“Bir qrup valideyn Milli Məclisə aylıq uşaq pulunun bərpası üçün məktub göndərdi. Parlamentdə büdcə müzakirələri zamanı uşaq pulunun bərpası məsələsi də müzakirəyə çıxarıldı və bərpa olunacağı vədi verildi”.
Bu barədə Oxu24.com-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib.
O deyib ki, 2019-cu ilin 2-ci ayını bitirmək üzrəyik, amma hələ də uşaq pulunun bərpası ilə bağlı müsbət nəticəyə rast gəlinməyib: “Maliyyə nazirimiz büdcədə vəsaitin azlığını bəhanə gətirirdi. O zaman biz valideynlər sual veririk: büdcədə hansısa mənasız, lazımsız yarışların (Formula-1) keçirilməsinə vəsait tapılır, amma uşaqlaırn sağlam qidalandırılması və böyüdülməsi üçün lazım olan vəsait tapılmırmı?
Növbəti addımımız 500 imza ilə ölkə başçısına müraciətdir. Hazırda imza toplayırıq. Bütün qanuni yollardan istifadə etməklə uşaq pulu bərpa edilənə kimi mübarizə aparacağıq”.
Ə.Vəliyev bildirib ki, valideynlərin dəstəyi olmadan gənc ailələrin dolanması çətinləşir: “2 uşaq atasıyam. Böyük oğlumun 4, kiçik oğlumun 1 yaşı var. İlk övladım doğulanda 90 manat, ikincidə 109 manat birdəfəlik müavinət almışam. O gündən bugünə kimi dövlət dəstəyini hiss etməmişəm. Kirayədə yaşayıram, elmlə məşğulam, AMEA-da aparıcı elmi işçi kimi çalışıram. Maaş çox azdır. Bu yaşda dolanışığıma valideynlərim dəstək olur”.
O, deyib ki, aylıq uşaq pulunun bərpası üçün 100 valideynin imzasıyla Milli Məclisə müraciət edib: “Rayonlardan birinə imtahan üçün getmişdim. Orada imtahana gələn şagirdlər soyuq, şaxtalı gündə qaloşla, paltosuz gəlmişdilər. Geyimləri çox kasıb idi. Digər rayonlarda da bənzər vəziyyəti tez-tez görürəm. Sosial şəbəkələrdə tez-tez imkansızlıqdan uşaq evlərinə, küçələrə atılan uşaqlara, uşaqlarını böyütmək üçün dəstək, kömək istəyən valideynlərə rast gəlirəm. Ona görə də qərara gəldim ki, uşaq pulunun bərpası üçün imza toplayım və Milli Məclisə göndərim. Düşündüm ki, bəlkə yatmış vicdanları oyada bildim.
100 valideynin imzasıyla Milli Məclisə müraciət hazırladım. Müraciətdə 20-dən artıq ölkədə uşaq pulunun miqdarı, xaricdə yeni doğulan uşaqların ailəsinə verilən dəstək, güclü ordu və güclü gələcək üçün sağlam uşaq böyütməli olduğumuz, dövlətin uşaqlara, vətəndaşlarına qayğı göstərməli olması əksini tapmışdı.
Bu müraciətə televiziyalar, saytlar, jurnalistlər, ekspertlər, alimlər, həkimlər, sənət adamları, sadə insanlar çox böyük dəstək verdi, hər kəs təşəbbüsə qoşuldu və uşaq pulunun bərpasının vacibliyini bildirdi.
15-dən artıq millət vəkili dəstək oldu və Milli Məclisdə bu müzakirə zamanı uşaq pulunun bərpasına səs verəcəklərini bildirdilər”.
Ə.Vəliyev deyib ki, qonşu ölkələrdə birdəfəlik müavinətin miqdarı yüksəkdir və hər ay uşaq pulu verilir: “Rusiya, Türkiyə, eləcə də, Qazaxıstan, Ukrayna, Fransa, Finlandiya, İsveç, Belarusiya, Latviya, Avstriya, ABŞ, Böyük Britaniya, Macarıstan, Bolqarıstan, Rumıniya, Almaniya, Belçika, Hollandiya, Polşa, İtaliya, İspaniya və digər bir çox ölkələrdə birdəfəlik müavinətin miqdarı yüksəkdir və hər ay uşaq pulu verilir.
Rusiyada yeni doğulan uşaqlara, hətta ikinci doğulan uşaqlara da əlavə 250 min rubla yaxın vəsait xərclənir. Ancaq bu vəsait birbaşa pul şəklində yox, həmin ailənin sosial vəziyyətinin yaxşılaşdırılmasına və uşağın təhsil xərclərinə yönləndirilir. Türkiyədə yeni doğulan uşağa görə 300 Tl, ikinci uşağa 400 Tl, üçüncü və sonrakılara 600 Tl birdəfəlik yardım edilir. Qız uşaqlarına 18 yaşına qədər 55 lirə, oğlanlara 50 lirə verilir.
Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödənilir. Belarusiyada birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir. Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir. Avstriyada ilk doğulan körpənin 10 yaşına çatana qədər ailəsi 130 avro, 19 yaşına qədər 153 avro alır. Dünyaya gələn ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət verilir. Fransada hətta uşaq dünyaya gəlməmiş anası birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. İki uşaq üçün bu məbləğ 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir. ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollar təşkil edir. Böyük Britaniyada uşağa görə müavinət 500 funt sterlinqdən artıqdır. İsveçdə hər uşaq üçün 18 yaşına qədər 185 dollar müavinət ödənilir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinətlər də verilir. Finlandiyada hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir. Hindistan kimi əhalisi çox olan ölkədə uşaq doğumunu stimullaşdırmaq aktual olmasa da hökumət azuqə çatışmazlığını nəzərə alıb hamilələr və südəmər körpələri olan qadınlara aylıq 99 dollar müavinət ayırmaq, eyni zamanda 14 yaşa qədər uşaqları büdcə hesabına isti yeməklə təmin etmək barədə qərar vermişdir. Azərbaycanda isə doğuşa görə bir dəfəlik müavinət 109 Azn, aylıq uşaq pulu isə ümumiyyətlə ləğv edilmişdir. Gördüyünüz kimi xarici ölkələrdə uşaqlara hansısa formada müavinət ayrılır. Azərbaycanda isə hansısa səbəbdən buna ehtiyac görülmür”. Oxu24.com
ŞƏRHLƏR