Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45606
az

ŞAİR SƏRRAF QASIMIN ANADAN OLMASININ 80 İLLİYİ TAMAM OLUR

18:5430 Dekabr, 2020
371
CƏMİYYƏT
  • A

QISA BİOQRAFİYA 

Klassik və müasir Azərbaycan poetik ənənələrinin, Azərbaycan aşıq adəbiyyatının və aşıq məktəbinin ən layiqli nümayəndələrindən biri olan Rüstəmli SƏRRAF QASIM Əyyub oğlu 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur.

Sərraf Qasım orta məktəb təhsilini doğma kəndində almış, 1962-1967-ci illərdə isə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universitetində) tam ali təhsil alaraq, zootexnika ixtisası üzrə alimlik dərəcəsi əldə etmişdir. 

Uşaqlıqdan sözə, saza həvəs göstərən Sərraf Qasım, Gəncədə ali təhsil aldığı dövrdə orada tanış olduğu müxtəlif sənət adamlarından, ustadlardan və alimlərdən öz rəsmi ixtisası ilə yanaşı, həm saz-söz sənətini, həm də elmi, ədəbi, dini və ictimai bilikləri dərindən öyrənmişdir. Beləliklə də Gəncə mühiti Sərraf Qasımı savadlı bir alim və saz-söz sənətkarı etmişdir. Sərraf Qasım tələbəlik illərindən etibarən bəstəli aşıq şerləri və dastanlar yazmağa başlamışdır. Sərraf Qasım, Gəncə aşıqlarından olan Aşıq Cuma, Aşıq Mais, Aşıq Teymur, digər tanınmış Azərbaycan aşıqlarından isə Məzahir Daşqın, Aşıq İmran, Aşıq Əkbər, Aşıq Hüseyn Saraçlı, Aşıq Kamandar və s. kimi bir çox aşıqlarla yaradıcılıq əlaqələri qurmuş və onların bəziləri ilə yaxından dostluq etmişdir. Sərraf Qasımın şeirləri belə aşıqlar tərəfindən bütün ölkə miqyasında el məclislərində saz üstündə səsləndirilmiş və elə buna görə də Sərraf Qasım gənc yaşlarından etibarən bütün Azərbaycanda bir şair kimi tanınmışdır.  

Sərraf Qasım ilk şeirlərini “Qışlaqlı Qasım” təxəllüsü ilə yazmağa başlamış, lakin ali təhsil aldığı dövrdə o, Gəncədə iştirak etdiyi aşıq və şair məclislərinin birində görkəmli aşıq və şair Məzahir Daşqının tövsiyəsi əsasında təntənəli bir mərasimlə öz təxəllüsünü dəyişərək, “Sərraf Qasım” təxəllüsünü qəbul etmişdir.

Sərraf Qasım 1975-ci ildə ailə həyatı qurmuş və bu evlilikdən 2 oğul və 1 qız övladının sahibi olmuşdur.

Sərraf Qasım ali təhsilini başa vurub, doğma el-obasına qayıtdıqdan sonra öz rəsmi əmək fəaliyyəti ilə yanaşı, könüllü şəkildə aşıq-saz sənətini təbliğ etməyə və bu sənəti başqalarına öyrətməyə başlamış və bu sahədə çox ciddi və genişmiqyaslı xidmətlər göstərmişdir. Sərraf Qasımın gördüyü bu işlər nəticəsində onun doğma kənd evi, Sovet dövründə Naxçıvanda dövlət məktəblərində saz sənətinin tədrisinin qadağan olunduğu bir vaxtda Naxçıvanın ən böyük aşıq məktəbi kimi tanınmnışdır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonrakı dövrdə də Sərraf Qasımın səbəbkarlığı və onun Vahid Qurbanov kimi yetirmələrinin ciddi səyləri nəticəsində 1992-ci ildə Naxçıvan zonasında dövlət təhsil müəssisələrinin tərkibində (Şahbuz rayonundan başlayaraq) ilk rəsmi saz məktəbləri (saz şöbələri) yaradılmışdır. Sərraf Qasımın çoxsaylı tanınmış, ustad aşıq və müəllim səviyyəsinə çatmış yetirmələri olmuş və onlar yeni yaranan bu saz məktəblərində müəllim işləmişlər. Hazırda Naxçıvanda fəaliyyət göstərən aşıqların böyük əksəriyyəti, təməli Sərraf Qasım tərəfindən qoyulmuş bu rəsmi və ya qeyri-rəsmi aşıq-saz məktəblərinin yetirmələridilər. 

Sərraf Qasım, ali təhsilini başa vurduqdan sonra öz ixtisasına uyğun müxtəlif yerlərdə işləmiş, o cümlədən 1974-1991-ci illərdə Şahbuz rayonunun Lenin adına Sovxozunun baş mütəxəssisi, direktor müavini və direktoru olmuşdur. Ömrünü qeyri-rəsmi şəkildə saz-söz sənətinin təbliğinə həsr edən Sərraf Qasım, 1996-ci ildə isə Şahbuz rayonunun Kolanı kənd İbtidai Musiqi Məktəbinin tərkibində öz səbəbkarlığı ilə yaranan Saz Məktəbində (saz şöbəsində) bir saz müəllimi kimi işə götürülmüş, lakin bundan sonra o, bir rəsmi saz müəllimi kimi Kolanıda deyil, öz evində yaratdığı Saz Məktəbində rəsmi surətdə saz fənnindən dərs keçməyə başlamışdır. Bununla da, uzun illər ərzində qeyri-rəsmi bir Saz Məktəbi kimi tanınan Sərraf Qasımın doğma kənd evi, artıq bir rəsmi Saz Məktəbi kimi tanınmağa başlamışdır. Nəhayət Sərraf Qasım 2001-ci ildə elə öz evində yaratdığı bu Saz Məktəbindən təqaüdə çıxaraq, ömrünün sonuna kimi öz doğma kəndində yaşamış və ədəbi-bədii yaradıcılıq fəaliyyətini davam etdirmişdir. 

El arasında haqq adamı və haqq aşığı kimi tanınan Sərraf Qasım, ləyaqətli əmək fəaliyyəti ilə məşğul olduğuna görə  də müxtəlif mükafatlara, tərifnamələrə, “Qabaqcıl işçi” nişanı və “Sosializm yarışının qalibi” nişanı kimi döş nişanlarına layiq görülmüşdür.

Sərraf Qasımın sağlığında onun 7 ədəd şeirlər kitabı çap olunmuş, digər kitablarda və dövrü mətbuatda da onun bir çox əsəri işıq üzü tapmışdır. (Lakin buna baxmayaraq, onun əsərlərinin böyük bir hissəsi hələ də çap olunmamış vəziyyətdə qalmışdır). Eyni zamanda da Naxçıvan folkloru və ensiklopediyası kitabları kimi bir çox ölkə əhəmiyyətli ensiklopedik kitablarda da Sərraf Qasımın yaradıcılığı barədə məlumatlar xüsusi ilə öz əksini tapmışdır. 

Sərraf Qasım çox sadə və təvazökar bir insan, gününü, güzəranını el içində keçirən bir el sənətkarı olmuşdur. Sərraf Qasım ömrünün son 30 ilini öz yaradıcılığı ilə yanaşı, əsasən xeyirxah işlər görmək və dini ibadət və ayinlərini yerinə yetirmək kimi bəyənilən məşğuliyyətlərə həsr etmişdir.  

Sərraf Qasım heç vaxt öz yaradıcılığı vasitəsilə şan-şöhrət və yüksək vəzifə əldə etməyə, bir yaradıcı şair və aşıq kimi fəxri ad almağa təşəbbüs göstərməmişdir. Sərraf Qasımdan nəyə görə belə düşündüyünü soruşanda, belə cavab verərdi: “Mən şan-şöhrəti, ad-sanı, mənəmliyi sevmirəm. Ona görə də bu işlərin dalınca düşməmişəm. Mən hər şeyi zamanın axarına buraxmışam. Məyər Azərbaycan ədəbiyyatı tarixinə adı qızıl hərflərlə düşmüş Aşıq Ələsgər kimi aşıq və şairlərimizin hər hansı bir fəxri adı olubmu? Tarix özü hər şeyi nizamlayacaq. Əsas odur ki, mən istəyirəm mənim qiymətimi və mükafatımı Allah özü versin”.

SƏRRAF QASIMIN İLKLƏRİ və YARADICILIQ UĞURLARI:

Sərraf Qasımın çoxşaxəli yaradıcılıq fəaliyyətinin araşdırılması ilə məşğul olan tədqiqatçı alimlər, Sərraf Qasım ilə eyni dövrdə yaşamış aşıq və şairlərlə müqayisədə Sərraf Qasımın bir çox ilklərə və yaradıcılıq uğurlarına imza atdığını üzə çıxarmışlar. Tədqiqatçılar tərəfindən müəyyən edilmiş bu faktların bir çoxu ilk dəfə Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Əsgər Qədimovun rəhbərlik etdiyi tədqiqatçılar qrupunun Naxçıvan aşıqları barədə apardığı araşdırma əsasında ərsəyə gələn, 2017-ci ildə bir ensiklopedik kitab kimi çap olunan “XVII-XX əsrlərvə çağdaş Naxçıvan aşıqları” adlı ikicildli kitabd, həmin tədqiqatçı alimlərin verdiyi açıqlamalarda və bəzi digər mənbələrdə öz əksini tapmışdır.    

· Aşıq sənətinin bütün sirlərinə vaqif olan və öz yaradıcılıq fəaliyyəti ilə Azərbaycan aşıq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr verən Sərraf Qasım, XX əsrin ikinci yarısında Naxçıvan zonasında aşıq sənətinin inkişafına ən zəngin töhfələr verən misilsiz bir şəxs olduğuna, o cümlədən Naxçıvan mühitində könüllü olaraq öz sazı və sözü ilə aşıq sənətinin geniş şəkildə təbliği və tədrisi sahəsində mühüm xidmətlər göstərdiyiənə, Naxçıvan aşıqlarının böyük bir hissəsini Azərbaycanın digər bölgələrindən alıb gətirdiyi sazlarla təmin etdiyinə, Naxçıvanda ilk dəfə rəsmi saz məktəblərinin yaranmasının səbəbkarı olduğuna və çox sayda aşıq və saz müəllimi yetişdirdiyinə görə tədqiqatçı folklorşünas və ədəbiyyatşünas alimlər tərəfindən çağdaş Naxçıvan aşıq məktəbinin banisi adlandırılmışdır. 

·    Sərraf Qasım Azərbaycan Respublikasının tanınmış şairləri ilə müqayisədə ən gənc yaşlarında, yəni 27 yaşında alimlik dərəcəsi əldə etmiş bir şair olmuşdur. 

· Sərraf Qasım, Aşıq Ələsgər məktəbinin ən layiqli davamçısı kimi öz dövründə yaşamış şairlər içərisində məzmun və forma baxımından klassik poeziya ənənələrindən ən geniş və ən məharətli şəkildə istifadə edən və eyni zamanda həcm baxımından isə ən zəngin dastan yaradıcılğına - (irihəcmli və kiçik aşıq dastanları), cığalı şeirlər yaradıcılığına və mərsiyə yaradıcılığına malik olan bir şair kimi tanınmışdır.  

· Sərraf Qasım klassik poeziya janrlarında heyrətamiz şeirlər və dastanlar yazıb-yaradan bir şair olduğu üçün Xalq şairi Zəlimxan Yaqub və professor Həsən Mirzə kimi görkəmli şair və yazıçılar Sərraf Qasımın yaradıcılığı ilə yaxından maraqlanmış, Sərraf Qasımın bir neçə dastanını çap elətdirmiş və Sərraf Qasımı öz dövründə "Azərbaycanın misilsiz və təkrarsız şair oğlu" adlandırmışlar.

·  Sərraf Qasım hələ gənc yaşlarında olarkən Naxçıvanlı aşıq və şairlərin qənaətinə görə Naxçıvan zonasında ən savadlı və ən güclü “bədahətən deyişmə” istedadına malik bir şair olmuşdur. Məhz bu səbəbə görə, dahi Azərbaycan aşıqlarından biri olan Aşıq Hüseyn Saraçlı 1970-ci ildə Naxçıvana səfərə gələndə Sərraf Qasım, Naxçıvanlı aşıq və şairlərin təklifi və israrı ilə Naxçıvan aşıqları və şairləri adından Aşıq Hüseyn Saraçlı ilə deyişmək üçün meydana çıxarılmışdır. Sərraf Qasım ilə Aşıq Hüseyn Saraçlının bu deyişməsi sonradan Azərbaycanın məşhur aşıq dastnlarından biriniə çevrilmişdir.

·   Sərraf Qasım, “Azərbaycan xəritəsi” və “Naxçıvan xəritəsi” adlı poemaları ilə müstəqil Azərbaycanın ilk poetik xəritəsini yaradan bir şair olmuşdur. Sərraf Qasım, Azərbaycanın xəritə üzrə bütün coğrafi bölgələrinin, rayon və şəhərlərinin vəsfindən ibarət olan “Azərbaycan xəritəsi” adlı poemasını 1960-cı illərdə yazmışdır. Lakin 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdə, Sərraf Qasım bu əsərini müstəqil Azərbaycanın coğrafi adlarına uyğunlaşdıraraq, bununla da müstəqil Azərbaycanın ilk poetik xəritəsini yaratmışdır.

·  Sərraf Qasım, yaratdığı real və kədərli bir məhəbbət dastanı sayılan, "Sərraf və Hicran" dastanı ilə Azərbaycan məhəbbət dastanları tarixinə öz adını yazdıran bir şair olmuşdur. 

·  Sərraf Qasım, Naxçıvanlı aşıq və şairlər arasında Azərbaycanlı aşıq və şairlərlə ən zəngin yaradıcılıq əlaqələrinə malik bir şəxs olmuşdur. Tədqiqatçıların qənaətinə görə Naxçıvanlı aşıq və şairlər arasında Sərraf Qasım qədər başqa şairlər və aşıqlarla deyişmələri və şeirləşmələri olan, dastanlar yaradan ikinci bir şəxs olmamışdır.  

· Sərraf Qasım, Azərbaycan poeziya tarixində yaranan ilk səsli şeir kitablarından birinin müəllifi kimi tanınır. Sərraf Qasımın seçmə şeirlərdən ibarət olan "SƏNİN NƏYİN VAR" adlı bu səsli əsəri 1984-cü ildə lentə yazılmış və 60 dəqiqəlik bir maqnitofon kaseti şəkilində ictimaiyyətə təqdim olunmuşdur.

· Sərraf Qasımın Heydər Əliyev irsinin yaşadılması sahəsində də özünəməxsus mühüm yaradıcılıq xidmətləri olmuşdur. Belə ki, Sərraf Qasımın 2003 və 2005-ci illərdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xüsusi icazəsi əsasında ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevə həsr etdiyi 2 ədəd şeirlər kitabı çap olunmuş və hər iki şəxs haqqında çox maraqlı xatirələr və məlumatlar, o cümlədən “Heydər Əliyevin ilk əmək fəaliyyəti” barədə indiyədək heç bir yerdə açıqlanmayan məlumatlar ilk dəfə poema və şeir şəklində bu kitablarda öz əksini tapmışdır.   

Nəhayət, Sərraf Qasım 9 fevral 2018-ci il tarixdə (78 yaşına yeni qədəm qoyduğu bir vaxtda) sağlamlığı çox yaxşı bir vəziyyətdə olduğu halda öz doğma kənd evində sübh namazını qılıb, bir surə Quran oxuduqdan sonra istirahət etmək üçün öz yatağına gedərək uzanıb yatmış və bu yuxu onun sonuncu yuxusu olmuşdur, o, yuxuda olduğu halda ürək infarktı keçirərək, dünyasını dəyişmişdir. Sərraf Qasım, elə həmin gün Şahbuz rayonunun Aşağı Qışlaq kənd qəbiristanlığında dəfn olunmuşdur.

Allah rəhmət eləsin!

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni il axşamı zəlzələ olacaq
Rusiyaya gedənlərə vacib XƏBƏR! Qanun dəyişdi +VİDEO
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu