Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümüdür. Ulu Öndərin vəfatından 21 il ötür.
Tanınmış publisist-jurnalist Məzahir Süleymanzadə öz xatirələrində Ümummilli liderimiz Heydər Əliyevlə Naxçıvanda baş tutmuş görüşü barədə bunları yazır:
...1992 - ci il oktyabrın 7 - si... Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş "Böyük ömrün anları" sənədli filmində əksini tapmış kadrlara baxdıqca həmin günü xatırlayıram...Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bizi həyətdə, pilləkənlərin üstündə salamlayır. Qrupun rəhbəri kimi, jurnalistləri bir - bir ona təqdim edirəm: Dağbəyi İsmayılov, Hidayət Elvüsal, İmamverdi İsmayılov, Mahir Süleymanov, İsmayıl Ömərov, Vahid Əzizov, Qulu Məhərrəmli, Rövşən Əliyev, Şəmsi Vəfadar,Telman Fərəcov, Emin Eminbəyli...Yusif Kərimovun, Əhməd İsayevin adlarını çəkməyə hazırlaşanda Heydər Əliyev gülümsünərək deyir:
- Yusifi Yazıçılar İttifaqının qurultayındakı çıxışından, Əhmədi isə "Kommunist"in müxbiri kimi, bölgələrə səfərlərimdən tanıyıram.- Sonra üzünü Araz Qurbanova tutur: - Sən də mənə çox tanış gəlirsən...Araz Ümummilli liderin səmimiyyətinə səmimiyyətlə cavab verir:- Yəqin boyum çox uzun olduğuna görə yadnızda qalmışam...
- Səni də Moskvadakı görüşümüzdən xatırlayıram. - Heydər Əliyevin bu sözlərindən qürur hissi keçirirəm.- Bəs qorxmadın, Naxçıvana gəldin, özü də tək gəlməmisən, gör nə qədər jurnalist gətirmisən. Bilirəm, Bakıda Naxçıvana gələnləri təqib edirlər, incidirlər, işdən çıxarırlar...
...Söhbətimizi Heydər Əliyevin iş otağında davam etdiririk. Stolun üstündə lampa yanır. Bu böyük insanın mehriban, eyni zamanda zəhmli çöhrəsi lampa işığında da möhtəşəm görünür...Tez - tez söhbətimiz yarımçıq qalır. Heydər Əliyev Süleyman Dəmirəllə, İran prezidenti Rəfsancani ilə danışır, sonra yenə üzünü bizə tutur:
- Bax, görürsünüz, Bakıdakı vəziyyət haqqında məlumatı xarici ölkə rəhbərlərindən alıram. Bakıdan heç telefonuma da cavab vermirlər...Bakıdan qəzet - jurnal da almırıq, Naxçıvana ara - bir "Səhər" qəzeti gəlir, vəssalam. Başqa qəzetlər Naxçıvanda baş verən hadisələri işıqlandırmırlar. Hətta göndərdiyimiz rəsmi materiallar da dərc olunmur...Camaat İranla Türkiyənin ümidinə qalıb, bunlar da Bakıda kreslo davası eləyirlər. Gündə Ermənistan prezidenti Levon Ter - Petrosyanla üç - dörd dəfə əlaqə saxlayıram. Mən burada vəziyyəti qaydaya salmağa çalışıram, onlar Bakıda ağılsız hərəkətlər edirlər. Naxçıvanda hər gün neçə igid övladımız şəhid olur. Nə vaxtadək analarımız, bacılarımız göz yaşı tökəcəklər?..
...Söhbət "Pravda" qəzetindən düşür. Mən deyirəm ki, görüşdə iştirak edən Telman Fərəcov həmin qəzetin təmsilçisidir. Heydər Əliyev üzünü Telmana tutur:
- Mən "Pravda" qəzetinə nifrət edirəm! Düzdür, əvvəllər o qəzeti sevmışəm, amma indi nifrət edirəm!..
Heydər Əliyev bu "nifrət edirəm" ifadəsini elə qəribə intonasiya ilə işlətdi ki, Teman Fərəcov qıpqırmızı qızardı. Bu, Ümummilli liderin diqqətindən yayınmadı. O, Telmanın könlünü almağa çalışdı:
- Dediklərim şəxsən sizə aid deyil, təmsil etdiyiniz qəzetə və rəhbərlərinizə aiddir, bunu onlara çatdırarsınız..."Pravda" mənimlə bağlı qarayaxma kampaniyası aparıb, çox böyük ədalətsizlik edib...
Biz Naxçıvana Heydər Əliyevə sual verməyə getmişdik, amma sualları o bizə verirdi...Dörd saatın necə gəlib - keçdiyini hiss eləmədik. Bu böyük insandan ayrılmaq da istəmirdik...Heydər Əliyev dəstəyi qaldırıb kiməsə zəng elədi:
- Şəmsəddin, salam, sən bir mənə de görüm, cəmi ikicə saatlığa Naxçıvanın işıqlarını yandıra bilərsən? Bir qrup jurnalist bizə qonaq gəlib. "Təbriz" mehmanxanasında gecələyib səhər tezdən Türkiyəyə yola düşəcəklər. Sonra, sən belə elə, jurnalist adamdılar, tapşır ki, sərhəddi keçəndə onlardan rüsum almasınlar...
Məlum oldu ki, Heydər Əliyev Naxçıvan Respublikasının baş naziri Şəmsəddin Xanbabayevlə danışır. Heydər Əliyev iki saatlığa işıqların yandırılmasını tapşırmışdı, Şəmsəddin müəllim elə şərait yaratdı ki, işıqlar dörd saat yandı. Biz sərhəddi keçənədək Heydər Əliyevin qayğısını hiss etdik...
CityPost.az həmin görüşdə iştirak etmiş tanınmış şair Şəmsi Vəfadarla əlaqə saxlayıb. Şəmsi Vəfadar Heydər Əliyevlə Naxçıvanda baş tutmuş həmin görüşlə bağlı xatirələrini bizimlə bölüşüb:
“Heydər Əliyev çox diqqətcil şəxs idi. Onunla dəfələrlə rəsmi və qeyri-rəsmi görüşlərimiz olub. Bütün bu görüşlər mənim həyatımda dərin izlər buraxıb .İlk görüşümüz Məzahir Süleymanzadənin də qeyd etdiyi Naxçıvan səfərində baş tutdu. Ümumi görüşdən sonra Milli Lider məni ayrıca qəbul etdi. Heydər Əliyevlə 2 saata yaxın söhbət etdik,maraqlı müsahibə aldım. Həmin dövrdə baş verən ictimai-siyasi hadisələr,Naxçıvanın blokadası müsahibəmizin əsas mövzusu idi. Lakin həmin müsahibəni o vaxtlar mövcud olan qəzetlərin hamısı yayımlamaqdan imtina etdi... Sonrakı görüşlərimizin birində Heydər Əliyev cənabları ondan aldığım müsahibənin niyə Respublika əhəmiyyətli qəzetlərdə çıxmamasının səbəbini soruşdu. Mən ona sözügedən müsahibəni qəzetlərin yayımlamağa cəsarət etmədiyini bildirdim. O vaxtlar Ulu Öndərin müsahibəsini yayımlamaqdan imtina edən qəzetlərin baş redaktorların övladları bu gün yüksək vəzifələrdə çalışır, özləri isə deputat kürsülərində otururlar... Amma, sağolsun ki, Xeyrəddin Qoca o zaman “Korlar Cəmiyyətinin” qəzeti olan “Dan Ulduzu”nda mənim H.Əliyevlə olan müsahibəmi vermişdi... Demək olar ki, Xeyrəddin o zaman həmin qəzeti çəkinmədən Heydər Əliyevin qəzetinə çevirmişdi.
Çinə rəsmi səfərdən foto
Ulu Öndərlə bağlı xatirələrim çoxdur. Onlardan biri də Çinə təşkil olunmuş rəsmi səfər idi. Həmin səfərdə 70-dan çox şəxs iştirak edirdi. H.Əliyev çox səmimi insan idi. Təyyarədə nümayəndə heyəti ilə eyni salonda əyləşmişdi. Uçuş boyu nümayəndə heyəti ilə çox səmimi danışır, onlarla zarafat edirdi. Səfər zamanı Heydər Əliyevlə məşhur Çin səddinə də qalxdıq. Həmin xatirələri heç zaman unutmaram.O, yeganə Türk Dövlət başçısı idi ki, bir zaman türklərə qarşı çəkilmiş səddi fəth edirdi.”,- deyə Şəmsi Vəfadar bildirib.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR