Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43870
az

Zəngilana bayrağımızı sancan şəhidin nişanlısından HƏR KƏSİ KÖVRƏLDƏN SÖZLƏR: Son nəfəsini verdiyin yerdə...

10:4710 Dekabr, 2020
533
CƏMİYYƏT
  • A

Vətən üçün canından keçmək, sinəni onun yolunda sipər etmək təkcə hünər, mərdlik işi deyil, bunun üçün həm də Vətəni sevən böyük ürək lazımdır. Qarabağımızı o böyük ürəyə sahib ər qeyrətli, tarix yazan minlərlə qəhrəman oğullarımız azad etdi.

Belə igidlərimizdən biri də Yusifli Azər Nazim oğludur.

Publika.az Zəngilana şanlı Azərbaycan bayrağını ilk sancan və böyük rəşadətlə azad etdiyi torpaqda şəhadətə ucalan şəhid Azərin Vətən müharibəsindəki döyüş yolunu təqdim edir.

 

Azər 28 mart 1994-cü ildə Ağstafa rayonunun Böyük Kəsik kəndində ziyalı ailəsində anadan olub. 2012-ci ilin aprelində hərbi xidmətə yollanan şəhidimiz Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 11-ci bölüyündə kiçik çavuş rütbəsində xidmət edib. Hərbi xidmətini bitirdikdən sonra sənədlərini Sərhəd Qoşunlarına təqdim edib və işə qəbul olunub. Dəfələrlə xidmətlərinə görə hərbi hissənin komandiri və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən fəxri fərmanlar və medallarla mükafatlandırılıb. Hərbi döyüş və idman hazırlığında xüsusilə fərqləndiyinə görə Azəri Mərdəkanda yerləşən Sərhəd Qoşunlarına məxsus “xüsusi təyinatlı” dəstəyə göndəriblər. Orada keçirilən döyüş təlimlərinə və taktiki, texniki fəaliyyətinə görə şəhidimiz xüsusilə fərqlənib. Tovuz döyüşləri zamanı xüsusi təyinatlı dəstədə kəşfiyyatçı kimi fəaliyyətə başlayıb. Vətən müharibəsi başlayanda Sərhəd Qoşunlarına məxsus xüsusi təyinatlı kəşfiyyat dəstəsində döyüşlərə qoşulub.

 

Azər Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı və Zəngilanın azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərib. Cəbrayıl azad ediləndə Xudafərin körpüsünün, Zəngilan azad ediləndə isə Zəngilan Prokurorluğu binasının üstünə bayrağı Azər sancır.

Döyüş yoldaşı Xəyal Namazov deyib ki, həmin məqamda Azərin keçirdiyi qürur hissini sözlə ifadə edə bilmirəm. Hər dəfə döyüşlərlə erməniləri öldürdükcə “bu da Xocalının heyifi” deyirmiş şəhidimiz.

Publika.az-a danışan şəhidimizin bibisi oğlu Nuran Allahverdiyev bildirib ki, Azər müharibənin ilk həftəsində yaralanır və hospitalda müalicə almalı olur. Həkimlər deyirmiş ki, biz gecə-gündüz növbə çəkirdik, onu saxlaya bilmirdik. Üç gün sonra, hələ tam sağalmamış yaralarını sarıyıb döyüşə qayıdır şəhidimiz.

 

Azərin döyüş yoldaşı Vüqar Zamanov isə bunları deyib: “Mən Cəbrayılda yaralandım. Tibb məntəqəsi isə döyüş meydanından xeyli aralıda idi. Azər bir əlində silah döyüşə-döyüşə çiynində məni neçə kilometr uzaqlıqda olan tibb məntəqəsinə çatdırdı”.

Azərin bibisi oğlunun sözlərinə görə, Azər və döyüş yoldaşları son dəfə ermənilərlə qeyri-bərabər qüvvə ilə döyüşürlər. Kiçik bir kəşfiyyat dəstəsi ermənilərin 37 əsgər və zabitini əsir götürür, 42-ni isə məhv edir. Həmin döyüşdə Azər düşmənin atdığı qumbaradan ağır yaralanır. Məsafə uzaq olduğuna görə tibb məntəqəsinə təxliyə olunana qədər qan itirmədən şəhid olur.

Hər insan ömrü bütöv bir təcrübədir. İnsanların ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, hamı bir-birinin yaşamını təkrarlayır. Amma Azər gənc yaşında bənzərsiz bir ömür yaşadı və onun ömrü bu məmləkətdə bütün insanlar üçün bənzərsiz örnək, əvəzsiz bir nümunə olacaq - namus, qeyrət, şərəf, ləyaqət, kişilik, mərdlik və fədakarlıq nümunəsi...

 

Nakam ömrü bənzərsiz olduğu kimi Azərin taleyi, o böyük ürəyində daşıdığı ülvi sevgisi də bənzərsizdir. Nişanlısı Songül Azərin yoxluğuna heç cür inana bilmir: “Sən “istiqamət Zəngilan, istiqamət Zəngilan” deyərək gülə-gülə getdiyin Zəngilanın mən adını belə çəkə bilmirəm. Bilmirəm ki, gedə bilərəmmi o torpaqlara nə vaxtsa? Nə üçün gedərəm... Bəlkə də bir ümid aparar səni taparam deyə... Son nəfəsini verdiyin yerdə qoxlayam torpağı, səni axtaram gözüm qanlı yaşlarla...”

Songülün Azərli xatirələrini soyuqqanlı dinləmək olmur. Qəhər insanın boğazında düyünlənir, udquna bilmir.

Vətən savaşının bitdiyi 10 noyabrda Songül Azərə məktub yazır, o oxumasa da yazır… “Bu gün sənin qanınla yazdığın tarixdir, Azərim! Zəfərin mübarək! Sənin bəylik paltarın ucaltdığın bayrağın oldu... Mənim borcum isə son nəfəsiməcən sənin adına, sevginə, ucalığına layiq yaşamaqdır. Əgər bunun adı yaşamaqdırsa... Mən sənin qəlbində getdim, sən mənim qəlbimdə yaşayırsan. İndi ölən kimdir, yaşayan kim?! Əbədi həyatda qovuşacağıq, Azərim!”

 

Songülü dinlədikcə bir daha əmin olursan ki, bu Vətənin bayrağını ucaldan Azər kimi mərd, qeyrətli oğullardırsa, bu xalqın başını ucaldan da onun kimi ləyaqətli, sədaqətli qızlarımızdır.

Zəngilan azad edildikdən sonra Azər bir məktəb binasına daxil olur. Ermənilərin bayrağını və özlərinə “milli qəhrəman” elədikləri Monte Melkonyanın şəklini divardan söküb ayaqlarının altına atır. Daha sonra zaman-zaman türkün tarixini və coğrafiyasını mənimsəyən oğru millətin tarixi abidələrinin sərgiləndiyi divardan xülyalarında yaratdıqları “böyük Ermənistan” xəritəsini və tarixi abidələrin şəklini söküb atır.

 

Azəri gənc yaşında ən çox sarsıdan məqam Xocalıda günahsız körpələrin, əliyalın qocaların, hamilə qadınların başına gətirilən izahagəlməz müsibətlər olub. Şəhidimiz buna görə də Xocalının qisasını almağı özünə həyat qayəsi seçmişdi.

Ən böyük arzusu şəhadət məqamına ucalmaq idi, amma qisas alınandan sonra. Dediyini etdi, əqidəsindən və yolundan dönmədi, qisasını aldı və arzusunda olduğu şəhidlik zirvəsinə yüksəldi.

Prezident İlham Əliyevin sərəncamına əsasən, Yusifli Azər Nazim oğluna “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Bizim hər ayın hansısa günü mütləq qara ilə haşiyələnmiş təqvimimizi dəyişdirən igidlərimiz, nur içində uyuyun! Azər kimi oğullarımızın sayəsində artıq bütövləşmiş Vətən və o Vətənin azad edildiyi qırmızı haşiyəli gün var - Zəfər Günü!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Taksi fəaliyyəti ilə məşğul olanlara VACİB MƏLUMAT 
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”