət eləsin”.
Muraz Salahlı kəndində torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Hazırladı: Miri Məcidli
Allah rəhmət eləsin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı