Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39243
az

Cinlər barədə bilmədiklərimiz - Təsəvvür etdiyimiz kimi qorxulu deyillər

21:1823 Sentyabr, 2020
568
CƏMİYYƏT
  • A

Oxu24.com  ilahiyyatçı Bəşir Mansurovun cinlər barəsində araşdırmasını təqdim edir:

Bismilləhir rahmənir rahim

Cin tayfası barədə məlumatlara keçməzdən öncə bir neçə xatırlatma etmək yerinə düşərdi. Əvvəla qeyd edim ki, bu tayfalar haqqında düzgün məlumatı yalnız Quranın, Əhlibeytin (ə) və Allah dostlarının təqdimatında öyrənə bilərik. Bəzən bəzi istisna hallarda ola bilər ki, digər mənbələrə də müraciət edək. Hər halda əsas istinadgahımız Quran və Əhlibeyt (ə) olacaq.
İkinci olaraq qeyd etməliyəm ki, ola bilər ki, ilk məqalələrdə olan məlumatlar sizə tanış olsun və ya çox da maraqlı gəlməsin. Xüsusi olaraq bildirim ki, bu əsas məlumatlar olmadan biz cinlər barədə düzgün yanaşmaya sahib ola bilmərik. O üzdən ilkin paylaşacağım məlumatları diqqətlə oxumaq və yadda saxlamaq zəruridir.

Üçüncüsü isə mən bu məlumatları elə ardıcıllıqla tərtib etmək arzusundayam ki, cin tayfası barədə heç bir məlumatı olmayan şəxslər də belə bu məlumatlar nəticəsində sıfırdan başlayaraq mövzu barədə düzgün təsəvvürə malik ola bilsinlər. Həmçinin də məqsədimiz cin tayfası barədə yanlış təsəvvürlər tamamilə aradan aparmaqdır.
Uca Allah nə qədər lütf edərsə...

"Cin və insanları yalnız mənə ibadət etmək üçün yaratmışam"
Zariyat surəsi, 56-cı ayə.

Cin məsələsi Qurani-Kərimdə aşkar və dəqiq formada qeyd olunmuşdur. İslam əqidəsinə və digər səmavi dinlərə görə cinlərin mövcudluğu aksiom bir məsələdir, yəni onların varlığına səmavi dinlərdə şübhə yoxdur. Qurana əsasən cinlər də eynilə biz insanlar kimi, bir çox məqamlarda bizə çox bənzər olaraq yaradılmış varlıqlardır. Bizim şəxsiyyətimiz, şüurumuz, qidamız, məskənimiz, paltarımız və sairə digər həyati əhəmiyyət daşıyan ehtiyaclarımız olduğu kimi, cin tayfasının da bütün bunlara bənzər ehtiyacları və özlərinəxas həyat tərzləri vardır. 

"Cin" sözünün ərəb dilindən tərcümədə mənası "gizli", "örtülü", "bağlı" deməkdir. Yəni onlara gözlə görünə bilmədikləri və əyani müşahidə oluna bilmədikləri üçün cin deyilib. Ərəb dilində "cin" söz kökündən yaranmış bütün kəlmələr örtüməyə və gizliliyə dəlalət edir. "Cənnət" sözü də bu kökdən yaranmış sözdür və ağaclarla örtülü olduğu üçün "cənnət", yəni örtülmüş yer adlanır. Ərəblər ana bətnində olan uşağa da örtülü və gizli olduğuna görə "cənin" deyirlər. Qurani-Kərimdə "cin" kəlməsi 50 dəfə müxtəlif formalarda istifadə olunmuşdur.

Cinin vücudu bizim maddi hissiyyat üzvlərimizdən gizlidir. Qurana əsasən deyə bilərik ki, cinlər tüstüsüz oddan yaradılmış varlıqlardır. Yəni onların yarandığı ilkin material plazmadır. İnsanın ilkin mənşə olaraq torpaqdan yaranıb, lakin hal-hazırda isə ət və sümükdən ibarət olduğu kimi, cinlər də oddan yaranıb özlərinə məxsus fiziki quruluşa, xassələrə malikdirlər. Cin metafizik (maddi təbiətə yad) varlıq olduğuna görə bizim adi halda onu gözlə görməyimiz mümkün deyil. Lakin bəzi klassik və müasir müsəlman alimləri, xüsusən də Şeyx Mufid etiqad edirlər ki, Allah cinə öz lətif (radiasiya, radioaktiv dalğa, plazma, foton və ya bizə məlum olmayan hər hansı başqa cins) cinsindən çıxıb, insanın gözünə görünə bilən maddi bir cism halı almaq qüdrəti verə bilər və bəzən bu hal müşahidə olunub. Yəni cin insan gözünə maddi bir varlıq kimi görünüb. Lakin bu görünmənin başqa bir izahı da bundan ibarətdir ki, əslində cin bizim alt şüurumuza təsir edərək özü barəsində istədiyi təsviri bizim zehnimizdə yarada bilər və biz elə təsəvvür edə bilərik ki, bizim qarşımızda müəyyən görünüşə malik bir varlıq vardır. Əslində isə o varlıq maddi olaraq qarşımızda deyil, sadəcə cinin şüurumza təsiri ilə alt şüurumuzda yaranmış qeyri-real təsvirdir. Cinlər adətən bir neçə heyvan, məsələn, ilan xaric (istisnalar da var) digər heyvanların cildinə girərək də görünə bilərlər. Cinlərin həqiqətdə necə bir görünüşə malik olmaları barədə gələcək məqalələrdə danışacayıq.

 

Cinlərdə də erkək və dişi cins kateqoriyası vardır. Onlar da cinsi əlaqə yolu ilə artıb törəyən varlıqlardır. Həzrət Rəsulallah (s) İmam Əliyə (ə) buyurub: "Cinlər (qəməri) ayın birinci, orta və sonuncu günü öz zövcələrilə yaxınlığı artırarlar." (Vəsaliuş-şiə, c-14, s-91) Lakin onların bu əlaqə formasının və dünyaya yeni cin gətirməsinin necəliyi barədə mənbələrdə dəqiqi bir məlumat yoxdur. Cinlər də insan kimi bioloji inkişaf dövrü keçirlər. Kiçikdən böyüyə, cavanlıqdan qocalığa doğru inkişaf edərək, sonda öz əcəllərilə dünyalarını dəyişirlər.

Qurana əsasən cinlər də insanlar kimi Allaha ibadət etmək - bəndəçilik, kamilləşmək üçün yaradılmış varlıqlardır. (Zariyat 56). Cinlərin də şüuru vardır, düşünə bilir və mühakimə yürüdürlər. Onlar da ətraf aləmi bizim kimi müşahidə və qavrama yolu ilə dərk edirlər. Cinlərin həyatı məhduddur, sadəcə ömürləri insan ömrünə nisbətən çox uzun olur. Orta hesabla ömürləri 800-1000 il arası olur. Hətta min ildən yuxarı yaşadıqları haqda da etibarlı mənbələrdə məlumatlar vardır.

Cinlər zaman etibarilə Adəmin, yəni hal-hazırda mövcud olan insan sivilizasiyasından çox-çox illər öncə yaranmış varlıqlardır. (Hicr surəsi, 27). Bəzi alimlərin iddiasına görə bu müddət qırx il olmuşdur. Lakin bu qırx ilin cinlərə məxsus zaman ili ilə olmasını fərz etsək o zaman bu bizə görə böyük bir zaman məsafəsi olar. Çünki cinlərin yaşadığı paralel aləmlə bizim aləm arasında zaman fərqi mövcud olması barədə iddialar vardır. Onların 1 ilinin bizim zamanla ən azı 35-40 ilə bərabər ola bilmə fikri də mövcuddur. Bizim üçün fərq etməz, əsas olan budur ki, cinlər insandan öncə yaranmış varlıqlardır.
Qurani-Kərimə əsasən cinlər mükəlləf, yəni Allah və İslam şəriəti qarşısında öhdəçiliyi olan varlıqlardır. İnsan kimi nisbi azadlığa malikdirlər. Öz istəklərilə Allaha ibadət edə və yaxudda üsyan edib itaətsizlik edə bilərlər. Ümumi olaraq xeyirxah və şər cin kateqoriyasına bölünürlər. (Cin surəsi, 11). Öz şəxsi arzuları, iradələri, müxtəlif xasiyyətləri, zövqləri, sevdikləri vardır. Cinlər insanda olan bütün xarakterik xüsusiyyətlərə - əsəb, səbr, şəhvət, həyəcan, qorxu, mehribanlıq, rəhm və digər xüsusiyyətlərə də sahibdirlər. Onlara da insanlar kimi iradə azadlığı prinsipi hakimdir. Cinlər haqqı batildən seçə bilmək üçün məntiqi əsaslandırma qüdrətinə malikdirlər. Yaddaşları normal orta statistik insana nisbətən çox güclüdür. Cəmiyyət halında yaşayar, tayfa, qəbilə və nəsil bölgüsünə sahibdirlər.

Cinlər mənşə etibarilə tüstüsüz və şölələnən oddan (Ər-Rahmən, 15) yaransalar da hal-hazırda bioloji olaraq alovdan ibarət deyillər. Onların da zahiri bədən quruluşu, daxili orqanları və insanda olduğu kimi hərəkət orqanları vardır. Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, bizim yanlış təsəvvürümüzdən fərqli olaraq cinlərdə quyruq və buynuz olmur. Cinlər arasında da insanlarda olduğu kimi güc fərqi mövcuddur. Nisbətən güclü və zəif cinlər vardır.

Cinlər adi halda insanın gözünə görünə bilməsə də, amma onlar insanı bizim bilmədiyimiz istiqamətlərdən müşahidə edə və eşidə bilirlər. ("Əraf", 27). Qurani-Kərimdə "Cin" surəsinin əvvəlində təqribən bu məzmunda ayə qeyd olunur ki, Həzrət Rəsulallahın (s) təbliğat üçün getdiyi Taif şəhərindən qayıdarkən Məkkə yaxınlığında bir cin vadisində Quran oxumasına bir qrup cin gizlincə qulaq asıb və öz tayfalarının yanına qayıdıb belə deyirlər:
- Həqiqətən biz heyrətamiz bir Quran eşitdik! ("Cin", 1)
Bu ayədən məlum olduğu kimi onlar insanı istədikləri vaxt kənardan dinləyə və görə bilirlər. Bəzi seçilmiş insanlar - peyğəmbərlər, övliyalar onları öz sürətində görə bilir və onlarla ünsiyyət qura bilirlər. Bəzi etibar etdiyimiz mənbələrdən alınan məlumatlara əsasən həqiqi cadugərlər də şər cinləri olduğu kimi müşahidə edə bilirlər. Ümümi insanlar isə cinləri yalnız maddi cildə girdikləri zaman və yaxud zehinlərində yaranmış təsəvvür əsasında müşahidə edə bilərlər. Buna "təməssül" deyilir. Təməssül lüğətdə bir şeyin başqa bir surətdə və qiyafədə digəri üşün zahir olması mənasını verir. Bu zaman əks tərəf təməssül edən varlığı öz əsl simasını deyil, onun başqa formada olan təsvirini görür. Təməssül edən zaman cinlər öz həqiqi formalarını əsla dəyişmirlər, onlar həqiqətdə elə cin olaraq qalırlar, lakin zahir olduqları formal (şərti) surət dəyişir. Təməssül prosesi o qədər canlı və dəqiqi baş verə bilər ki, insan onun mənbəyinin daxili (batini) və ya xarici olmasını aid edə bilməz. Cinlər təməssül edən zaman yalnız görünmək istədikləri şəxsə görünərlər. Ətrafda olanlar onu görə bilməzlər. Quran ayələrində və hədislərdə cin tayfasından olan İblisin (Diqqət! İblis, yəni Şeytan mələk deyil, cindir.) dəfələrlə təməssül edərək müxtəlif sürətlərdə zahir olması qeyd olunmuşdur. İblis Həzrət Rəsulallahın (s) təbliğatla məşğul olduğu dövrlərdə dəfələrlə insan cildinə girərərək Məkkə müşriklərini ona qarşı qaldırırdı və onlara bilmədiklərini öyrədir, məsləhətlər verir və aranı qızışdırırdı. Məşhur "Darun-Nüdbə" hadisəsi buna bir misal ola bilər: Məkkə müşriklərindən bir neçə nəfər şəxs İslam peyğəmbərilə necə edəcəkləri barədə toplantı keçirirlər və bu zaman İblis yaşlı bir kişi qiyafəsində zahir olaraq özünü Nəcd əhlindən olan yaşlı bir kişi kimi təqdim edir. Onlara məsləhət vermək üçün bura gəldiyini bildirir. Müxtəlif dəqiq məsləhətlər verərək Hz. Peyğəmbərin (s) təbliğat fəaliyyətinin qarşısını almaq üçün onları təşfiq edir. Bu hadisəni Allah vəhy vasitəsilə öz peyğəmbərinə çatdırır. ("Ənfal", 30)
Cinlər öz həqiqi formalarında heç də bizim təsəvvür etdiyimiz kimi qorxulu, çirkin, bədheybət və dişləri iri, iri buynuzlu varlıqlar deyillər. Bəzən şər cinlərin insanları qorxutmaq üçün aldıqları bəzi maddi qorxunc formaların kimlərsə tərəfindən müşahidə olunması (nadir hallarda baş verə bilir) və müxtəlif filmlər, nağıllar, əfsanələr vasitəsilə ötürülən xürafi məlumatlar zaman-zaman səbəb olmuşdur ki, insanlarda cin tayfasının görünüşü barədə səhv fikir formalaşsın.
Bəzi təqvalı müsəlman alimləri cinlərlə ünsiyyət qurub və onların necə göründüyü barədə məlumatlar əldə edə biliblər. Lakin çox təəssüf ki, onların əksəriyyəti bu barədə heç bir yazılı mənbə qoymayıblar və bu məlumatlar şifahi olaraq dillərdə dolaşıb və sonradan kimlərsə tərəfindən bir qədər dəyişkliyə uğrayaraq qələmə alınıb. Ümumiyyətlə bu mövzu barəsində çox nadir rast gəlinən yazılı mənbələr mövcuddur. İstərdim mövzunun bu hissəsində İsa Muhəmməd Davud adlı şəxsin (İslam alimi olub) Mustafa Kənçur adlı 180 yaşlı cinlə qurduğu ünsiyyət əlaqəsi zamanı cinlərin necə göründüyü barədə verdiyi suala cinin verdiyi cavabı ümumiləşdirərək müxtəsər formada sizlərlə bölüşüm:

 

- Cinlərin göz rəngi qırmızı və çox parıltılı olur. Bəzi cinlərdə kəhrəba rəngində də ola bilir. İnsandan fərqli olaraq gözlərinin forması yumru deyil, ellipsvari formada olur. Qulaqları azacıq at qulağına bənzəyir və çox xırda tüklərlə örtülü olur. Burunla çox uzunsov deyil, daha çox dairəvi görünüşə malikdir. Üzlərinə insanda olduğu kimi saqqal çıxır. Lakin müsəlman cinlər istisna olmaqla digər cinlər saqqal saxlamağı heç sevmirlər. Erkək cinlərin saçları çox seyrək olur, dişi cinlər isə çox uzun saç saxlayırlar. Dəri rəngləri insanlarda olduğu kimi fərqli ola bilir. Lakin əsasən əsmər və qarabuğdayı rəngdə olurlar. Bədənlərində tük az olur. Dərisinin qırmızı olduğu cinlərə də rast gəlinə bilir.

Cinlərin ömrü niyə uzun olur?

Cinlər də insanlar kimi övladlarını öz südlərilə bəsləyirlər. Südəmərlik dövürləri adətən 40-45 ilə qədər ola bilir. Onların hamiləlik dövrü insana nisbətən azdır. Cəmi 6-7 ay çəkir. Cinlərin yaşının bizə görə çox görünməsinin səbəbi isə budur ki, cinlər radioaktiv dalğaya bənzər varlıqlardır və onların aləmində olan hərəkət bizim material aləmə nisbətdə olduqca böyük sürətlə baş verir. Fizika elmindən də bizə məlum olduğu kimi hərəkət sürəti artdıqca zaman yavaşıyır. Sürət müəyyən bir nöqtəyə çatdığı zaman isə zaman durur. "Nisbilik nəzəriyyəsi"nə əsasən zaman kainatın hər yerində eyni axmır və cismin kütləsindən, qravitasiya qüvvəsindən asılı olaraq sürətli və ya zəif axa bilir. Bunu sübut etmək üçün fiziklər bir sıra praktiki sınaqlar da keçirilmişlər. Məlum olmuşdur ki, zaman kütləyə və sürətə bağlı bir məsələdir və mütləq hesab oluna bilməz. Cinlər də maddi varlıq deyil dalğa tezliyinə bənzər (radiasiya kimi) varlıqlar olduqlarına görə öz aləmlərində normal halda 70-80 il ömür sürürlər, lakin daim yüksək sürət içərisində yaşadıqlarına görə bu zaman kəsiyi bizim aləmdə 800-1000 ilə bərabər ola bilir.
Zamanın nisbilik nəzəriyyəsi Qurani-Kərimdə də təsdiqini tapmış bir mövzudur. Belə ki, uca Allah buyurur:
- Həqiqətən sənin Rəbbinin yanında bir gün sizin saydığınız min il kimidir. (Həcc surəsi, 47-ci ayə)
Cinlərin hərəkət etməsi üçün isə bizim kimi maddi nəyəsə söykənməsi şərt deyil. Onlar fəzada da hərəkət edə və bizim üçün keçilməz olan material maneələri (dağ, təpə, sıldırım, quyu və s.) rahatlıqla keçə bilirlər. Bizə təsir edən qravitasiya qüvvəsi cinlərə hərəkət üçün o qədər də mane ola bilmir. Lakin bu o demək deyil ki, onlar yerin cazibə qüvvəsindən tam xilas ola biliblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər