Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66660
az

Xatirə Sevdiyar Qızının məqaləsi

09:2510 Mart, 2022
445
CƏMİYYƏT
  • A

Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Dövlət təhlükəsizliyi orqanlarında ilk azərbaycanlı general kimi Heydər Əliyev sovet hakimiyyətinin və kommunist ideologiyasının hər cür milliliyi məhdudlaşdırdığı şəraitdə belə doğma xalqının özünəməxsusluğunun, onun müstəqillik ruhunun qorunub saxlanması, bu istiqamətdə yaradıcı fəaliyyət göstərən insanların siyasi təqiblərə məruz qalmaması üçün bütün imkanlardan istifadə etmişdir. Ulu öndər Heydər Əliyev 1960-1970-ci illərdə dövlət təhlükəsizliyi orqanlarında yüksək vəzifə tutduğu dövrdə erməni-daşnak qüvvələrinin xalqımıza və respublikamıza qarşı məkrli planlarına qarşı qətiyyətlə mübarizə aparmışdır. Məlum olduğu kimi, təxminən, XIX əsrin əvvəllərində meydana çıxan bu qüvvələr türk-müsəlman torpaqlarında erməni dövləti yaratmaq məqsədi güdmüş, öz istəklərinə çatmaq üçün hər cür qeyri-insani vasitələrdən istifadə etmiş, dəhşətli cinayətlər törətmiş, nəhayət, məlum imperiyanın süqutundan və kommunist-bolşeviklərin hakimiyyəti ələ keçirməsindən sonra isə onların dəstəyi ilə tarixi Azərbaycan ərazilərində qondarma bir dövlət quraraq qismən öz istəklərinə çatmışlar. Keçmiş sovet hökumətinin mövcudluğu dövründə “xalqların bərabərliyi”ni təmin edən hakim kommunizm ideologiyasının təzyiqi altında gizli fəaliyyətə keçsələr də, erməni-daşnak qüvvələri öz çirkin iddia və niyyətlərini gerçəkləşdirmək üçün daim fürsət axtarmış, imkan tapdıqca Azərbaycana maddi-mənəvi zərər yetirməyə çalışmışlar. Respublika rəhbəri seçildikdən sonra da ulu öndər Heydər Əliyev Qarabağda milli mənafelərin qorunması, dövlət təhlükəsizliyinin təmin edilməsi, Ermənistandakı millətçi dairələrin təxribatlarının qarşısı alınması istiqamətində məqsədyönlü və təsirli tədbirlər görmüşdür. O, Azərbaycanı gözləyən təhlükələri fitri kəşfiyyatçı istedadı ilə qabaqcadan görür, siyasi-ideoloji vasitələrdən, mövcud qanunvericiliyin imkanlarından məharətlə istifadə edərək bu təhlükələri vaxtında önləyə bilirdi. Moskvada, keçmiş SSRİ rəhbərliyində çalışdığı beş ildə daim erməni millətçilərinin hədəfində olan ulu öndər Heydər Əliyev onların öz xarici diaspor təşkilatları ilə birlikdə Azərbaycana və azərbaycanlılar əleyhinə şər, böhtan, qarayaxma kampaniyasına qarşı təkbaşına mübarizə aparırdı. Xalqımızın dahi oğlunun ermənipərəst qüvvələr tərəfindən siyasi fəaliyyətdən uzaqlaşdırılıb təzyiq və təqiblərə məruz qalması Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışan erməni-daşnak qüvvələrinə öz niyyətlərini açıq bəyan etmək və hərəkətə keçmək fürsəti verdi. Məhz bu amil otuz ildir davam edən və xalqımızı ağır bəlalara məruz qoyan münaqişənin başlanmasında həlledici rol oynadı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrü təhlil edib səciyyələndirərkən demişdir: “Heydər Əliyevin istefasından sonra Azərbaycanın problemləri başladı. İki həftə keçmədən erməni separatçıları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməlidir. Beləliklə, Dağlıq Qarabağ probleminin əsası qoyuldu, birinci addım atıldı. Əfsuslar olsun ki, ovaxtkı sovet rəhbərliyi həmin separatçıların fəaliyyətinə heç bir məhdudiyyət qoymadı, heç bir reaksiya vermədi və nəticə etibarilə bu meyillər Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Əlbəttə, Sovet İttifaqının dağılmasının səbəbləri kifayət qədər çoxdur. Ancaq onun əsas səbəbləri əlbəttə ki, yanlış milli siyasət olmuşdur. Sovet İttifaqını böyük dövlət kimi saxlayan məhz düzgün milli siyasət olub. Ancaq 1985-ci ildən sonra bu siyasətə cavabdehlik daşıyan şəxslər ya öz məsuliyyətini dərk edə bilmirdilər, ya da ki, qəsdən çox ziyanlı addımlar atmışlar. Onların arasında Dağlıq Qarabağdakı erməni millətçilərinin, separatçılarının vaxtında cəzalandırılmaması məsələsi xüsusi yer tutur. Dağlıq Qarabağ münaqişəsindən sonra digər yerlərdə də toqquşmalar baş verdi və nəticə etibarilə Sovet İttifaqı dağıldı”.Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir... Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda biz ən sonuncu yerlərdə idik. O, Azərbaycanı böyük inkişafa doğru apararaq ən qabaqcıl yerlərə qədər ucaltdı.Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinə rəhbərliyi dövründə xalqın böyük bir nəslini milli-dövlətçilik ruhunda yetişdir­miş liderdir. Azərbaycan tarixi­nin iki son dərəcə mürəkkəb və keşməkeşli mərhələsində respub­likaya rəhbərlik edərək ölkənin sosial-iqtisadi yüksəlişinə nail olan dövlət adamıdır. Azərbaycanın real müstəqilliyini təmin edən siyasətçidir. Vətənin hər abadlıq nişanəsində möhtəşəm izləri olan dövlətçilik memarıdır.Uzun illər xüsusi xidmət or­qanlarında çalışdığından haq­qında məlumatlar o qədər geniş olmasa da, ölkəyə rəhbərliyinin ilk günlərindən barəsində forma­laşan qənaətlər bundan ibarət idi ki, Heydər Əliyev böyük zəka sahibidir. Sadə, zəhmətkeş xalqın arasından çıxaraq gərgin əməyi, zəkasının gücü, peşəkarlığı, ən mühümü isə dürüstlüyü ilə vəzifə pillələrində addım-addım irəliləmiş bir dövlət xadimidir. Onunla bağlı el arasında dolaşan söhbətlər bu qənaətləri hər an təsdiqləyirdi. O, ilk vaxtlardan xalq malını dağıdan­lara, rüşvətxorlara, ziyankarlara qarşı kəskin mübarizəyə başladı.Heydər Əliyevin böyüklüyü onda idi ki, o, bu inama, ümidə heç zaman zərrə qədər də olsun xələl gətirmədi. İnsanların gözündə heç vaxt dəyişmədi. Sadə adamlar daim onu haqqın-ədalətin təminatçısı kimi gördülər. Özlərinə doğma sandılar. Bir çətinliklə üzləşəndə, hansısa səlahiyyət sahibinin ədalətsizliyi ilə qarşılaşanda ona üz tutdular. Hər zaman sidq-ürəkdən inandılar ki, Heydər Əliyev vəziyyətin belə qalmasına, kiminsə haqsızlıq etməsinə, insanların hüquqlarını pozmasına, özünü qanunlardan üstün tutmasına imkan verməz. Və ulu öndər həqiqətən buna im­kan vermədi. Özünü xalqdan ayrı salanların, müştəbehliyə qapılan­ların, vətəndaşların narazılığına səbəb olanların, pis əməllərə uza­nan əllərin tənbehini gecikdirmədi.

Böyük dövlət xadimi Heydər Əliyev hakimiyyət olimpinə xalqın arzularından gəlmiş adam idi. O, sovet Azərbaycanına da, müstəqil dövlətimizə də rəhbərliyi dövründə bu saf arzuya, xalqın ona münasibətinə daim sadiq qaldı.Ulu öndərin missiyası geniş və çoxşaxəli idi. Ümummıllı lider Heydər Əliyevin qarşıya qoyduğu ən bö­yük milli hədəf isə xalqın mənəvi inkişafı, maariflənməsi, dünyanın ən inkişaf etmiş xalqları sırasında öz yerini tutması idi. Bu böyük dövlət adamı belə bir hədəfə çatmaqda təhsilin müstəsna rolunu aydın qiymətləndirirdi. Ona görə də yüksək təhsilin hər kəsə əlçatan olmasından ötrü tarixi addımlar atırdı. Heydər Əliyev ucqar kəndlərdəki tarlalarda, şəhər və qəsəbələrdəki zavod və fabriklərdə gənclərlə görüşəndə onlara verdiyi əsas suallardan biri də məhz bu əli qabarlı gənclərin təhsil planı ilə bağlı olurdu. Heydər Əliyev onlara bütün şəraitlərdə təhsil imkanı yarada bilməkdən ötrü mühüm işlər görürdü.

Məhz ulu öndər on minlərlə gəncin əlçatmaz arzusu olan ali məktəblərin qapılarını həmin o əməkçi gənclərin üzünə açdı. Sadə zəhmət adamlarının övlad­larının müəyyən güzəştli qəbul şərtləri ilə nüfuzlu ali məktəblərdə təhsil ala bilməsinə imkan yarat­dı. Ali məktəblərə qəbul zamanı xoşagəlməz meyilləri, ədalətsizlik hallarını aradan qaldırdı. Biliyi əsas meyara çevirdi.Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində  Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. 1993-cü il iyun ayının 9-da Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində önəmli rol oynamışdır. Heydər Əliyevin həmin dövrdə Azərbaycana qayıdışı olamasaydı, müstəqillik, firavanlıq - bunların heç biri olmayacaqdı. 1993-cü il iyun ayının 9-da dahi Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində önəmli rol oynamışdır.Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamışdır. Ulu öndər Heydər Əliyev Azərbaycanın vətəndaş rifahına təminat verən sosial dövlət modelinin müəllifidir. Müasir dünyanın siyasət tarixinə siyasi müdriklik və əzəmətlə mənəvi kamilliyi şəxsiyyətində birləşdirən lider nümunəsi gətirən, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dövr möhtəşəm quruculuq, dinamik və hərtərəfli inkişaf mərhələləri kimi tariximizin qızıl səhifələrinə çevrilib. Bu mərhələlərin hər biri Azərbaycanın tənəzzüldən tərəqqiyə doğru dəyişdiyi dövr olmaqla, Ulu öndərimizin dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən sosial rifah amilinin də güclənməsi və etibarlı sosial müdafiə sisteminin formalaşması ilə müşaiyət olunub. Ölkəmizin bütün sahələrdə uzunmüddətli inkişafına xidmət edən genişmiqyaslı islahatların sosial hədəflərlə uğurlu şəkildə uzlaşdırılması təmin edilərək, milli iqtisadiyyatın inkişafında əhalinin sosial maraqlarının təminatı prinsipi ön planda saxlanılıb. Heydər Əliyevin nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu öndər nurlu bir müdriklik simvolu idi. Dahi və bənzərsiz şəxsiyyət parlaq günəşdir ki, üzərimizə səpələnən şüaları onun işıqlı ideyalarıdır. Bu şüalar həyatımızın hər sahəsinə işıq salır, bizə yol göstərir. Bir sözlə, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin də təminatçısıdır. Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir. Heydər Əliyev elm, təhsil və mədəniyyətin himayədarı idi.Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir.

Hörmətlə YAP-ın Üzvü, Könüllü, YAP Fəalı, Universtetdə Müəllimə, Xeyriyyə Tədbirlərinin İştirakçısı Xatirə Sevdiyar Qızı

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! DİN vətəndaşlara müraciət edib
Sabah hava necə olacaq?
Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
“Azəriqaz”ın direktor müavininin bacanağı hakim qarşısına çıxarıldı