Dövlət Gömrük Komitəsi mütəmadi olaraq açıqlamalar yayıb, gömrükdə şəffaflığın tam olaraq təmin olunduğunu bildirsə də, vətəndaşların gömrük orqanları ilə bağlı şikayətləri günü-gündən artır.
Oxu24.com xəbər verir ki, belə şikayətlərdən biri bu günlərdə vətəndaş Paşayev Fəxrəddin Çoban oğlu tərəfindən Qaynarinfo-ya ünvanlanıb.
Fəxrəddin Paşayev bildirib ki, mayın 1-də Gürcüstandan alınan "Ford Fusion" avtomobilinin rəsmi qeydiyyatı üçün ondan 902 manat rüşvət alınıb. Belə ki, buraxılış ili 2013 olan avtomobili 5500 dollara alan vətəndaş DGK-nin rəsmi internet saytından "Xaricdən Azərbaycana gətirilən minik avtomobillərinin gömrük rüsumunun hesablanması cədvəli"ndə sözügedən maşının 4461,90 manat rüsum haqqı olduğunu hesabladığını deyir. Lakin avtomobil gömrükdən keçərkən Abbas adlı komitə işçisi ondan 5295 manat tələb edir. Vətəndaş haqqını müdafiə etməyə çalışsa da, bacarmır və kassaya tələb olunan məbləği ödəmək üçün yaxınlaşdıqda 68 manat da vergi haqqı ilə qarşılaşır.
Şikayətçi tələb olunan bütün məbləğləri ödəsə də, məsələnin ictimailəşdirilməsini və bu kimi halların aradan qaldırılmasını tələb etdiyini bildirir.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi də açıqlama yayıb və iddianın doğru olmadığını bildirib.
Şikayətçı olduğu bildirilən şəxsin gömrük orqanına bəyan etdiyi dəyərin miqdarında şübhələr yarandığından Azərbaycan Respublikasının "Gömrük tarifi haqqında" Qanununa uyğun olaraq araşdırmalar aparılıb. Gömrük orqanının şübhələri öz təsdiqini tapdığından nəqliyyat vasitəsinin yenidən dəyərləndirilməsi həyata keçirilib və bəyannamədə müvafiq dəyişikliklər edilib.
Gömrük əməliyyatları zamanı nəzərdə tutulan bütün ödənişlər isə dövlət büdcəsinə köçürülərək bu barədə həmin şəxsə qəbzlər verildiyindən hər hansı qeyri-qanuni ödəmələrdən söhbət gedə bilməz. Üstəlik vəsaitin birbaşa dövlət büdcəsinə ödənildiyi yazıda da öz əksini tapıb. Dövlət büdcəsinə ödənilən vəsaitin "rüşvət" kimi qələmə verilməsi onu deməyə əsas verir ki, yazı sifariş xarakterildir və məqsəd gömrük orqanlarına qarşı qərəz, böhtan xarakterli məlumatlar yaymaqdır.
Onu da qeyd edək ki, "Gömrük tarifi haqqında" Qanunun 11.3-cü maddəsinə əsasən Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Lakin media qurumlarına şikayət etdiyi bildirilən şəxs gömrük bəyannaməsində göstərilən məlumatları təsdiq edərək gömrük orqanının müvafiq düzəlişləri ilə razılaşdığını bildirib.
Oxu24.com
ŞƏRHLƏR