Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71997
az

Bu qızın anası haradadır?

23:0713 İyul, 2022
208
CƏMİYYƏT
  • A
Uzun illər boyu zehinlərdə həzrət Rüqəyyə ilə bağlı şübhələr dolaşıb. Doğrudanmı Kərbəlada İmam Hüseynin (ə) Rüqəyyə adlı qızı olub?
 
Həzrət Rüqəyyənin anası Ümmi-İshaq İmam Həsənin (ə) vəsiyyəti ilə sonradan İmam Hüseynlə (ə) izdivac edib. Bu xanımın fəzilətli bir xanım olduğu söylənilir.
 
Şeyx Müfid İrşad kitabında Ümmi-İshaq binti Təlhəni İmam Hüseynin (ə) qızı Fatimənin anası kimi təqdim edir. Deyirlər İmam Hüseynin (ə) cəmi 2 qızı olub: Səkinə və Fatimə. Amma bu sözlə bağlı yekdil fikir yoxdur. Başqa bir rəvayətə əsasən İmam Hüseynin (ə) 3 ya 4 qızı olub.
 
Təbəri yazır: Həzrət Hüseynin (ə) 3 qızı olub: Zeynəb, Səkinə və Fatimə... Son sözü Əllamə Ərbili və İbn Səbbağ Maliki qələmə alıb.
 
Onlar yazır: Şeyx Kəmaluddin İbn Təlhə deyir ki, İmam Hüseynin (ə) oğlan və qız övladlarının sayı 10 olub... 6 oğlan, 4 qız. Oğlan övladlar: Əli Əkbər, Əli Əvsət, Zeynəl Abidin, Əli Əsğər, Məhəmməd, Abdullah, Cəfər.
 
Qız övladları: Zeynəb, Səkinə, Fatimə. Ərbili və İbn Səbbağ 4-cü qızın adını çəkmir. Olsun ki, bu elə Rüqəyyə adı ilə tanınan qızdır. Rəvayətlərdə deyilir ki, Rüqəyyə binti Əlinin (ə) qəbri Misirdədir. Bunu Yaqut Həməvi və başqaları nəql ediblər.
 
Bəzi rəvayətlərə əsasən, Həzrəti Rüqəyyə dünyasını dəyişəndən sonra Yezidin göstərişi ilə çıraq və qüsl taxtını yığışdırdılar, bu qızı əynindəki köhnə libaslarla kəfənlədilər. Şam qadınları toplaşdı, onlar qara libas geymişdilər. Əhli-Beyti (ə) yola salmaq üçün küçələrə çıxmışdılar. Hər tərəfdən onların nalələri eşidilirdi.
 
Böyük bir xəcalətlə Əhli-Beytlə (ə) vidalaşırdılar. Əhli-Beyt (ə) karvanı görünəndə Şam əhli göz yaşı axıdırdı. Xanım Zeynəb bu fürsətdən istifadə edib kəcavədən başını çıxardı və Şam camaatına üz tutaraq buyurdu: Ey Şam əhli, bu xarabada bizdən bir əmanət qaldı. Onu sizə tapşırıram. Qəbrinin üstünə getsəniz məzarına su tökün, qəbri kənarında çıraq yandırın...
 
Sual olunur ki, İmam Hüseyn (ə) özü Rüqəyyə adını dilə gətiribmi? Seyid İbn Tavus yazır ki, imam Əhli-Beytlə (ə) vidalaşanda buyurdu: Bacım Ümmi-Gülsüm, ey Zeynəb, ey Rüqəyyə, ey Fatimə, ey Rübab, ehtiyatlı olun, mən öldürüləndən sonra yaxanızı çırmayın, üzünüzə əl aparmayın, dilinizə pis söz gəlməsin...
 
Seyid İbn Ümeyrənin gözəl və yanqılı qəsidəsində iki yerdə Rüqəyyənin adı çəkilir. Bu şəxs İmam Sadiq (ə) və İmam Kazimin (ə) səhabələrindən olub.
 
Qunduzi yazır ki, imam nida etdi: Ey Ümmü Gülsüm, ey Səkinə, ey Rüqəyyə, ey Atikə, ey Zeynəb, ey mənim Əhli-Beytim (ə), sizə salam olsun...
 
Həzrət Zeynəb öz ətrafı ilə Mədinəyə qayıdanda Mədinə qadınları başsağlığı üçün onun görüşünə gəldilər. Xanım Zeynəb üzücü Kərbəla hadisələrindən, Kufə və Şamda baş verənlərdən danışdı. Gələnlər ağladılar.
 
Sonra Rüqəyyəni xatırladılar. Xanım buyurdu: Rüqəyyənin Şam xarabalığında dünyasını dəyişməsi mənim belimi qırdı, saçımı ağartdı... Qadınlar bu sözü eşidəndə nalələri yüksəldi, Rüqəyyənin çəkdiyi əzabı yada salıb ağladılar...
 
Nəql olunur ki, qüsl verən qadın Rüqəyyəyə qüsl verərkən birdən geri çəkildi və dedi: Bu əsirin sahibi kimdir? Həzrət Zeynəb buyurdu ki, nə istəyirsən?
 
Qadın dedi: Bu qız nə xəstəliyə tutulub ki, bədəni göyərib? Xanım Zeynəb buyurdu: Ey Qadın! O xəstə deyil. Bədənindəki göylər düşmən qamçılarının yeridir...
 
Başqa bir rəvayətdə deyilir ki, qüsl verən qadın geri çəkilib başına vurdu və ağladı. Səbəbini soruşanda dedi ki, bu qızın anası haradadır, onun bədənindəki qara ləkələr nədir? Cavab verdilər ki, bu ləkələr düşmənin qamçılarının yeridir.
 
Bəzi tarixçilərin Rüqəyyənin adını çəkməməsi belə bir şəxsin Kərbəlada olmadığına sübutdurmu? Qeyd edək ki, hadisələrin qələmə alınması imkanları məhdud olub.
 
Digər tərəfdən Bəni Üməyyə hökuməti imamın övladları haqqında məlumatları ötr-basdır edirdi. Tarixçilər nəzarətə götürülmüşdü, onlar həqiqəti yaza bilmirdilər.
 
Bu səbəb oldu ki, onların başına gələn bir çox hadisələr unudulsun. Bunu nəzərə alsaq, tarixçilərin Rüqəyyənin adını çəkməməsi onun realda olmamasına dəlil deyil.
 
Mərhum Ayətullah Hacı Mirza Haşim Xorasani "Müntəxəbül-təvarix" kitabında yazır: Şeyx Məhəmməd Əli Şami Nəcəfin tanınmış alimlərindəndir.
 
O mənə dedi: Cənab ağa seyid İbrahim Dəməşqi 90 yaşına çatmışdı, 3 qız övladı vardı. Bir gün onun böyük qızı yuxuda İmam Hüseynin (ə) qızı Rüqəyyəni gördü.
 
Rüqəyyə yuxuda ona deyir ki, mənim qəbrimə su dolub, əziyyət çəkirəm, atan bunu valiyə desin, mənim qəbrimə baxsınlar. Qız bu barədə atasına deyir. Amma seyid düşmənlərin qorxusundan kiməsə bir söz demir. İkinci gün ortancıl qızı eyni yuxunu görür. Bu dəfə də seyid tərəddüd edir. Üçüncü gecə kiçik qız həmin yuxunu görür.
 
Seyid yenə bir addım atmır. Dördüncü gecə seyid özü yuxuda xanım Rüqəyyəni görür və Rüqəyyə ona buyurur, nə üçün valiyə xəbərdarlıq etməyib? Səhər seyid Şam valisinin yanına gedib, yuxusunu danışır.
 
Vali göstəriş verir ki, sünnü və şiə alimləri toplansınlar və qəbri açıb təmir etsinlər. Valinin göstərişi əsasında şiə və sünni böyükləri qəbri açırlar, cənazəyə qüsl verib onu pak parça ilə kəfənləyirlər.
 
Maraqlıdır ki, alimlər cənazə olan sərdabədə qapını açmaq istəyəndə qapı açılmır. Yalnız mərhum seyid İbrahim qapını aça bilir. Külünk götürüb nə qədər yerə vursalar da qəbri aça bilmirlər. Yenə də seyid İbrahim bu işi görə bilir. Qəbri açanda onun su ilə dolduğunu görürlər.
 
Seyid İbrahim cənazəni qəbirdən çıxarır, ağlamağa başlayır. Qəbri təmir edirlər. Sonra cənazə namazı qılırlar, xanımı dəfn edirlər. Bu iş 3 gün uzanır. Bu 3 gündə seyid İbrahim yemək-içməyi yaddan çıxarır. Xanımı dəfn edəndə Allaha dua edir, oğlan övlad istəyir. Sonra onun oğul övladı dünyaya gəlir.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Bu istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu