Azərbaycandan qadınları Türkiyənin Antaliya şəhərinə apararaq onları cinsi istismara məruz qoymaqda ittiham olunan 37 yaşlı Ülviyyə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi bu günlərdə yekunlaşıb.
virtualaz.org-un xəbərinə görə, Ülviyyə Həsənova İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən ötən il iyunun 23-də saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham irəli sürülüb və Nərimanov rayon məhkəməsi tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib.
İttihama görə, Ü.Həsənova tanışları Aliyə Qurbanova və Səmayə Muradovanı (ad və soyadlar dəyişdirilib-red.) aldadaraq onları Türkiyədə yüksək maaşla işə düzəldəcəyini vəd edib. Həmin qadınları 2016-cı ilin payızında Türkiyənin Antaliya şəhərinə aparıb və əvvəlcədən kirayə tutduğu mənzildə yerləşdirib. Daha sonra hər iki qadını müxtəlif şəxslərlə pul müqabilində görüşdürərək onları cinsi istismara məruz qoyub.
Təqsirləndirilən Ülviyyə Həsənova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Biləsuvar rayonunda kafedə işlədiyi vaxtlar Rəhilə adlı qadınla tanış olduğunu deyib. Aldıqları məvacib onları qane etmədiyindən Türkiyəyə gedərək fahişəliklə məşğul olmaq qərarına gəliblər.
“Rəhilə mənim telefonumdan Türkiyədəki tanışına görüntülü zəng vurub oraya gəlmək istədiyini dedi. Bir müddət sonra mən Bakıya gəlmişdim. Türkiyədən mənə zəng vuran tanışım dedi ki, burada yaxşı işləyib pul qazanmaq olar. Bu barədə Rəhiləyə heç nə demədim. Özüm təyyarəyə bileti alıb Antaliyaya, oradan da taksi ilə Finikiya rayonuna getdim. Orada məni tanışım Osman qarşıladı, kirayə tutduğu evə apardı”, - o ifadəsində deyib.
Ülviyyənin ifadəsinə görə, Osmanın kirayə tutduğu evdə ondan başqa bir neçə azərbaycanlı qadın olub. Həmin evdə digər qadınlarla birlikdə kişi müştərilərə intim xidmət göstəriblər. Ən qəribəsi odur ki, Osman pul müqabilində müştərilərlə görüşdürdüyü Ülviyyə ilə bir müddət sonra özü qeyri-rəsmi münasibət qurub və ona ayrıca ev tutub, birlikdə yaşayıblar. Özü isə “Serpil” ləqəbli türk qadınla birgə qadınları faişəliyə cəlb etməklə məşğul olub.
“Nə Aliyəni, nə də Səmayəni fahişəliyə cəlb etməmişəm. Onları Osmanın kirayə tutduğu evdə tanımışam. Hər ikisi Osmanın nəzarəti altında müştərilərə xidmət ediblər. Onları bu işə mən məcbur etməmişəm. Mən özüm Osman tərəfindən cinsi istismara məruz qalmışam. Sonradan Səmayə türk vətəndaşı ilə evlənib Osmanın yanından getdi”- Ü.Həsənova ifadəsində belə deyib.
Məhkəmə təqsirləndirilən şəxsin dediklərini inandırıcı hesab etməyib və özünümüdafiə məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirib.
Zərərçəkmiş Aliyə Qurbanova ifadəsində çay evində ofsiant işlədiyini, Ülviyyəni də müştəri kimi çay evinə gəlib-gedəndə tanıdığını deyib. Ülviyyə ona Türkiyədə yüksək maaşla işə düzəldə biləcəyini dedikdə maddi sıxıntıları olduğundan razılaşıb: “Mənə təyyarəyə bileti də özü aldı. Birlikdə Türkiəyyə getdik. Orada pasportumu istədi, “oturum” alacağını dedi, inandım, verdim. O gündən məni həmin evdə işlətdi, pasportumu qaytarmadı, məcburən tanımadığım şəxlərlə pul müqabilində görüşmək üçün şərait yaratdı. Onun yanında bir türk kişi də vadı. Bu çirkin əməllərini birlikdə həyata keçirirdilər”.
Ailə üzvlərindən birinin ağır xəstə olduğunu, son günlərini yaşadığını Ülviyəyə deyən Aliyə yalvar-yaxar edərək onu Azərbaycana göndərməsini xahiş edib. Məhz bundan sonra Ülviyyə onun geri qayıtmasına icazə verib. Zərərçəkmiş Ülviyyə ilə barışmadığını, onun qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş edib.
Zərərçəkmiş qismində dindirilən Səmayə Muradova bir neçə dəfə müalicə olunmaq məqsədilə Türkiyəyə gedib-gəldiyini, təyyarədə Rəhilə adlı qadınla tanış olduğunu, aralarında səmimi münasibət yarandığını, bir-birləri ilə telefonla əlaqə saxladıqlarını deyib: “Maddi vəziyytimlə bağlı danışanda Rəhilə dedi ki, Türkiyədə bir tanışı var, mənə iş tapmaqda köməklik edə bilər. Beləcə, Rəhilə məni Ülviyyəyə calaşdırdı. Mən Ülviyyəyə zəng vuranda dedi ki, yaxşı gəlirli işə düzəlməyə köməklik edə bilərəm. Maddi imkanımı nəzərə alıb mənə bilet pulu da göndərdi. Təyyarə ilə Antaliyaya getdim. Hava limanında məni Ülviyyə və “Baba” ləqəbli şəxs (Osmanla birlikdə işləyib-red.) qarşılayıb öz yaşadıqları evə apardılar”.
Səmayə deyir ki, ertəsi gün Ülviyyə onun pasportunu əlindən alıb və özünə də hədə-qorxu gələrək Türkiyədəki işinin kişi müştərilərə intim xidmət göstərməsindən ibarət olduğunu bildirib. Etiraz etdikdə isə “mənə borclusan, dediklərimi eləməzsən, qohumlarına, tanışlarına burada əxlaqsızlıqla məşğul olduğunu deyəcəyəm, səni rüsvay edəcəyəm” deyib. Həmin şəhərdə kimsəni tanımayan, pasportu əlindən alınan, geri qayıtmağa yol pulu olmayan Səmayə məcburiyyət qarşısında qalaraq onunla razılaşıb: “Qızların hansısa Ülviyyənin dediyinə əməl etməyəndə onları döyürdü. Dəfələrlə qızların döyülməsinin şahidi olmuşdum. Ülviyyə məni öz tapdığı müştərilərlə görürşdürürdü. Pulu özü götürürdü. Bir ay orada qaldım. Məni gündə ən azı on nəfərlə görüşdürürdü”.
Anası ilə telefon əlaqəsi saxlayan Səmayə Ülviyyənin onun başına gətirdiyi oyunlar barədə məlumat verib. Qadın özü Ülviyyəyə zəng vuraraq qızını azad etməsini, əks halda barəsində polisə şikayət edəcəyini bildirib. Məhz bundan sonra Ülviyyə qorxuya düşüb və Səmayənin Azərbaycana qayıtmasına etiraz etməyib.
Zərərçəkmiş həmçinin ifadəsində Ülviyyənin yanında qaldığı zamanlar bir türk vətəndaşı ilə tanış olduğunu, başına gələnlər barədə danışdığını, ondan yardım istədiyini, onun köməyi ilə Azərbaycana geri qayıtdığını, sonradan həmin şəxslə rəsmi nikaha daxil olub ailə qurduğunu deyib.
Məhkəmənin hökmü ilə Ülviyyə Həsənova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İ.Rafiqqızı
virtualaz.org
Oxu24.com
ŞƏRHLƏR