Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7714
az

“Səndən olmayan övlad, mənə lazım deyil” – Milyonların sevimlisi Fəxrəddin Manafovun həyat hekayəsi

19:1406 Dekabr, 2018
902
ŞOU-BİZNES
  • A
Oxu24.com bildirir ki, Azxeber.com hər həftənin cümə axşamı oxucuların görüşünə gələn "Bizim qonaq” rubrikasını davam etdirir.

Rubrikada oxucular məşhurların keçdiyi həyat yolundan xəbər tutacaqlar. Rubrikanın növbəti qonağı xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafovdur.

Fəxrəddin Manafov kimdir?

"Onlar otağa daxil olan kimi bütün yerdə qalan adamlar ikinci plana keçir. Çox gözəl yumor hissləri var, eyni zamanda özlərini tənha hesab edərlər”. Söhbətin kimlərdən getdiyini yəqin anladınız. Söhbət "Şirlər”dən gedir. Bu zodiak nişanın təsiri altında dünyaya gələn insanlarla münasibəti aydınlaşdırmaq üçün astroloqların cızdığı "yol xəritəsi”ndə belə deyilir.

Fəxrəddin Manafov da bu bürcün hakim olduğu dövrdə - 2 avqust 1955-ci dünyaya gəlib. Hazırda işğal altında olan Xankəndində doğulub boya-başa çatan aktyor mətbuata müsahiblərində ən böyük arzusunun Qarabağa qayıtmaq olduğunu bildirib. 63 yaşlı aktyorun bu arzusunun həyata keçməsi təkcə onun deyil, dövlətini, xalqını, millətini sevən hər bir azərbaycanlının arzusudur.

1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən F.Manafov 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1977-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir. 1987-ci ildə Azərbaycan SSR-nin əməkdar artisti, 2000-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülub. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

O, sadəcə obraz yaratmırdı, onu yaşayırdı

Fəxrəddin Manafov indiyə qədər 50-yə yaxın film və seriallarda rol alıb. Özünəməxsus obrazları canlandıran F.Manafov nəinki öz üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirib, peşəkar və məharətli yanaşması ilə həmin film və seriallara xüsusi populyarlıq qazandırıb. Məhz elə bu səbəbdən peşəkar rejissorlar ona etimad göstərir, onu öz filmlərinin qəhrəmanına çevirirdilər. Dünya şöhrətli rejissor Rasim Ocaqovla yaratdığı filmlər isə nəinki Azərbaycanda, ölkəmizin sərhədlərindən kənarda da sevə-sevə izlənilir.

"Təhminə” filmi Zaur obrazını canlandıran aktyorun tərəf müqabili Təhminənin (Meral Konrat) melodram həyatından bəhs edir. Məhəbbət dramı onları mühafizəkar cəmiyyətlə qarşı-qarşıya gətirir. Tanınmış professor Zeynallının (Həsən Məmmədov) oğlu atası və anası olmayan Təhminəyə aşiq olur. Milyonlarla insanın indi də sevə-sevə izlədiyi bu film acı sonluqla bitir və Zaurun sevgisini öz üzərində hiss etməyən Təhminənin vaxtsız ölümü ilə nəticələnir.

"Otel otağı” filimində isə dövründə yaşayan alimin başına gələnlərdən bəhs olunur. Məişət problemləri ilə yüklənən, lakin buna baxmayaraq, öz ləyaqətini qorumağa çalışan Kərim müəllim çıxış yolu olaraq ölkəni tərk edir. Türkiyədə işləyib, öz zəhməti ilə qızını gəlin köçürəcəyinə ümid edən professor burada həyatın daha amansız "sifəti” ilə qarşılaşır və aldığı psixoloji zərbələr onun elə oradaca ölümü ilə sonunclanır. Mistik bir otel otağında dünyasını dəyişən professorun son sözü isə daha təsirli olur: "Axı mən qızımı gəlin köçürməliydim”.

Mistika, yoxsa reallıq: Qəribə rollar və qəribə tale...

Bəzən insanlara elə gəlir ki, filankəs xoşbəxt adamdır, nəyi çatmır ki?! Adı-sanı var, hamı tanıyır, müəyyən şərait qurub, daha bundan artıq nə etməlidir ki? Lakin bir insanın həyatına bələd olmayınca onun nələr çəkdiyini, hansı çətinliklərdən keçdiyini anlamaq olur. Bəlkə də, rollarda canlandırdığı obrazlar və bu obrazlar araxasında gizlənən fərqlilik Fəxrəddin Manafovun həyatında baş verənlərin doğurduğu nəticədir? Bəlkə də, o sadəcə rol oynayır və bunun onun yaşadıqlarına heç bir aidiyyatı yoxdur? Bəlkələr çoxdur... Ancaq və lakin reallıq odur ki, qızların "aşiq olduğu” Fəxrəddin Manafovun həyatı heç də rəvan və asan keçməyib.

Bu məqamda qeyd edək ki, Fəxrəddin Manafovun qardaşı Marat Manafov ölkənin ən tanınmış sahibkarlarından olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində Avropada neft ticarəti ilə məşğul olan M.Manafovun sonu da yaxşı olmayıb. Slovakiyada "Marat" futbol klubunu yaradan Marat Manafov neft kontraktları ilə bağlı ilkin danışıqları aparıb. Daha sonra müəmmalı şəkildə Çexiyada yoxa çıxıb. Onun boş BMV-sini işlək vəziyyətdə tapıblar. İndiyə qədər nə baş verdiyini heç kim bilmir.

Fəxrəddin Manafov 30 ildən artıq AZTV-nin diktoru olmuş Vera (Vahidə) Manafova ilə ailəlidir. Yaxınlarda sosial şəbəkələrdə yayılan informasiya isə onların "məhəbbət hekayəsi”ni heç də Manafovun rol aldığı filmlərdən fərqləndirmir. Bəlkə də, o rollardakı personajlardan daha səmimidirlər. Məlumatlarda qeyd olunurdu ki, uzun illərdir ailəli olmasına baxmayaraq, cütlüyün övladı yoxdur. Hətta xanımı aktyora "Get evlən, övladın olsun” desə də, "Səndən olmayan övlad mənə lazım deyil” deyərək, bu müzakirələrə birdəfəlik yekun vurub.

Ötən ay Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku Magazine” jurnalının baş redaktoru Leyla Əliyeva tanınmış aktyordan rəhbəri olduğu jurnal üçün müsahibə götürüb. Müsahibədə bir çox mətləblərə aydınlıq gətirən Fəxrəddin Manafovun söylədiyi fikirlər gənclərə örnək ola bilər. Böyük sənətkar deyir: "Məni məndə demə, Məndə deyiləm, Bir mən vardır məndə, məndən içəri”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
“Nişanlımla “TikTok”da oyun oynayaraq tanış oldum” - FOTO
Murad Dadaşovun oğlu nişanlandı.